Əhali polislərdən nələr deyir? – Kapitanın yazısı
Vətəndaşlara xidmət və vətəndaş müraciətlərinə həssas münasibət polis orqanlarının fəaliyyətində əsas prinsiplərdən biridir. İndi elə bir dövrdə yaşayırıq ki, cəmiyyət hüquq qaydasının keşiyində dayanan, özünü, həyatını bu peşəyə həsr edən polisdən əzmkarlıq gözləyir. Haqlı gözləntidir. Etiraf olunmalıdır ki, bu, polislə vətəndaş arasında qarşılıqlı inamın, etibarın təzahürüdir. Bu inam Daxili İşlər Nazirliyi, yerli polis orqanlarına daxil olan çoxsaylı minnətdarlıq məktublarından da aydın görünür. Şübhəsiz ki, bu məktublar polis – vətəndaş münasibətinin yüksək səviyyəsindən xəbər verir və cəmiyyətin verdiyi qiymət kimi bizim üçün çox önəmlidir.
Daha konkret olaraq, daxil olan bu minnətdarlıq dolu məktublarda polisin cəmiyyət içində etibarlı mövqeyi etiraf olunur. Daxil olan məktublardan bəlli olur ki, onları yazanın hər bir müraciəti müvafiq qaydadа öz həllini tapıb.
Məktublardan birini Bakı şəhər sakini Qasımov Nurəddin Baləhməd oğlu göndərib. Vətəndaş bildirir ki, fevralın 14-də Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən evindən 5500 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Bu barədə Xəzər Rayon Polis İdarəsinə məlumat verib. Baş verən cinayət əməlini törədənlərin rayon polisi tərəfindən tutularaq məsuliyyətə cəlb edildiyini qeyd edən vətəndaş vurğulayır ki, polis tərəfindən onlara dəyən maddi ziyan, oğurlanan əşyalar müəyyən olunaraq qaytarılıb. N.Qasımov məktubunda polisin peşəkarlığından bəhs edir, DİN rəhbərliyinə minnətdarlığını bildirir.
Başqa bir ünvandan Bakı şəhər sakini İradə Adıgözəlova Səbail Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru Anar Hacıyev və şöbə əməkdaşlarından razılığını bildirir, üzləşdiyi problemə ədalətli yanaşmasına görə DİN rəhbərliyinə təşəkkür edir.
Daxil olan məktublar sırasında içərisində 1600 manat və sosial müavinət kartı olan pul kisəsinin Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsin əməkdaşı Pərvin Məmmədov tərəfindən tapılaraq sahibinə qaytarılması diqqət çəkir. Bununla bağlı DİN rəhbərliyinə təşəkkür məktubu ünvanlayan Nərimanov rayon sakini Sona Əsgər qızı Hüseynova vətəndaşlıq mövqeyi göstərən polisə özü və ailəsi adından təşəkkürünü bildirir.
Daha bir məktubda polisin cəmiyyət həyatında etibarlı mövqeyi vurğulanır. Məsələn, Göyçay rayon sakini Elgün Kazımov DİN rəhbərliyinə müraciət edərək “Kamaz” markalı avtomobili ilə törətdiyi avtoqəzanın nəticələrinin düzgün və obyektiv araşdırılması, avtomobilinin özünə qaytarılması ilə bağlı üzləşdiyi problemin ədalətli həllində ona köməklik göstərilməsini xahiş edib. DİN-in göstərişi ilə qısa vaxt ərzində Bakı Şəhər BPİ-nin Təhqiqat və İstintaq İdarəsində aparılan araşdırma vətəndaşın razılığı ilə nəticələnib, ədalətli qərar qəbul edilib. O, ünvanladığı təşəkkür məktubunda ona göstərilən diqqət və qayğıdan məmnunluğunu ifadə edir.
Hər bir müraciətə həssas yanaşan polisin fəaliyyətini Bakı şəhərində yaşayan Zəngilan rayonundan olan məcburi köçkün Əbülfət Əhmədov Bakı şəhər BPİ rəhbərliyinə ünvanladığı məktubunda xüsusi olaraq qeyd edir. O bildirir ki, Xətai RPİ İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Samir Həsənova minnətdarlığını bildirir, ailəsində yaranan problemin həllində ədalətli yanaşmaya, göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirir.
Minnətdarlıq hissləri ilə ifadə olunan məktublardan birini Şirvan şəhər sakini Rahil Məlikov yazıb. O da bildirir ki, hüquqlarının pozulması ilə əlaqədar olaraq, Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edib. Müraciəti üzrə məsələnin çox qısa zaman ərzində öz həllini tapdığına görə, DİN rəhbərliyinə təşəkkür edir. Vətəndaş vurğulayır ki, Bakı Şəhər Baş Polis İdarəsinin rəisinin şəxsi heyət üzrə böyük köməkçisi, polis polkovniki Əli Vəliyev məsələyə ədalət müstəvisindən yanaşaraq, qanunun aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarına hörmət və ehtiram göstərib.
Cəmiyyətə məlumdur ki, vətəndaşlara xidmət və vətəndaş müraciətlərinə həssas münasibət polis orqanlarının fəaliyyətində rəhbər tələblərdən biridir. Bu fəaliyyətin əsasında bir tərəfdən vətəndaş məmnuniyyəti, digər tərəfdən isə həyata keçirilən dövlət siyasəti dayanır. Bu o həqiqətin göstəricisidir ki, əzmkar xidmət polisdən gözlənilir və doğrusu, daxil olan məktublarda bu etiraf olunur. Özünü, həyatını bu peşəyə həsr etmənin məqsədi ictimai asayişin, sabitliyin etibarlı qorunması, vətəndaşların əmin-amanlıq içində yaşamaları üçündür. Xidməti vəzifəsini yerinə yetirərkən həlak olan, yaralanan polisin də, indi bu sətirləri oxuduğunuz vaxtda yolda hərəkəti tənzimləyən, cinayətkarlıqla mübarizə aparan, lap elə olsun kimisə ictimai yerdə nəzakətə dəvət edən bir polisin də yeganə amalı ölkəsinin mənafeyidir, millətinin bu günü, sabahıdır – başqa heç nə...
Bütün bunların əvəzi var, əlbəttə ki, - vətəndaşın bir “sağ ol”, təşəkkür etməsi, məmnunluğun ifadəsi... Yəqin ki, polislə vətəndaş arasında qarşılıqlı münasibətin bundan yaxşı bir təzahürü ola bilməz.
Elşad Hacıyev,
polis kapitanı