Bakıda polisə hücumlar niyə artıb?

Yol polisi 19 Oktyabr 2017 13:44 Oxunub 1450
Bakıda polisə hücumlar niyə artıb?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Polisin qanuni tələbinə tabe olmayan şəxslərin keçmişinə baxın”

Hər gün kütləvi informasiya vasitələrində müxtəlif səpkili cinayətlərin baş verdiyinə dair xəbərlərə rast gəlirik. Onların içərisində heç də alışmadığımız xəbərlər polis əməkdaşlarına qarşı cinayətlərin törədilməsi ilə bağlıdır. Belə faktlardan biri oktyabrın 14-də Bakının Nizami rayonunda qeydə alınıb. Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Qədirov Elsəvər Maksim oğlu və Səbail RPİ-nin əməliyyat üzrə rəis müavini polis zabiti Orxan Axundzadə şübhəli şəxslərin olduğu "Toyota Prado" markalı avtomobili izləyib.

Qara Qarayev prospekti, "Ruslan 93" idman kompleksinin qarşısında polis zabiti Orxan Axundzadə "Toyota"ya yaxınlaşıb. Avtomobildə olan 3 şübhəli şəxsdən biri "Vinçestr" markalı odlu silahdan polislərə atəş açıb. Bu zaman polislə şübhəli şəxslər arasında atışma olub. Nəticədə onlar polisdən qaça biliblər. O.Axundzadə yaralanaraq M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə yerləşdirilib. Cinayət əməllərini törətməkdə şübhəli bilinənlər - 1992-ci il təvəllüdlü Abbasov Kazım Tapdıq oğlu, əvvəllər məhkum olunmuş - 1982-ci il təvəllüdlü İsmayılov Məhəmməd Həsən oğlu və 1976-cı il təvəllüdlü, Həsənov Emin Vaqif oğlunun olması müəyyən edilib. Onlar Cinayət Məcəlləsinin 221.2.1, 221.3, 29, 120.2.3 və 315.2-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddələri ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.

Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan hüquqşünas Şəmsəddin Əliyev deyib ki, hər bir faktı dəqiqliyilə izləyir: “Polisin qanuni tələbinə tabe olmayan şəxslərin keçmişinə baxın. Onların əksəriyyəti qəsdən törədilən cinayətlərə görə əvvəllər də məhkum olunmuş şəxslərdir. Əksəriyyəti öz hərəkətlərini, davranışlarını qəlibə sala bilməyənlərdir. Həmin insanlar cəmiyyət üçün kifayət qədər zərərli subyektlərdir. Onlar öz hərəkətlərini ölçüb-biçə bilmir, qanunun tələblərinə riayət etmir, azad vətəndaş cəmiyyətinin nə olduğunu anlamır. Məhz bu tip insanlar istər sadə vətəndaşa, istərsə də hakimiyyət nümayəndələrinin qanuni tələblərinə qarşı çıxırlar.

Bunların qəsdən törədilən əməllərə meylləri həddən artıqdır. Onlar polisin kim olduğunu yaxşı anlayır, amma ona qarşı həqarət, cinayət yolunu tuturlar. Bu insanlar sağlam düşüncəli deyil. Mən onları cəmiyyətin səfil uşaqları adlandırıram. Bu tip insanlara azadlıq yaramır ki, başlarını aşağı salıb çörək qazansınlar.

Tutaq ki, hüquq-mühafizə orqanın əməkdaşı hansısa regionda dislokasiya üzrə təhlükəsizliklə bağlı xidməti vəzifəsini həyata keçirir, vətəndaşa özünü təqdim edir. Vətəndaşdan təhlükəsizliklə bağlı qaydalara riayət edilməsi tələb olunur, o isə dərhal qanunsuz əmələ əl atır. Təbii ki, təəssüf doğuran məqamdır”.

Ş.Əliyev qeyd edib ki, bəzi şəxslər cəzaçəkmə müəssisələrində də islah olunmurlar:

“Cəza dövlətin adından hakim tərəfindən ayaq üstə elan olunur. Bu hökmü oxumaqda birinci məqsəd sosial ədalətin bərpa olunmasıdır. Yəni cinayətkarın özü də, ətrafı da başa düşsün ki, doğurdan da kəsilən cəza ədalətin təcəssümü kimi tətbiq olunub. İkinci məqsəd şəxsin pis əməllərdən çəkindirilməsi, islah olunmasıdır. Üçüncü məqsəd baş verə biləcək cinayətlərin qarşısının alınmasına yönəldilib. Faktiki olaraq, görünən odur ki, şəxslərə verilən cəza ya səmərəsizdir, ya da şəxslər islah olunmağa meylli deyillər. Bu səbəbdən də cəza çəkməkdən çəkinmirlər. Cəzanın humanistləşdirilməsi bu cür şəxslərə qarşı tətbiq olunmamalıdır. İnsanın əsas islahı ailədən başlayır. Əgər yaxınları onu düzgün yola gətirə bilmirsə, cəzaçəkmə müəssisəsində də islah olunmurlarsa, deməli onlar öz həyatlarını həbsxana divarları arasında keçirmək istəyirlər”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh