Bayramda polisin yubiley sevinci - FOTO

Yol polisi 8 Mart 2018 00:56 Oxunub 2140
Bayramda polisin yubiley sevinci - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Polis uşaqların gözü ilə” adlı təntənəli mərasim keçirilib

Novruzun müjdəçilərindən olan Od çərşənbəsi günu-martın 6-da Xətai rayonundakı 263 saylı məktəbdə əsil bayram ab-havası vardı. Məktəb binasının girişindən tutmuş, ta ən üst qatındakı otağacan hər tərəf Novruz rəmzləri ilə süslənmişdi. Paxlava, şəkərbura, qoğalla, əlvan yumurtalarla bəzədilmiş xonçalar, müxtəlif biçimli səmənilər ürəyə fərəh verirdi. Həmin gun məktəbdə Azərbaycan Polisinin yaranmasının 100 illiyi munasibətilə “Polis uşaqların gözü ilə” adlı təntənəli mərasim keçiriləcəkdi...

Tədbir bayragımızın məktəbin akt zalına gətirilməsi ilə başladı. Dövlət himnimiz səsləndi.

Sonra torpaqlarımızın müstəqilliyi uğrunda şəhid olanların, eləcə də cinayətkarlarla mübarizədə canlarından keçmiş daxili işlər orqanları əməkdaşlarınin əziz xatirəsi bir dəqiqə sükutla yad edildi.

Bayram tədbirində Xətai Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Muradəli Babayev,  şəxsi heyət uzrə rəis köməkçisi, polis polkovnik-leytenantı İdris Məhərrəmov, Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov, Bakı Şəhər Təhsil Şöbəsinin nümayəndəsi Rəhman Baxşəliyev, polis əməkdaşları, veteranlar, valideynlər iştirak edirdilər. 

Əvvəlcə tədbiri açan məktəbin direktoru Nurqələm Bayramova polisin cəmiyyətimizdəki mövqeyindən danışdı, onun çətin və şərəfli xidmət yolu keçdiyini xatırlatdı. Qeyd olundu ki, Azərbaycan Polisi bu gün də sabitliyin, dövlətçiliyin keşiyində ayıq-sayıq dayanır, xalqına gecəli-gündüzlü şərəflə xidmət edir. 

Sonra bədii hissə başladı. Məktəbin müəllim və şagird kollektivinin iştirakı ilə polisin ayrı-ayrı xidmət sahələrinə həsr olunmuş bir-birindən maraqlı səhnəciklər gəstərildi. Bu tamaşalar qonaqların gur alqışları ilə müşayət olundu.

RPİ-inin rəisi, polis polkovniki Muradəli Babayev məktəb rəhbərliyinə və şagirdlərə minnətdarlığını bildirərək dedi ki, zəngin  tarixi olan Azərbaycan Polisi öz peşə bayramını 1998-ci ildən ulu öndər Heydər Əliyevin sərəncamı ilə qeyd edir. Ümummilli lider daim polisin  fəaliyyətinə önəm verib, sabitliyin  qorunub-saxlanmasında, cinayətkarlığa qarşı mübarizədə daxili işlər orqanlarını həmişə yüksək qiymətləndirib. Azərbaycan Polisi də dövlətə, xalqa, peşə borcuna sadiqlik nümayiş etdirərək mühüm vəzifələrin öhdəsindən layiqincə gəlib. 

Xidmətə hazırlığın yüksəldilməsi, intizamın möhkəmləndirilməsi, mənəvi-psixoloji durumun yaxşılaşdırılması, sosial müdafiənin gücləndirilməsi, peşəkar kadr özəyinin yaradılması da ulu öndərin adı ilə bağlıdır. Bu siyasət möhtərəm Prezidentimiz  İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan Polisi cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və təhlükəsizliyin təminində, sabitliyin yaradılmasında əsl qətiyyət, əzmkarlıq və yüksək peşəkarlıq göstərir.

Vurğulandı ki, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrundakı döyüşlərdə daxili işlər orqanlarının şəxsi heyəti 1695 şəhid verib, 1710 əməkdaş yaralanıb, 67 nəfər “Milli Qəhrəman” adına layiq görülüb, onlarla əməkdaşımız cinayətkarlıqla mübarizədə canını, sağlamlığını qurban verib.

Polis polkovniki M.Babayev polisin fəaliyyəti ilə daha yaxından tanış olmaları üçün məktəbliləri RPİ-yə dəvət etdi.

Tədbirə dəvət olunmuş qonaqlar da polisimizin fəaliyyətini yüksək qiymətləndirdilər, yubiley ilində həmkarlarımıza yeni xidməti uğurlar arzuladılar.

 

Çingiz Şıxverdiyev,

DİN Mətbuat Xidmətinin əməkdaşı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh