Daha bir sürücü yol polisini şərləyib -DYP-dən sərt açıqlama
Bakı şəhər sakini Mustafa Namazovun KİV-də polisin ictimai nüfuzunu ləkələməyə yönəlmiş böhtan və iftira dolu açıqlaması araşdırılıb və lazım tədbirlər artıq görülüb.
Bunu Avtosfer.az-a açıqlamasında Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib. O, bildirib ki, M.Namazovun dediyi sözlər tamamilə yalandır:
“Birincisi maşını Mustafa Namazov deyil, onun atası Məhəmməd Mustafa oğlu Namazov idarə edib. 4 iyun 2017-ci il tarixdə Mersedes-190 markalı 99 KV 892 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Bakıxanov qəsəbəsindən hərəkət edən zaman yol patrul xidmətinin əməkdaşlarını görərək maşını saxlayıb və istiqamətini dəyişərək arxaya doğru hərəkət edib. Onun şübhəli manevrini müşahidə edən yol polisi əməkdaşları isə dərhal maşını saxlayıb. Polis sərxoş olduğunu görüb və maşını cərimə meydançasına, sürücünü alkoqol müayinəsinə aparmaq istəyib. Lakin Məhəmməd Namazov oğluna məlumat verib və hadisə yerinə gələn Mustafa Namazov və onun dostları sükan arxasına keçərək, saxlanılan maşını qaçırmaq istəyiblər. Ona görə də hadisə yerinə əlavə polis qüvvələri çağırılıb. Əlavə qüvvələrin gəlməsindən sonra Məhəmməd və Mustafa Namazovlar polisin qanuni tələbinə tabe olmaq məcburiyyətində qalıb və maşın cərimə meydançasına aparılıb, bu barədə Məhəmməd və Mustafa Namazovların iştirakı ilə akt tərtib edilib, daha sonra Məhəmməd Namazov tibbi müayinədən keçib, onun orta dərəcəli sərxoş olduğu üzə çıxıb və tibbi müayinə protokolu tərtib edilib, bununla əlaqədar ona inzibati protokol yazılıb.
Görünür bundan sonra narazı qalan ata və oğul əvəz çıxma, öz düşüncələrinə görə sözügedən polis əməkdaşlarını ləkələmək niyyəti ilə Daxili İşlər Nazirliyinə şikayət ərizəsi ilə müraciət ediblər. Bu şikayətdə onlar bildiriblər ki, guya avtomobildən pulları və telefonları itib. Ərizə əsasında DİN-in nəzarəti altında araşdırma aparılıb və hadisə baş verən zaman polis maşınının və yol polisi əməkdaşının üzərində olan kameraların qeydə aldığı video-audio qeydlər çıxarılaraq incələnib protokol tərtib edən polis əməkdaşları heç bir qanun pozuntusuna yol vermədikləri məlum olub.
V.Əsədovun sözlərinə görə, DİN-in araşdırmasından narazı qalan şikayətçilər daha sonra rayon prokurorluğuna ərizə ilə müraciət ediblər. Prokurorluq araşdırmanın nəticəsi barədə şikayətçilərə məlumat verərək, prosesi yekunlaşdırıb. Ancaq M.Namazov qəsdən yalan danışaraq, guya etdiyi müraciətlərə indiyə qədər heç bir cavab verilmədiyini iddia etməklə növbəti dəfə hüquq-mühafizə orqanlarına böhtan atıb.Mustafa Namazovun polisin işgüzar nüfuzuna zərbə vurmağa, onun ictimai dəyərini aşağı salmağa çalışan və bunun üçün şər, böhtanlarını ictimailəşdirən faktlar artıq toplanıb və barəsində müfaviq addımların atılması üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada aidiyyəti üzrə müraciət ediləcək. Bildiririk ki, hər kəs polis əməkdaşının fəaliyyəti ilə bağlı böhtan kampaniyası apararsa, təbii ki, adekvat cavabını alacaqdır”.