Azərbaycanın 25 ildir itkin düşən polisləri - FOTOLAR
Hansının qapısını döyüm? Nədən başlayım? İynə, sap, qızıl-gümüş, var-dövlət itirməyiblər ki... Övlad itiriblər, övlad...
Əlimin altındakı telefon nömrələrini yığmağa, xəttin o başından gələn səsin sahibinə “Siz filankəsin atası, filankəsin anasısınızmı” deməyə özümdə güc tapa biləcəyəmmi? Və yaxud da artıq bir qərinəyə yaxın dözümün dizlərini qatlayan, səbirlə, inadla yol gözləyən, yerdən-göydən, güman gələn hər şeydən ümid dolu bir səs eşitməyə tamarzı olanlarla mənə ağrının dilində danışmaq çətin olmayacaqmı? Neçə müddətdir ki, bu sualın qarşısında acizəm. Sual vermək qədər qorxduğum heç nə yoxdur indi...
Nə qədər çətin olsa da onların yolunu gözləyənlərə unudulmadıqlarını, daim xatırlandıqlarını bildirməliyəm. Cəsarətlənib telefon nömrəsini yığdım. Xəttin o başından gələn səsi eşitdikdən sonra dəstəyi tələsik asmağa məcbur oldum. Ən xoşbəxt səslərin içində belə dərdli insanın səsi o dəqiqə hiss olunurmuş sən demə. Səs də dərddən əyilərmiş, İlahi...
Bir anlıq bu səsin sahibini xəyalımda canlandırmağa başladım. Təkcə qulaqları ilə deyil, bəlkə də gözləməkdən nuru getmiş gözləri ilə də övladı haqqında bu neçə illərdən sonra xoş və bəd xəbər eşitməyə möhtac bir ana. Di, oğulsan, danış, dinlə və təsəlli ver...
“Nizami” metrostansiyasının qarşısında məni gözləyirdi. Allah bilir hansı gözləntilərlə gəlmişdi...
-Ay nənə, bayaq sizinlə danışan mən idim. Yayın bu istisində sizə əziyyət verdim.
- Ay bala, nə əziyyət, təki xoş bir xəbər eşidək...
İlahi, qulaqlarıma inana bilmirdim. Onlar hələ də ümidlərini itirməyiblər. Bu fağır, dərdli ana kimi gör neçələri itkin düşən oğul, qız, ata, ana, qardaş, bacı yolu gözləyir.
Çıxılmaz vəziyyətdə qalmışdım. Daxili İşlər Nazirliyindən gəldiyimi bilən anaya xoş və ya bəd xəbər gətirməmişdim. Əksinə, onun dərdini bölüşməyə, acısını dindirməyə, ciyərparası Məmmədi daha yaxından tanımağa gəlmişdim.
Polis kiçik serjantı Məmmədov Məmməd Adil oğlu 1969-cu il oktyabrın 31-də Bakı şəhərində doğulub. Hərbi xidməti başa vurduqdan sonra 1990-cı ildə daxili işlər orqanlarına qəbul olunub. İlk xidmət yeri Yasamal Rayon Mühafizə İdarəsi olub. Qarabağ uğrunda o da hər bir polis əməkdaşı kimi ön sıralarda döyüşüb. 1993-ci ililn iyun ayının 12-də Ağdamın müdafiəsi zamanı itkin düşüb. Məmmədin qardaşı İlqar da Ağdarənin müdafiəsi zamanı minaya düşüb və ağır bədən xəsarətləri alıb...
Xatirələrini keçmiş zamanda danışmayan 80 yaşlı Lətifə xanımın şəklini çəkəndə: “Məmmədi tapsanız bu şəklimi göstərərsiniz ona” dediyi sözlərin ağırlığına dözə bilmədim və qəhər boğazımda düyünlənib məni boğdu...
Natavan Cəfərovanın da düz 25 ildir ki, gözləri yol çəkir. Ömür-gün yoldaşı Ərfuzdan 25 ildir ki, xəbər yoxdur. O, artıq babadır və qızı Xanımın balası onu bundan sonra ağlı-qaralı şəkillərdə görəcək, haqqında danışılan xatirələrdən boylanan babasının xəyalı ilə həmsöhbət olacaq.
Polis baş serjantı Cəfərov Əfruz Mahmud oğlu 1962-ci il iyun ayının 8-də Masallı rayonunun Ərkivan kəndində doğulub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitunu bitirib. Nəsimi Rayon Polis İdarəsinin Post-Patrul Xidməti Alayının əməkdaşı olub. 1992-ci il aprelin 28-də cəbhəyə könüllü gedən Əfruz Şuşanın müdafiəsi uğrunda gedən döyüşlərdə itkin düşüb...
Xatırladım ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı əsir, itkin düşmüş və girov götürülmüş soydaşlarımızın sayı 4035 nəfərdir. Onlardan 3263 nəfəri hərbiçi, 771-i isə mülki şəxslərdir. Üç nəfərin isə hərbiçi və ya mülki olduğu məlum deyil. Mülki şəxslərin 255 nəfəri qadın, 353 nəfəri yaşlı şəxslərdir. Mülki şəxslərdən 46 nəfəri itkin düşərkən yetkinlik yaşına çatmamış uşaqlar olmuşdur (onların 16 nəfəri azyaşlı qız).
Yeri gəlmişkən, Qarabağ uğrunda gedən döyüşlərdə 14 nəfər polis əməkdaşı itkin düşüb.
Biz itirdiklərimizi təkcə 30 avqust “Beynəlxalq İtkinlər Günü”ndə deyil, hər gün, hər an xatırlayır, yada salır və unutmuruq.
Hafiz Təmirov,
polis mayoru