Bir ailəni faciədən qurtaran xilaskar polis - FOTO

Yol polisi 30 Dekabr 2017 14:39 Oxunub 3887
Bir ailəni faciədən qurtaran xilaskar polis - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Arif Məmmədov vaxtında köməyə çatıb silahlı cinayətkarı zərərsizləşdirməklə bir daha sübut etdi ki...

Oxuduqdan sonra onu digər məktublardan ayırıb bir kənara qoydum. “O bizi ölümdən qurtardı” cümləsi gözümün qabağından getmirdi, üstəlik, üzünü belə görmədiyim müəllifin səsi sanki qulaqlarımda cingildəyirdi. İşlərimi sahmana salandan sonra yenidən məktuba göz gəzdirdim. Başına gələnləri elə təfərrüatı ilə yazmışdı ki, ondan bu barədə əlavə nəsə soruşmaq artıq olardı. Hadisə də, onun yaşatdığı stress də yəqin ki, uzun illər yadından çıxmayacaqdı.  Amma hər halda, məktubun sonunda yazılmış telefona zəng vurub polisin fədakarlığını, zəhmətini qiymətləndirən, ona dəyər verən soydaşımıza təşəkkür etmək istədim.

Xəttin o başından qadın səsi eşidildi. Özümü təqdim etdim, bizə məktub ünvanladığını dedim.

-Sizdən çox xahiş edirəm, dedi: o polisi tapın, heç olmasa adını, şəklini qəzetinizdə verin ki, qoy insanlarımız belə mərd oğulları, ölümün üstünə gedən polisi tanısınlar. Mən, övladlarım, bir sözlə, həmin gün evimizdə olan hər kəs həyatımızı  ona borcluyuq.

Sonuncu cümləni deyəndə səsi titrədi, hiss etdim ki, qəhər onu boğdu. Sağollaşdım.

Gəlin, bir anlıq təsəvvür edək. Gecənin yarısı evimizə tanımadığımız biri soxulmağa çalışır. Daha dəqiq desək, pəncərənin məhəccərini söküb evə girməyə çalışır. Evdə isə körpə uşaq, qız, gəlin var. Pul, qızıl tələb edir. Şübhəsiz ki, ya silahlı adamla əlbəyaxa olmalısan, ya da gücün çatmayırsa, dediyini etməlisən...   

O, bir ailəni faciədən qurtardı. Bəlkə də vaxtında çatmasaydılarertəsi gün qəzetlərin, saytların manşetindəhər kəsi sarsıdacaq  xəbərdən qanımız qaralacaqdı...

Onu tapmaq çətin olmadı. 13-cü Polis Bölməsindən dedilər ki, polis leytenantı Arif Məmmədov DİN-in hospitalındadır. Əlaqə nömrəsini tapıb görüşmək istədiyimi bildirdim. Yaralı olduğunu hiss etdirməmək üçün özünü tox tutmağa çalışsa da hiss etdim ki, yaraları hələ tam sağalmayıb...

Həmkarıma Daxili İşlər Nazirliyinə ünvanlanan məktubdan söhbət açdım.   “O gün yadında necə qalıb”,-dedim.

Sanki həmin anları yenidən yaşayırmış kimi xeyli fikrə getdi və nəhayət dilləndi:

- Saat 4-də məlumat daxil oldu ki, ərazidə evə basqın var, kömək istəyirlər. Artıq ikinci zəng gələndə mənim də daxil olduğum əməliyyat qrupu hadisə yerinə çataçatdaydıq. Evin sahibəsi bildirdi ki, “çağırılmamış qonaq” elə indicə qızılı, pulu alankimi qaçıb.

Biz onun dediyi istiqamətdə axtarışa başladıq. Birdən binaların arasında gizlənməyə çalışan qaraltı gördüm.Avtomobili saxlatdırıb dalınca qaçdım. Mən xidməti ərazini yaxşı tanıyırdım deyə, binaların arası ilə keçib onun yolunu kəsdim. “Dayan, polis əməkdaşıyam”,- deyəndə üstümə şığıdı. Əlində bıçaq vardı. Bədəncə də məndən çox iriydi. İdman hərəkətləri ilə qəfil hücumu dəf etsəm də zərbələrindən biri sol böyrümə dəydi, digəri isə qolumu yaraladı. Hiss etdim ki, qanım axır. Ancaq bunu biruzə verə bilməzdim, çünki şübhəli yaralandığımı bilib daha da azğınlaşardı. Bıçağı onun əlindən alıb qolunu burdum. Bir az dayandı, təslim olacağını düşündüm. Burnuma ucu biz dəmir parçası ilə dəyən zərbədən sonra anladım ki, onda ikinci bıçaq varmış. Məqsədi  məni öldürmək və canını qurtarmaq idi. Bütün gücümü toplayıb hər iki qolunu qanırdım və əllərini bağladım. 

Onu bölməyə gətirdik. Gördüm ki, ev sahibi də bölməyə gəlib məni soruşur. Düzü, gözlərim doldu. Mən hospitalda olanda həmin ailə iki dəfə mənə baş çəkməyə gəldi, səhhətimlə maraqlandılar. Bilirsiniz məni məmnun edən daha çox nə oldu? Xanımın ayıqlığı, özünü itirməyib ağıllı qərar vermək bacarığı. Çünki gecənin bir vaxtı dəmir barmaqlıqları kəsərək evə soxulanla özünü itirmədən “bazarlığa getməsi”, güya onunla razılaşıb qızılı, pulu gətirmək bəhanəsi ilə vaxt qazanıb polisə ikinci dəfə zəng vurması qürurverici hərəkətdir...

Hə, onu sizinlə tanış etməyin məqamıdır. Polis leytenantı Arif Məmmədov 1983-cü ildə Şahbuzda doğulub. 2009-cu ildən daxili işlər orqanlarında xidmət edir. Naxçıvan Dövlət Universitetini və DİN-in Polis Akademiyasını bitirib. Hazırda Sabunçu RPİ-nin 13-cü Polis Bölməsində sahə inspektorudur.

Arif Məmmədov vaxtında köməyə çatıb silahlı cinayətkarı zərərsizləşdirməklə bir daha sübut etdi ki, sıralarında yüzlərlə igid Vətən qəhrəmanları yetişdirən Azərbaycan Polisi vətəndaşımıza təhlükədən daha yaxındır...

 

Hafiz Təmirov,

polis mayoru

ŞƏRH YAZ
Ad

E-mail

Şərh