Reklam

Daxili Qoşunların yaranmasının ildönümü qeyd edildi; nazir tapşırıqlar verdi - FOTO - VİDEO

Yol polisi 12 Mart 2024 10:38 Oxunub 1170
Daxili Qoşunların yaranmasının ildönümü qeyd edildi; nazir tapşırıqlar verdi - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Martın 12-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunları yaranmasının növbəti ildönümünü qeyd edir. Bu münasibətlə daxili işlər naziri general-polkovnik  Vilayət Eyvazov, Daxili Qoşunların rəhbər heyəti və hərbi qulluqçuları Fəxri xiyabana gedərək Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

Sonra respublikanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının uyuduğu Şəhidlər xiyabanı ziyarət olunub.

Həmin gün Daxili Qoşunların Baş İdarəsində təntənəli mərasim keçirilib. Tədbirdə daxili  işlər naziri general-polkovnik Vilayət Eyvazov iştirak edib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların, eləcə də bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Əlamətdar gün münasibətilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ən xoş arzularını şəxsi heyətə çatdıran general-polkovnik Vilayət Eyvazov Milli Lider Heydər Əliyevin ordu quruculuğu prosesində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının təkmilləşməsinə böyük önəm verdiyini, məhz onun xüsusi diqqət və qayğısı ilə formalaşıb inkişaf etdiyini məmnunluqla diqqətə çatdırıb.

Nazir Daxili Qoşunların qarşıya qoyulan döyüş tapşırığını yüksək keyfiyyətlə yerinə yetirməklə, Müzəffər Ali Baş Komandanın əmri ilə Vətən müharibəsi zamanı və ötən il keçirilən lokal antiterror tədbirlərində hərbi qulluqçularımızın fədakarlıq göstərdiklərini qeyd edib.

Daxili Qoşunların inkişafı üçün qəbul edilən qərarların, cənab Prezidentin imzaladığı müvafiq sərəncamları ilə bir qrup hərbi qulluqçunun dövlət mükafatları ilə təltif olunmasının şəxsi heyət tərəfindən minnətdarlıqla və ruh yüksəkliyi ilə qarşılandığını vurğulayan nazir V.Eyvazov onu da qeyd edib ki, məhz Ali Baş Komandanın əvəzsiz dəstəyi sayəsində Daxili Qoşunların maddi-texniki bazasının, kazarma-yaşayış fondunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, zəruri olan vasitələrlə təchiz edilib.

Bu gün işğaldan azad olunmuş ərazilərdə polis əməkdaşları ilə birgə Qoşunların hərbi qulluqçularının peşəkar xidmətini vurğulayan nazir Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətinin vətəndaşların və dövlətin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında səy və bacarıqlarını əsirgəməyəcəklərinə, asayişin keşiyində qətiyyətlə dayanacaqlarına əminliyini ifadə edib.

Daxili işlər nazirinin müavini- daxili qoşunlar komandanı general-leytenant Şahin Məmmədov qurumun yaranması, inkişafı və fəaliyyəti barədə məruzə ilə çıxış edib.

Tədbirə yekun vuran nazir V.Eyvazov Daxili Qoşunların qarşıda duran başlıca vəzifələrini qeyd edərək tapşırıq və tövsiyələrini verib.

Sonra xidmətdə fərqlənən bir qrup hərbi qulluqçunun təltif edilməsi barədə daxili işlər nazirinin və nazir müavini- daxili qoşunların komandanının imzaladıqları əmrlər elan olunaraq mükafatlar sahiblərinə təqdim edilib.        


 

Vilayət Eyvazov Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi - FOTOLAR

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh