Deputatlar yol polisindən narazıdır - “Onlara heç cür başa sala bilmirik ki...”
Bir sıra ölkələrdə deputatların idarə etdiyi avtomobillər xüsusi nişanlarla fəqlənir. Məsələn, Rusiyada deputat maşınları sayrışan işıqlarla təmin edilib. Bununla da həmin ölkələrdə yol polisi hərəkətdə olan nəqliyyat vasitəsinin kimə məxsus olduğunu təyin edə bilir. Amma Azərbaycanda bunlar yoxdur. Ona görə də dəfələrlə yol polisi əməkdaşları ilə deputatlar arasında mübahisə yaranıb. Hətta deputatlar bununla bağlı parlamentdə məsələ də qaldırıblar. Hələ ki deputatlarla yol polislərinin mübahisələrinə şahidlik etməkdəyik.
“Deputatın statusu haqqında” qanunun 12-ci maddəsində (Deputatın toxunulmazlığı) göstərilib ki, Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddəsinə görə, deputatın şəxsiyyəti toxunulmazdır. Deputatın toxunulmazlığı onun evinin, mənzilinin, əşyalarının, şəxsi və xidməti nəqliyyat vasitələrinin, istifadə etdiyi rabitə vasitələrinin, ona məxsus sənədlərin, yazışmaların toxunulmazlığını da əhatə edir. Deputatın toxunulmazlığına Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddələrində nəzərdə tutulmuş hallarda və Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsində müəyyən edilmiş qaydada xitam verilir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli də Modern.az-a deyib ki, yol polisi ilə deputatların arasında yaranan mübahisəli məsələlər bir neçə dəfə parlamentin iclaslarında qaldırılıb. “Sonuncu dəfə bir deputat xanımla yol polisi arasında insident baş vermişdi. Hətta xanım deputatın maşınını cərimə meydançasına aparmışdılar. İki dəfə də bununla bağlı parlamentin iclasında mən məsələ qaldırmışam. Bundan sonra parlamnetin spikeri Oqtay Əsədovun razılığı ilə müvafiq şöbədə layihə hazırlandı. Amma çox təəssüflər olsun ki, bu qanun layihəsi komitədə, plenar iclaslarda müzakirə olunmadı. Konstitutsiyaya və “Deputatın statusu haqqında” qanuna əsasən, millət vəkillərinin toxunulmazlığı var. Deputat onun ailə üzvləri, mənzili, maşını heç cür axtarışa məruz qala bilməz, saxlanıla bilməz, cərimə meydançasına aparıla bilməz. Hətta məhkəmə qaydasında inzibati cəriməyə cəlb oluna bilməz”.
T.Kərimli deyib ki, heç bir yol polisini başa salmaq olmur ki, deputat yüksək konstitutsion hüquqa malikdir. “Əgər qanunda deputatın toxunulmazlığı göstərilibsə, buna əməl etmək lazımdır. Təsəvvür edin ki, rayon strukturlarının rəhbərlərinin maşınları hansı sürətlə və hansı qayda ilə gedirsə getsin, yol polisləri onlara bir söz demirlər. Amma ali qanunverici hakimiyyətin nümayəndələri olan deputatlar yol polisləri tərəfindən təhqirə məruz qalırlar”.
T.Kərimli qanunvericilkdə xüsusi təyinatlı maşınların sayrışan işıqlarla təmin olunmasına görə müddəaların yer aldığını bildirib. “Bir çox dövlətlərdə deputatlar da həmin kateqoriyaya aid edilir. Ona görə də bir sıra ölkələrdə deputatların maşınlarında xüsusi nişanlar var. Bu işarələrlə bildirilir ki, həmin maşın ümumi yol qaydalarından kənara çıxa bilər. Ancaq Azərbaycanda bu yoxdur. Mən buna çox təəssüf edirəm. Bu çox ciddi məsələdir. İnzibati Xətalar Məcəlləsinə bununla bağlı maddə də hazırlamışıq. Hələ ki müzakirə olunmayıb. Amma yaxın vaxtlarda yəqin ki, bu məsələ parlamentdə müzakirə olunar. Bununla da məsələ həll edilmiş olar”.