"Biz çatanda qız özünü ikinci mərtəbədən yerə atdı" – Xilaskar polis danışır

Yol polisi 8 May 2017 15:32 Oxunub 8746
"Biz çatanda qız özünü ikinci mərtəbədən yerə atdı" – Xilaskar polis danışır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Cinayətkarı yaxalamaq üçün yuxarı mərtəbəyə qalxdım, əlbəyaxa olduq"

Polis. Günü-gündən dəyişən dünyamızda xilaskarlıq missiyasını üzərinə götürən bu adın daşıyıcılarına  hər gün, hər an daha çox ehtiyac duyuruq. Sabitlik adasına çevrilən ölkəmizdə polisin fəaliyyətini soydaşlarımızla yanaşı, ölkəmizə gələn turistlər, burada işləyən, çalışan əcnəbilər də təqdir edirlər. Əlbəttə, sabitlik olan yerdə yaşamaq, qurub-yaratmaq üçün yaradılan şəraitin inkişafa səbəb olması danılmazdır. 

Azərbaycan dünyaya açılan təhlükəsizlik pəncərəsidir. Sükanı etibarlı əllərdə olan bir dövlətin isə dayaqlarının gündən-günə möhkəmlənməsi, insanlarının azad-firavan yaşaması, əldə etdiyi uğurlarla öyünməsi uğurlu daxili və xarici siyasətin təntənəsinin göstəricisidir. 

Bu gün dünyada yaşayan hər bir insan təhlükədən uzaq, rahat bir şəkildə ömrünü yaşamaq, azad nəfəs almaq istər. İnsan həyatına yönəlmiş təhdidlər isə yalnız dünyanın sonunu yaxınlaşdırır. Bunun əksinə olaraq, ölkəmizdə insan həyatını qorumaq dövlətin bütün qurumlarının təməl prinsipidir, xüsusən də sabitliyin, asayişin etibarlı təminatçısı olan polisimizin.  

Bir neçə gün öncə baş verən hadisə zamanı polis vətəndaşa təhlikədən daha yaxın olduğunu öz həyatını təhlükəyə ataraq bir daha isbatladı. Bir neçə nəfərin həyatını xilas edən həmkarlarımızın şücaəti dildən-dilə gəzdi. Elə Daxili İşlər Nazirliyinə ünvanlanan məktublardan boy verən vətəndaş məmnunluğu görülən işə, fədakar xidmətə verilən ən böyük qiymətdir…

Xilaskar həmkarlarıma-Baş İctimai Təhlükəsizlik İdarəsinin Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taborunun birinci bölüyünün əməkdaşlarına, polis serjantları Rövşən Mirələkbərova, Rasim Şahgəldiyevə ünvanladığım “Həmin hadisə zamanı həyatınız təhlükə altında qala bilərdi” sualıma cavab özünü çox gözlətmədi. 

Və Rövşən Mirələkbərov hadisəni danışmağa  başladı:  “Səhər saatlarında mənzillərin birinin eyvanında səs-küy eşitdik. Qışqırıb kömək istəyirdilər. Postda olan digər həmkarlarımıza məlumat verib ora tələsdik. Biz çatanda bir qız özünü ikinci mərtəbədən yerə atdı. Düzü, bunu gözləmirdik və anladım ki, vəziyyət ciddididr. Əsas məsələ digər iki nəfəri özlərini yerə atmaq fikrindən daşındırmaq idi. Rasim yaralıya ilkin tibbi yardım göstərdikdən sonra hadisə yerinə təcili yardım briqadasının gəlməsi üçün zəng vurdu. Mən isə cinayətkarı yaxalamaq üçün yuxarı mərtəbəyə qalxdım. Onun əlində böyük dəmir boru vardı. Qapını sındırmağa çalışırdı. Mən təslim olmağı əmr etdim. Üstümə gəlib mənə müqavimət göstərəndə isə onu əlbəyaxa döyüş fəndi ilə zərərsizləşdirdim.”…

Paytaxtımızda belə hadisələr hər gün olmasa da baş verir. Polisin operativ müdaxiləsi nəticəsində də üstü açılır, cinayətkar cazasız qalmır.  Neçə-neçə insan həyatını intiharın, ölümün cəngindən alan polislərimizin fədakarlığını yazıya almaqda məqsədim onları reklam etmək deyil. Sadəcə, bu xilaskarların daha yaxından tanınmasını istəyirik.

Polis serjantı Rövşən Mirələkbərov 2001-ci ildən daxili işlər orqanlarında xidmət edir. Xidmətini, peşəsini sevir. Polis serjantı Rasim Şahgəldiyev isə 2005-ci ildən xidmətdədir. Ali təhsillidir. 

 

Hafiz Təmirov,

polis mayoru

ŞƏRH YAZ
Ad

E-mail

Şərh