DYP-dən açıqlama: “Yol-nəqliyyat hadisələrinin sayı azalıb”
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov musavat.com-a açıqlamasında son dövrlər baş verən yol-nəqliyyat hadisələrindən danışıb. O bildirib ki, yol polisləri tərəfindən məqsədli keçirilən tədbirlər nəticəsində, son zamanlar yol-nəqliyyat hadisələrinin sayı xeyli dərəcədə aşağı düşüb. V.Əsədov konkret olaraq vurğulayıb ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə, bu il ölkə üzrə 130 hadisə, 111 ölüm faktı azalıb: “Həmçinin ötən illə müqayisədə 122 xəsarət sayı da azalıb. Bundan əlavə xəsarət dərəcələri belə yüngülləşib. Bütün bunlar aparılan təbliğat və görülən tədbirlərin nəticəsidir. Bakı şəhər üzrə qeydə alınan yol-qəza hadisələrinin təhlilinə nəzər saldıqda görmək olur ki, sürət həddinin artımı ilə əlaqədar qeydə alınan hadisələr 41 faizə düşüb. Piyada vurma faktları isə 57 faizə qalxıb. İkinci nüans doğrudan da ciddi narahatlıq doğurur. Ancaq yenə də piyada vurma faktlarının qarşısının alınması üçün bizim əməkdaşlar tərəfindən tədbirlər görülür. Misal üçün keçirilən tədbirlər zamanı 80 mindən artıq piyada məsuliyyətə cəlb edilib. Ümumiyyətlə, bir daha qeyd edirəm ki, yol polisi tərəfindən keçirilən tədbirlər nəticəsində son zamanlar yol-nəqliyyat hadisələrinin sayı xeyli azalıb”.
V.Əsədov bildirib ki, Bakıda şəhəri üzrə də hadisələrdə azalma var: “Konkret olaraq paytaxtda ötən illə müqayisədə 76 hadisə, 35 ölüm, 102 xəsarət azalıb. Mövcud şərait deməyə əsas verir ki, biz bu hadisələri yenə də minimuma endirə bilərik. Bunun üçün yol hərəkətində mədəniyyət səviyyəsi yüksəlməli, formalaşmalıdır. Bunun üçün də təkcə Dövlət Yol Polisinin deyil, bütövlükdə cəmiyyətimizin, hər bir hərəkət iştirakçılarımızın üzərinə böyük məsuliyyət düşür. Yəni yol polisi olmadan hər birimiz öz hərəkətimizi tənzimləməyi bacarmalıyıq. Hadisələrin də yaranmasına səbəb sürücü diqqətsizliyi, piyada səhlənkarlığıdır. Baxmayaraq ki, bu gün piyada vurma hadisəsinin sayı 57 faizdir, ancaq bu da deyərdim ki, aşağı düşən rəqəmdir. 70-dən yuxarı yeraltı, yerüstü piyada keçidlərimiz var ki, onların da hər biri nəzarətdədir. Təkcə ötən həftə ərzində 3800 piyadanı saxlayıb, məsuliyyətə cəlb etmişik. Bu o deməkdir ki, iş aparılır. Ancaq hadisə var. Əgər yol, avtomobil, piyada varsa, hadisə qaçılmazdır. Hadisələrin də minimuma endirilməsi üçün qeyd etdiyim kimi tədbirlər görülür və bu da faizlərin aşağı düşməsindən də görünür. Cəmiyyət məsuliyyətini artırmalı, yol hərəkəti qaydalarına riayət etməlidir”.