Bizim polis - 106 yaşlı Azərbaycan polisinə bayram təbriki
Bizim Polis. Bəli, onlar bizim polisimizdir. Onların işi-gücü vətəndaşları qorumaq, cinayətkarlarla mübarizə aparmaq, əhalinin dincliyinin təminatçısı olmaqdır. Son zamanlar bilirsinizmi nə qədər insanın dilindən "Polis olmasa bəzi adamlar bizi əzər, üstümüzdən keçər" ifadəsini dilə gətirir? Elə bilirsiniz, belələri yoxdur? Var. Özü də nə qədər istəsəniz. Bakıda 3 polisin həyatına son qoyan şəxsin timsalında hər şeyi aydın görmək mümkündür.
Mental düşüncələrə nəzər salsaq görürük ki, kütlə olaraq polisin, kameranın, nəzarətin olmadığı yerlərdə xaos hökm sürür. Çünki insanların bir çoxunun içində qayda-qanunu pozmaq kimi bir altduyğu formalaşmaqdadır. Odur ki, bu cür imkan yaranan kimi istər sürücü, istərsə də adi bir vətəndaş kimi içimizdəki o altdüşüncəni üzə çıxarmağa çalışırıq. Məsələn, sakit bir məkanda içkili halda səs-küy salmaq geniş yayılmış bir davranışdır. Amma həmin məkana daxil olanda qapıda və ya ətrafda polis görəndə istər-istəməz beyinin bir küncündə informasiya formalaşır və insan nə qədər spirtli içki qəbul etsə də, "orada polis var idi" düşüncəsini unutmur. Və ya səs-küylü qonşulardan bezən vətəndaş bircə dəfə polisə müraciət edəndən sonra artıq həmin intizamsız qonşular bilir ki, bu əməli yenidən təkrar etsələr qapını yenə polis döyəcək.
Kameraya və ya radara yaxınlaşan sürücü də özünü yığışdırıb qayda-qanuna əməl edir. Niyə? Çünki cəzadan qorxur.
Narkomaniya da belədir. Harada ki, polis nəzarəti zəif olur, orada bu işlərə bulaşanlar çoxalır. Son illər həyata keçirilən kütləvi tədbirlər nəticəsində üzə çıxan faktlardan görürük ki, narkomaniya və ya narkobiznes harada və hansı şəraitdə formalaşıb. Bu işlərlər mübarizə böyük güc və iradə tələb edir. Narkomafiyanın polisə silah çəkməsindən tutmuş digər təhdidlərə qədər hamısına hazır olmaq lazımdır. Və təsadüfi deyil ki, narkomaniya ilə mübarizədə həyatını itirən polis əməkdaşlarımız da olub.
Mütəşəkkil cinayətkarlıq ən ağır mübarizə tələb edən bir sahədir. Bu sahədə polislər demək olar ki, hər an ölümlə üz-üzədir. Xüsusən də Vətən Müharibəsindən sonra qanunsuz yolla silah-sursat əldə edən cinayətə meyilli şəxslərin ələ keçirilməsi həm də ictimai nəzarətdən asılıdır. Nəzər almaq lazımdır ki, müharibədən sonra silah-sursat gizlədən insanların bəzisi bu xəbəri yaxın ətrafına bildirir və ya həmin döyüş vasitəsini nümayiş etdirib qürrələnir. Belə olan halda dərhal polisə məlumat vermək lazımdır. Yaxud da, həmin şəxsi inandırmaq vacibdir ki, silah-sursatı könüllü şəkildə təhvil versin. Hamımız bilirik ki, polis silah-suratı könüllü təhvil verənlərlə olduqca humanist davranır, yeri gələndə belə vətəndaşlara təşəkkür də edir. Yetər ki, həmin silah-sursat hansısa cinayətdə istifadə edilmiş olmasın.
Məişət zorakılığı, qızqaçırma və sair kimi bizə kiçik görünən məsələlər belə polisin müdaxiləsi ilə həllini tapır. Təsəvvür edirsinizmi, illərdir təbliğat aparılır, müxtəlif dövlət qurumları erkən nigahlar, məişət zorakılığı ilə bağlı iş aparır. Ancaq görünən odur ki, faydası azdır. Lakin polisin adı bir erkən nigah mərasiminə və ya ailəyə təsiri bütün ölkə üzrə effekt verir. İndi artıq insanlar bilir ki, yetkinlik yaşına çatmayanların nigaha cəlb olunması qanunsuzdur və belə hal olanda gizli şəkildə DİN-in 102 qaynar xəttinə xəbər verirlər. Polisin dərhal reaksiyası qanunsuz əməlin qarşısını alır.
Yol hərəkəti təhlükəsizliyi də ciddi ictimai münasibətlərin formalaşdığı və ya qarışıq olduğu bir sahədir. Bu sahədə çalışan polislərin işi olduqca ağırdır. Təsəvvür edin ki, polis rəisi gün ərazində uzağı bir neçə vətəndaşı qəbul edir, müstəntiq həmçinin, təhqiqatçı da bu kimi iş görür. Əməliyyatçı bir-iki nəfəri izləyib yaxalayar. Ancaq yol polisləri gün ərzində onlarla müxtəlif tip insanla ünsiyyətdə olur. Özü də nə sirdirsə qayda pozduğu üçün saxlanılan sürücülərin 90 faizi müxtəlif üsuallarla cərimədən yayınmağa çalışır. Polisi şərləyən, ora-bura zəng edən, dərhal telefona əl atıb qabaqdangəlmişlik edərək çəkiliş aparanlar o qədərdir ki, saymaqla bitməz. Odur ki, yol polisləri bu cür insanlarla ayrı-ayrı obrazda dil tapmalıdır. Fərqli xarakterli insanlarla işləmək çox çətin işdir. Odur ki, bu sahədə uzun illərdir yol polisi birlikdə çalışmağımızı nəzərə alaraq işin nə qədər ağır olduğunu səmimi şəkildə deyə bilərəm. Məsələn, hətta 20 manat cərimə olunan sürücü də yol polisindən incik qalır və lazım oldu-olmadı şikayət yazır. Şikayətin məzmunu isə belə olur - Papağı düz qoymamışdı, özünü təqdim edəndə heç nə başa düşmədim. Mənə sən deyə müraciət etdi. Kobud danışdı. Patrul maşınında tək xidmət aparırdı. Məni saxlayanda sayrışan işığı yandırmadı və sair.
Yəni sürücü elə fikirləşir ki, polisin təlimatın hansısa bəndini pozması onun 20 manatlıq cəriməsinin silinməsi ilə nəticələnəcək. Ya da polis cəza alsa sürücü bundan sadəcə, həzz alacaq. Təbii ki, bu düşüncə səhvdir. Ən vacib məsələ vicdan məsələsidir. Qayda pozmusansa səmimi olmaq lazımdır.
Polislər arasında neqativ hərəkətlətə yol verənlər də var. Məsələn, vətəndaşa müraciətdə neqativlər mövcuddur. Xeyli azalsa da, yenə var. Yaxud da, vətəndaşlarla iş prosesində birinin məlumatını, nömrəsini digərinə vermək, məxfiliyi qorumaq çox vacibdir. Mübahisəli tərəfləri sakitləşdirmək, bir növ psixoloq olmaq polisin peşəkarlığını önə çıxarır.
Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın üzvü və Avtosfer.az saytının rəhbəri kimi polis sıralarında çoxlu dostlar qazanmışam. Başda cənab nazir Vilayət Eyvazov olmaqla bütün polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edirəm, işlərində uğurlar arzulayıram. Azərbaycan polis Vətənin azadlığı və bütövlüyü uğrunda can qoyub şəhid verdi, onlar həm də arxa cəbhədə asayış keşikçiləridir. Həyatımızın hər mərhələsində onlar var. Onlar bizim polisimizdir.
Elməddin Muradlı