Reklam

Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirildi - FOTO

Yol polisi 23 Yanvar 2024 15:43 Oxunub 420
Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirildi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yanvarın 23-də Daxili İşlər Nazirliyində 2023-cü ildə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunan geniş Kollegiya iclası keçirilib.

Avtosfer.az xəbər verir ki, iclası giriş sözü ilə açan nazir, general-polkovnik Vilayət Eyvazov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinin böyük təntənə ilə qeyd edildiyi 2023-cü ildə ölkəmizin həyatında bir çox önəmli hadisələrin baş verdiyini, bunların arasında Azərbaycanın bütün ölkə ərazisində dövlət suverenliyinin bərpasının mühüm yer tutduğunu diqqətə çatdırıb. 

Nazir vurğulayıb ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də Ermənistanın davamlı hərbi təxribatlarına cavab olaraq başlanan Vətən müharibəsində qazanılan Zəfərdən və ötən il sentyabrın 19-20-də həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri ilə Xankəndi, Xocalı, Ağdərə və digər ərazilər düşməndən azad edildikdən sonra Qarabağ və Şərqi Zəngəzurda xidmət aparan polis və Daxili Qoşunlar Böyük Qayıdış proqramının reallaşması üçün əzmlə çalışaraq üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirir, təhlükəsizliyi etibarlı təmin edirlər.

Antiterror tədbirlərində 12 hərbi qulluqçunun və 8 polis əməkdaşının şəhid olduğunu vurğulayan nazirin təklifi ilə şəhidlərin xatirəsi ehtiramla yad edilib.  Hesabat məruzəsi ilə çıxış edən nazir V.Eyvazov vurğulayıb ki, 2023-cü ildə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə 36.811 cinayət qeydə alınıb, onlardan 87,8 faizi açılıb, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 360 fakt təşkil edib. Cinayətlərin 94,5 faizi və ya 34.783-ü daxili işlər və prokurorluq orqanlarının prosessual qaydada araşdırdığı hüquqazidd əməllər olmaqla 89,6 faizinin açılması təmin edilib.

Cinayətlərin ağır və xüsusilə ağır növlərinin 89,6, qeyri-aşkar şəraitdə baş verənlərin 84,6, şəxsiyyət əleyhinə olanların 98,4, onlardan qəsdən adam öldürmələrin 96,1, adam öldürməyə сəhdlərin 97,4, qəsdən sağlamlığa ağır zərər vurmaların 98,9, xuliqanlıqların 96,3, mülkiyyət əleyhinə olanların 79,6, o cümlədən soyğunçuluqların 98,1, quldurluqların və hədə-qorxu ilə tələb etmələrin 97,5, avtonəqliyyat vasitəsini qaçırmaların 97,2, dələduzluqların 92,1 faizi açılıb. Xırda talamaların açılmasının nəticələri isə 3,6 faiz yaxşılaşaraq 84,5 faizə yüksəlib. Ağır və xüsusilə ağır cinayətlər törətmiş 4.324 nəfər tutulub, 254 kriminal qrup zərərsizləşdirilib. 
Eyni zamanda, prokurorluq orqanlarının əməkdaşları ilə birgə keçmiş illərdən bağlı qalmış cinayətlərin açılmasında nəzərəçarpan irəliləyiş əldə edildiyini, 426 fakt üzrə təqsirli şəxslərin məsuliyyətə cəlb olunduğunu, o cümlədən cinayətlərin ağır, xüsusilə ağır və transmilli mütəşəkkil növlərinin qarşısının alınması və istintaqı kimi mühüm vəzifələrin icrasında böyük bir iş həcminin yerinə yetirildiyini, habelə Dövlət Təhlükəsizliyi Xidməti ilə sıx qarşılıqlı əlaqədə dini radikalizmə qarşı mübarizədə həyata keçirilmiş tədbirlərlə önəmli nəticələrə nail olunduğunu xüsusi vurğulayan nazir həmin dövlət orqanlarının əməkdaşlarına və rəhbərliyinə təşəkkürlərini ifadə edib.

Təqsirləndirilən şəxslərin axtarışının nəticələri də 2,3 faiz yaxşılaşaraq 87,8 faiz təşkil edib, İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilmiş 108 şəxsin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 53 nəfərin yeri müəyyən olunub. 
Qanunsuz odlu silah saxlama və daşıma ilə bağlı 494 fakt müəyyən edilib, həmin cinayətlərə görə 262 nəfər tutulub. Ümumilikdə 12.648 odlu silah və 2,5 milyona yaxın sursat aşkarlanıb.  Qeyri-leqal dövriyyədən 3.487 ədəd müxtəlif nominallı saxta əskinas, istifadə müddəti ötmüş 6.310 ton yeyinti məhsulu və tikinti materialı çıxarılıb. 

Narkotiklərlə mübarizənin vəziyyətinə toxunan nazir V.Eyvazov son illər müvafiq sahədə görülən işləri müsbət qiymətləndirərək bildirib ki, qanunsuz dövriyyədən 4 ton 464 kiloqram, yəni 2022-ci illə müqayisədə 1 ton 46 kiloqram çox narkotik vasitə götürülüb, 620 kq narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb, onlayn satışla bağlı 366 fakt aşkarlanıb və müvafiq cinayətlərlə əlaqədar 160 cinayətkar qrup zərərsizləşdirilib. Nazir bu növ cinayətlərlə mübarizədə vətəndaşların iştirakını, məlumatları əsasında müsbət nəticələri olan bir çox əməliyyatların keçirildiyini bildirərək onlara təşəkkürlərini çatdırıb.
Həmçinin yeniyetmələr və gənclər arasında aparılan antinarkotik təbliğatın əhəmiyyətini nəzərə çatdıraraq bu qəbildən tədbirlərin davamlı və məqsədyönlü olması, fəaliyyətin ölkədə narkotiklərə olan tələbatın azaldılması məqsədi üzərində qurulması ilə bağlı göstərişlər verib.  
Hesabat ilində 5.389, o cümlədən mediada qabaqcadan məlumat verilməklə respublikanın 60 şəhər və rayonundan olan 3.823 vətəndaş qəbul edilib, qaldırılan məsələlərin əksəriyyəti yerində və müsbət həll edilib. Eyni zamanda, Nazirliyə daxil olan müraciətlər araşdırılaraq müvafiq tədbirlərin görülməsi təmin edilib.
Məruzə ətrafında çıxış edənlər görülən işlərdən, əldə olunan uğurlardan, nöqsan və çatışmazlıqlardan, onların aradan qaldırılması üçün həyata keçirilən tədbirlərdən danışıblar.
Kollegiya iclasına yekun vuran nazir general-polkovnik V.Eyvazov cinayətkarlığa qarşı mübarizədə, qanunçuluğun və hüquq qaydasının qorunması sahəsində müsbət nəticələrin inkişaf etdirildiyini vurğulayaraq xidməti fəaliyyətin səmərəliliyinin daha da artırılması ilə bağlı tapşırıq və tövsiyələrini verib. 
Vətəndaş məmnunluğunun təmin edilməsinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi əsas vəzifələrdən olduğunu xatırladan nazir cinayətlərin qarşısının alınması, açılması, hüquqazidd əməllər nəticəsində vurulmuş maddi ziyanın ödətdirilməsi, müraciətlərə baxılması və qəbul işinə daha böyük həssaslıqla yanaşılmasını tələb edib. 
Paytaxtda nəqliyyat sıxlığının mövcudluğuna və tıxacların yaranmasına da diqqət çəkən nazir aidiyyəti qurumlarla birgə bu cür halların, o cümlədən nəqliyyat vasitələrinin və piyadaların sərbəst, rahat, təhlükəsiz hərəkətinə maneə yaradan qanunsuz parklanmaların, dayanma və ya durmaların qarşısının alınmasını tələb edib.
Müasir texnologiyaların tətbiqinin və idarəetmədə elektronlaşdırmanın genişləndirilməsinin zəruriliyini, hüquqi və fiziki şəxslərə məxsus obyektlərin, mənzillərin mühafizə-siqnalizasiya vasitələri ilə təmin edilməsinin, hər bir şəxsin hüquq və azadlığının, qanuni mənafeyinin etibarlı müdafiəsinin, bütövlükdə polisin xalqa xidmət funksiyalarını daha böyük peşəkarlıqla həyata keçirməsini vacibliyini nəzərə çatdırıb.
General-polkovnik Vilayət Eyvazov daxili işlər orqanlarına göstərdiyi ali diqqət və qayğıya, şəxsi heyətinin fəaliyyətinə verdiyi böyük dəyərə və etimadına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib və əmin edib ki, respublikada asayişin, təhlükəsizliyin, qanunçuluğun və hüquq qaydasının qorunması sahəsində vəzifələr bundan sonra da böyük əzm və qətiyyətlə davam etdiriləcəkdir.

Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirildi - FOTO

ŞƏRH YAZ
Ad

E-mail

Şərh