Bakının polis rəisi yol qəzalarından və qayda pozan sürücülərdən danışdı

Yol polisi 22 Yanvar 2016 18:40 Oxunub 2044
Bakının polis rəisi yol qəzalarından və qayda pozan sürücülərdən danışdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Mirqafar Seyidov: «Yol-nəqliyyat hadisələrinin, həlak olanların və xəsarət alanların sayı azalıb»

Yanvarın 22-də daxili işlər naziri, general-polkovnik Ramil Usubovun iştirakı ilə Bakı Şəhər Baş Polis İdarəsində 2015-ci ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib. Avtosfer.az saytı xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov hesabat dövründə cinayətkarlıqla mübarizə, ictimai qaydanın və təhlükəsizliyin təmini, xidməti fəaliyyətin digər sahələrində həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış edib. O deyib ki, paytaxtda Daxili İşlər Nazirliyi və Prokurorluq üzrə 11.753 cinayət qeydə alınıb ki, onların da 81,5 faizi az ağır və böyük ictimai təhlükə törətməyən, 18,5 faizi isə ağır və xüsusilə ağır növlər olub. 2014-cü illə müqayisədə ötən il qəsdən adam öldürmələr 16,5 faiz, qəsdən sağlamlığa ağır zərər vurmalar 19 faiz azalıb.  Cinayətlərin 75,2 faizinin, ağır növlərinin 76,7 faizinin, qeyri-aşkar şəraitdə baş verənlərin 62,7 faizinin açılması təmin olunub. Şəxsiyyət əleyhinə olan 1.817 cinayətdən 94 faizi, o cümlədən qəsdən adam öldürmələrin 98,7 faizi, adam öldürməyə cəhdlərin 96,7 faizi açılıb.

Müqayisə edilən dövrə nisbətdə ümumi cinayətlərin açılması 3,5 faiz, onların ağır və xüsusilə ağır növlərinin açılması 1,8 faiz, şəxsiyyət əleyhinə olanların açılması 2,1 faiz, o cümlədən qəsdən adam öldürmələrin açılması 7,4 faiz, mülkiyyət əleyhinə olan cinayətlərin açılması 6,6 faiz, avtonəqliyyatın qaçırılması faktlarının açalması 7 faiz, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılması 2,5 faiz yaxşılaşıb. Cinayətlərin profilaktikasında və açılmasında müasir informasiya texnologiyalarının tətbiqinin böyük əhəmiyyəti olub. Baş İdarənin və ərazi polis orqanlarının “Təhlükəsiz şəhər” xidmətinin operatorları tərəfindən 2.661 hadisə aşkarlanıb, kameraların arxiv görüntülərindən istifadə edilməklə 274 bağlı cinayət açılıb. Təqsirləndirilən şəxs qismində axtarışda olanların 72,4 faizi, ağır və xüsusilə ağır cinayətlərə görə axtarılanların isə 60 faizi tutulub. Bununla yanaşı, 96 soyğunçuluq və quldurluq cinayəti törətmiş 129 nəfərdən ibarət 59, eləcə də mənzillərdən 123 oğurluq törətmiş 105 nəfərdən ibarət 43 cinayətkar qrup ifşa olunub. Aşkar edilmiş 1254 fakt üzrə qanunsuz dövriyyədən 255 kiloqramdan çox narkotik vasitə çıxarılıb.

Hesabat dövründə 54 odlu silah, 11 qumbara, 3.139 ədəd döyüş patronu yığılıb, əməliyyat yolu ilə qanunsuz saxlanılan və gəzdirilən 31 odlu silah götürülüb. Bildirilib ki, 2015-ci ildə paytaxtın polis orqanlarının istintaq qurumları tərəfindən istintaqı tamamlanmış cinayət işləri üzrə vətəndaşlara vurulmuş maddi ziyanın 83,7 faizi ödətdirilib.

Paytaxt ərazisində baş vermiş 667 yol-nəqliyyat hadisəsində 202 nəfər həlak olub, 850 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Əvvəlki dövrlə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 19,7 faiz, həlak olanların sayı 30,8 faiz, xəsarət alanların sayı 4,9 faiz azalıb.

Yol hərəkətinə nəzarət prosesində 18,0 faiz çox və ya 883.907, o cümlədən sürət rejiminə əməl olunmaması ilə bağlı 6.822, ötmə və manevr qaydalarının pozulması ilə əlaqədar 4.564, nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə olunması ilə bağlı 7.831 inzibati xəta aşkar edilib. Nəticədə həm ümumi qayda pozuntularının, həm də kobud qayda pozuntularının aşkarlanması artıb, habelə 134 avtoxuliqan barəsində qanunauyğun tədbirlərin görülməsi təmin edilib. Bütövlükdə inzibati xətaların profilaktikası, onları törətmiş şəxslərin məsuliyyətə cəlb olunması sahəsində fəaliyyət gücləndirilib. Polis sahə rəisləri və inspektorları tərəfindən 55.835 protokol tərtib olunub, 627 münaqişəli ailə profilaktiki uçota götürülüb. Mülkiyyət əleyhinə olan cinayətlərin, o cümlədən mənzillərdən  edilən oğurluqların qarşısının alınmasında mühüm rol oynayan mühafizə-siqnalizasiya vasitələrinin tətbiqi üzrə təbliğat işinə də diqqətlə yanaşılaraq 475 müraciətin icrası təmin olunub. 

Qeydiyyat və şəxsiyyət vəsiqəsi xidməti tərəfindən ümumilikdə 62.625 nəfərə şəxsiyyət vəsiqəsi verilib. 

Məruzəçi deyib ki, hesabat ilində vətəndaşların ərizə və şikayətlərinə baxılması, onların qəbulu işi ciddi nəzarətdə saxlanılıb. Baş Polis İdarəsinə 17.926 ərizə və müraciət daxil olub, 2.238 vətəndaş qəbul edilib. Müraciətlərin 1.744-ü Nazirliyin və Baş İdarənin rəhbərliyi tərəfindən nəzarətə götürülüb. 

Müşavirəyə yekun vuran nazir 2015-ci ildə paytaxtın polis orqanlarının cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsindəki fəaliyyətini ümumən müsbət qiymətləndirib, konkret tapşırıq və tövsiyyələrini verib.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh