Bəzi sürücülər poçtalyonu təhqir edib qapıdan qovur – DYP görüş keçirdi
Son zamanlar yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi ilə bağlı yol polisləri tərəfindən keçirilən zəruri tədbirlərə baxmayaraq elektron protokollarla bağlı vətəndaşlara göndərilən bildirişlərin ünvana çatmaması barədə informasiyalar yayılır. Vətəndaşlar bəzən şikayət edirlər ki, onların ünvanına məktub gəlmədiyi halda cərimələr sistemə vurulub və ardınca da 2 ay sonra avtomobilin saxlanılması, 3 ay sonra isə sürücünün sürücülük hüququnun məhdudlaşdırılması barədə qərar çıxarılıb. Belə halların qarşısının alınması, sürücülərə törətdikləri inzibati xətalarla bağlı məlumatların düzgün və vaxtında çatdırılması məqsədilə Nərimanov rayonu Polisi İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin təşkilatçılığı ilə “Azərpoçt” MMC-nin rəhbər heyəti və işçilərinin iştirakı ilə tədbir keçirilib. Görüşdə “Azərpoçt” MMC-nin 6 saylı filialının rəisi Samir Həsənov, “Azərpoçt”un şöbə rəisi Adil Rəhmanov, bir sıra poçt rəisləri, poçt işçiləri və poçtalyonlar iştirak ediblər.
Tədbirdə çıxış edən Nərimanov rayon DYPŞ-nin inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru Şamxal Əliyev bildirib ki, bu ilin 9 ayı ərzində sürücülərə rayon üzrə 91 minə yaxın elektron protokol göndərilib. Lakin protokolların sürücülərə çatdırılmasında müəyyən problemlər yaranıb: “Bəzən sürücülər ünvanda tapılmır, qeydiyyatda olduğu ünvanda yaşamayanlar, başqa yerə köçənlər olur. Poçt işçiləri də onları tapmaqda çətinlik çəkir. Lakin onların arasında işinə məsuliyyətsiz yanaşanlar da olur. Poçtalyonlar bizə doğru məlumat vermədiyi üçün bizim qəbul etdiyimiz qərarlar bəzən sürücüləri narazı salır. Ona görə də, poçtdan bizə dəqiq məlumat verilməlidir ki, biz də ona uyğun qərar qəbul edək. Protokol vətəndaşa çatdırılırsa biz bunu bilməliyik. Çatdırılmırsa, onu ünvanda tapmaq mümkün deyilsə o zaman yolda saxlanılıb protokolları təqdim etmək barədə qərar qəbul edirik. Bütün hallarda, poçt işçiləri yol polisinə dəqiq məlumat verməlidir”.
Şamxal Əliyevin dediyinə görə, poçtolyonların da üzləşdiyi problemlər olur. Lakin onlar bu barədə hüquq-mühizə orqanlarına məlumat vermirlər: “Sürücü evdə ola-ola “get de ki, evdə yoxdur” deyirsə, bu barədə sahə müvəkkilinə məlumat vermək lazımdır. Əgər sürücü poçtalyonu söyüb təhqir edirsə, yenə də polisə xəbər vermək vacibdir”.
Görüşdə çıxış edənlər bildirdilər ki, bəzi hallarda yol polisi tərəfindən göndərilən bildirişləri təqdim edən poçtalyonlara qarşı vətəndaşlar tərəfindən kobudluq nümayiş etdirilir. Belə ki, ya vətəndaş qapını açmır, yaxud da bildirişi qəbul etməkdən imtina edir. Bir sıra hallarda isə poçtalyonlar hətta təhqirə də məruz qalır. Bəzən isə poçtolyonlar vətəndaşın təsirinə düşür və yalandan onu evdə tapa bilmədiyini deyir.
Bütün bunları nəzərə alaraq yol polisi poçtalyonlara öz hüquq və vəzifələrindən istifadə etməyi, bu cür hallarla qarşılaşacaqları təqdirdə mütləq şəkildə polisə müraciət etməyi tövsiyə edib.
Görüşdə o da bildirilib ki, vətəndaşın bildirişdən imtina etməsi, yaxud hər hansı səbəbdən onu qəbul etməməsi sonda yol polisləri ilə elə həmin vətəndaş arasında narazılığa səbəb olur. Belə ki, qanunvericiliyin tələblərinə uyğun olaraq bildiriş məktubu vətəndaşa mütləq təqdim edilməlidir. Əgər bu, poçt vasitəsi ilə alınmırsa yol polisi sürücünü yolda saxlayıb protokolu təqdim edir. Bu isə bir çox hallarda sürücülərin narazılığına səbəb olur.
Görüşdə o da qeyd edilib ki, bəzən poçtalyonlar da məsuliyyətsizlik edərək məktubu ünvana çatdırmır, yaxud çatmaması barədə yol polisinə məlumat vermir. Nəticədə vətəndaşın cəriməsi sistemə vurulur. Vətəndaş isə bundan xəbərsiz olduğu üçün cəriməni ödəmir. Sonda isə sürücülük hüququn məhdudaşdırılması, yaxud əlavə dəbbə pulu, cərimə meydançasına aparılması ilə qarşı-qarşıya qalırlar.
Bir çox hallarda isə vətəndaşlar məktubu almamaq üçün müxtəlif üsullardan istifadə edirlər. Məsələn, poçtalyonlarla dialoqa girir, onlara müəyyən məbləğ təklif etməklə guya evdə olmaması və məktubu almaması barədə məlumat vermələrini istəyirlər. Yol polisi bu cür fəaliyyətlə məşğul olan poçtalyonlara da xəbərdarlıq edib. Bildirilib ki, bu cür hallar aşkarlandığı təqdirdə həmin şəxslər ciddi cəzalanacaqlar.
Görüşdə cari ildə Nərimanov rayonunda 90 min 500 dən artıq bildirişin vətəndaşları göndərildiyi qeyd edilib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, vətəndaşlara bildirişlilərin vaxtında çatdırılması işinin səmərəli təşkili vacib məsələdir. “Vətəndaş bildirişi vaxtında almayanda, yaxud bilərəkdən imtina etdikdə, eyni zamanda poçtalyonun məsuliyyətsizliyi nəticəsində bu hallar baş verdikdə yol polisi ilə vətəndaş arasında anlaşılmazlığa, problemlərin yaranmasına səbəb olur”.
O bildirib ki, ünvana göndərilən məktubun vaxtında qəbul edilməsi vətəndaşın özünün xeyirinədir: “Çünki yol polisi onu yolda saxlayır. Əlavə vaxt sərf edib protokolu printer vasitəsilə çap edir. Əslində bu elə vətəndaşın özünün-özünə əlavə problem yaratmasıdır. Çünki protokolu poçt vasitəsi ilə qəbul edərsə daha rahat şəkildə cəriməsini ödəyə bilər. Bəziləri isə düşünürlər ki, protokol almadısa cəriməni ödəməyəcək. Lakin yolda yol polisi qanunun tələbinə uyğun onu saxlayıb protokolları təqdim edir. O zaman isə sürücü özü vaxt itkisinə məruz qalır.
Tədbirdə yol polisi vətəndaşlara müraciət edərək qeydiyyat ünvanlarını dəyişdikləri təqdirdə bu barədə mütləq məlumat vermələrini xahiş edib. Çünki ünvan dəqiq olmayanda, yaxud vətəndaş həmin ünvanda yaşamadıqda problem yaranır. Belə ki, həmin ünvanda yaşayan kimsə məktubu qəbul edir. Cərimə sistemə vurulur, ancaq vətəndaşın bundan xəbəri olmur.
Ümumiyyətlə istər poçtalyonların, istərsə də vətəndaşın özünün məsuliyyətsizliyi nəticədə şəxsin özünə ziyandır.
Orxan