Daha bir radar qalmaqalı: sürücülər narazılıq edir - QANUNSUZDUR

Yol polisi 24 Mart 2015 15:29 Oxunub 5683
Daha bir radar qalmaqalı: sürücülər narazılıq edir - QANUNSUZDUR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Radar istifadəçisi DYP əməkdaşı olduğunu deyir, amma bunu təsdiq edən heç bir sənədi yoxdur

 

Bu nəzarət təhlükəsizlik üçün yox, daha çox cərimə yığmaq üçündür

 

Qanunsuz radarlar daima sürücülərin narazılığına səbəb olub. Sürücülərə görə, bu, qanunsuz fəaliyyətdir. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev isə bildirib ki, DYP avtomobillərində quraşdırılmış və səyyar üçayaqlı radarların da hamısı qanuni fəaliyyət göstərir, onlar birbaşa sistemə inteqrasiya olunub. Ucar rayonunda çəkilmiş növbəti görüntüdən isə belə məlum olur ki, səyyar üçayaqlı radarı istifadə edən şəxsin şəxsiyyət vəsiqəsindən başqa DYP əməkdaşı olduğunu sübut edən bir sənədi yoxdur. Görüntülərdə radarla çəkiliş aparan şəxslə mübahisə edənlərin nazirliklərdən birinin əməkdaşları olduğu bildirilir. Onların yanında özünü jurnalist kimi təqdim edən şəxs də var. Bütün bunlar bir yana, bəs, bu radarlar qanunidirmi? Mülkü şəxs harada gəldi bu radarı qurub sürət həddini ölçə bilərmi? Sürət həddini aşanları radara sala bilərmi? Avtosfer.az-ın bütün suallarına yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov aydınlıq gətirib. Onun sözlərinə görə, yollarımızda doğrudan da sürətlə bağlı problem var. Müşahidələr və faktlar göstərir ki, ən ağır qəzalar məhz sürət rejiminin pozulması səbəbindən baş verir. Ona görə də sürət rejiminə səmərəli nəzarət yol hərəkəti təhlükəsizliyinin təmin olunmasının əsas amillərindən biridir.

Lakin bu nəzarət qanunlara ciddi riayət edilməklə həyata keçirilməlidir, çünki qanundan kənara ən xırda çıxmalar da DYP-yə olan etimadı azaldır və sürücülər arasında belə bir təhlükəli yanaşma formalaşdırır ki, bu nəzarət təhlükəsizlik üçün yox, daha çox cərimə yığmaq üçündür. Belə yanaşmanı istisna etmək üçün qanuna birmənalı riayət eilməlidir. Qanun isə sürətə nəzarətlə bağlı 3 əsas məqamı təsbit edir.

1. Sürət ölçmək üçün tətbiq edilən xüsusi texniki vasitədən əvvəl (yaşayış məntəqələrində 50-200 metr, yaşayış məntəqələrindən kənarda 150-1000 metr qabaqda) ya 6.14 "İnformasiya stendi" nişanı, ya da 3.24 "Maksimum sürətin məhdudlaşdırılması" nişanı olmalıdır.

2. Sürəti ölçən xüsusi texniki vasitə (radar) DYP-nin Mərkəzi Məlumat Sisteminə inteqrasiya edilməklə avtomatik işləməlidir. İnteqrasiya o deməkdir ki, radarın qeydə aldığı qayda pozuntusu avtomatik olaraq mərkəzə ötürülməli və orada elektron protokol yazılmalıdır. Qayda pozuntusunu əvvəl qeydə alaraq yaddaşda saxlamaq və bunu daha sonra Mərkəzə ötürmək inteqrasiya deyil. Videokadrada görünən radarın Mərkəzə inteqrasiya olunmuş olması şübhəlidir, çünki oarada müvafiq rabitə əlaqəsinin (canlı və birbaşa bağlantının) olduğu görünmür.

Digər tərəfdən, radarın qeydə aldığı qayda pozuntusuna görə sənədləşdirmə aparmaq üçün sürücünün yolda və ya YPX-nın stasionar postunda saxlanması da qadağandır. Bu halda sənədləşmə yalnız elektron protokol formasında ola bilər.

3. Qanunvericilikdə DYP-nin gizli və ya qarışıq (yarıgizli) xidmət aparması nəzərdə tutulur. Amma bu formada xidmət də yalnız DYP əməkdaşlarına aiddir. Kimliyi aydın olmayan, xüsusən DYP ilə bağlılığı məlum olmayan şəxs xüsusi texniki vasitə ilə xidmət edə bilməz. Kadralarda həmin şəxsin DYP əməkdaşı olduğu, yaxud DYP-də xidmətə cəlb olunduğu da aydın deyil.

Məsələnin tam mahiyyətini yalnız DYP rəsmiləri açıqlaya bilərlər. Hər bir halda DYP-nin xidməti şəffaf şəkildə həyata keçirilməli, hərəkətin təhlükəsizliyinə nəzarət qanuna uyğun olmalıdı. Nəzarət elə təşkil olunmalıdır ki, sürücüləri intizama sövq etsin, vətəndaşların DYP-yə inam və etibarını gücləndirsin. Ona görə də belə nəzarət yolların ən təhlükəli sahələrində aşkar formada təşkil edildikdə daha səmərəli olur.

Sürüclərə isə tövsiyə edirik ki, sürət rejiminə əməl etsinlər. yalanşı "tələsirəm", "işim var" kimi bəhanələrlə özlərini və başqalarını təhlükəyə atmasınlar. Sürət rejiminə əməl etsəniz, sürəti ölçənlərlə probleminiz olmaz. Belədə isə bunu qanuni və ya qanunsuz olması da maraqlı olmayacaq.

 

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh