Bakıdakı qəzaların 63 faizdən çoxu piyadavurma hallarıdır – RƏSMİ - VİDEO

Yol polisi 15 Aprel 2026 13:00
Bakıdakı qəzaların 63 faizdən çoxu piyadavurma hallarıdır – RƏSMİ - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycanda piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələri ciddi narahatlıq doğurur.

Avtosfer.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev “İctimai TV” efirində açıqlama verib.

Onun sözlərinə görə, respublika üzrə ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinin təxminən yarısı məhz piyada vurma hallarıdır. Paytaxtda isə bu göstərici daha yüksəkdir və 63%-dən artıq təşkil edir.

Rövşən Tağıyev bildirib ki, piyada vurma hadisələrinin əsas səbəblərindən biri piyadaların yol hərəkəti qaydalarını kobud şəkildə pozmasıdır. O qeyd edib ki, bu cür hadisələr çox vaxt piyada keçidlərinin yaxınlığında baş verir. Xüsusilə çoxzolaqlı və yüksək sürətli yollarda yerüstü keçidlərin olduğu ərazilərdə bəzi piyadalar keçiddən istifadə etmədən qəfil yola daxil olur və bu da sürücülərin reaksiya verməsini çətinləşdirir.

Onun sözlərinə görə, aparılan təhlillər göstərir ki, bir çox hallarda piyadalar öz təhlükəsizliklərini gözləmir, yolu qaçaraq və ya diqqətsiz şəkildə keçirlər. Bəzən bir nəqliyyat vasitəsi piyadaya yol versə də, digər zolaqda hərəkət edən sürücü bunu görmür və nəticədə qəza baş verir.

Rövşən Tağıyev vurğulayıb ki, avtomobil texniki vasitədir və onun dayanma məsafəsi, sürücünün reaksiyası kimi amillər var. Bu səbəbdən piyadalar hərəkət zamanı daha diqqətli olmalı və ilk növbədə öz təhlükəsizliklərini düşünməlidirlər.

O əlavə edib ki, bu tip qəzalarda ən çox zərər çəkən tərəf məhz piyadalardır. Buna görə də piyadalar sürücülərin onları görüb-görməməsindən asılı olmayaraq, məsuliyyətli davranmalı və yol hərəkəti qaydalarına ciddi riayət etməlidirlər.

Eltac Zülfüqaroğlu

Oxunub : 542
ŞƏRH YAZ
Ad

E-mail

Şərh