Evakuator maşını hardan-hara apara bilər? - DYP CAVABLADI

Yol polisi 26 May 2017 16:58 Oxunub 5149
Evakuator maşını hardan-hara apara bilər? - DYP CAVABLADI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vaqif Əsədov: “Avtomobillər sıxlıq yaranarkən evakuasiya olunur”

Azərbaycanda qanunla müəyyən edilmiş hallarda Yol-patrul xidməti (YPX) inspektoru tərəfindən evakuatorun (təxliyyə avtomobili) tətbiqinə dair yeni qayda müəyyənləşdirilib. Məlumata görə, Daxili İşlər Nazirliyinin Kollegiyasının qəbul etdiyi və mayın 19-da qüvvəyə minmiş “Yol-patrul xidməti haqqında Təlimat”ında belə bir məlumat əksini tapıb. Qaydalara əsasən, YPX inspektoru tərəfindən evakuator (təxliyyə avtomobili) aşağıdakı qaydada tətbiq edilir:

- dayanma və ya durma qaydaları pozulmaqla küçə və yollarda tıxac yaratmış və digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin mühüm dərəcədə məhdudlaşdırılmasına səbəb olmuş nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılması məqsədilə istifadəsində olan bort-kompüter vasitəsilə inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati xəta haqqında protokol tərtib edir;

- YPX inspektoru radio-cihaz vasitəsilə qayda pozuntusu barədə növbətçi hissəyə məlumat verir və həmin yerə evakuator çağırır. Evakuatorun tətbiq edilməsi ilə bağlı məlumatlar “Evakuatorla təxliyyə olunan nəqliyyat vasitələrinin qeydiyyatı jurnalı”nda qeydə alınır;

- YPX inspektoru “Nəqliyyat vasitəsinin duracağa göndəriş vərəqəsi”ni doldurur (avtomobilin banında görünən zədələr və nəqliyyat vasitəsinin sahibinin məlumatlandırılması üçün görülmüş tədbirlər barədə göndəriş vərəqəsində qeydlər etməklə) və evakuatorun heyətinə təqdim edir;

- göndəriş vərəqəsinin əsasında evakuatorun heyəti nəqliyyat vasitəsini duracağa aparır.

- Nəqliyyat vasitəsinin evakuatora yüklənməsi əməliyyatı başlandıqda, habelə nəqliyyat vasitəsi yükləndikdən sonra nəqliyyat vasitəsinin sürücüsü həmin yerə yaxınlaşdıqda nəqliyyat vasitəsinin duracağa göndərilməsinə yol verilmir.

- Evakuator yol-nəqliyyat hadisəsi nəticəsində sıradan çıxmış nəqliyyat vasitələrinin aparılması, habelə xüsusi tədbirlərin keçirildiyi ərazilərdə sahibsiz nəqliyyat vasitələrinin yolun hərəkət hissəsindən kənarlaşdırılması məqsədilə də istifadə olunur.

Maraqlıdır, avtomobilin ərazidən daşınma mexanizmi necə hazırlanır?

Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov cebhe.info-ya açıqlamasında bildirib ki, bu məsələ yenidən gündəmə gətirilib. Əslində isə heç bir dəyişiklik olmayıb:  “Nə dəyişiklik olub ki? Ümumiyyətlə, avtomobillər sıxlıq yaranarkən evakuasiya olunur. Yəni, dayanma-durma tələbləri pozulduqda, yolların hərəkət istiqamətini məhdudlaşdırdıqda həmin avtomobil evaukasiya edilir. Bu, hər zaman belə olub. Bəzən taksi fəaliyyəti ilə məşğul olanlar avtobusların fəaliyyətində problem yaradır. Bu da nəticə etibarilə sıxlığın yaranmasına səbəb olub. Deməli, dayanma-durma tələbləri pozulduğu üçün taksi sürücüləri haqda tədbir görülməlidir. Əgər şəxs ərazidə deyilsə, avtomobilnii qoyub gedibsə, onun bu əmlakının evakuasiya edilməsi mütləqdir”.

DYP əməkdaşı maraqlı nüansa toxunub. DYP rəsmisi qeyd edir ki, taksi sürücüləri avtobusların fəaliyyətini məhdudlaşdırır. Maraqlıdır, illərlə bir çox metrostansiyaların, xüsusən də “Xalqlar dostluğu” metrostansiyasının qarşısındakı arzuolunmaz vəziyyət aradan qalxmayıb. 50 və 64 nömrəli marşrut xəttləri taksi sıxlığından dar yola daxil ola bilmir. Əlbəttə, DYP rəsmisinin bu məsələyə münasibəti də maraqlıdır, niyə yol polisi əməkdaşları bununla bağlı konkret addım atmır: “Taksi sürücüləri ilə bağlı niyə belə düşünürük ki, heç bir addım atılmır. Həmin ərazidə yol polisi əməkdaşı xidmət göstərsə, bu məsələ həllini tapacaq. Hərəkət iştirakçısı olaraq biz polis olmadan hərəkətimizi tənzimləyə bilmirik. Polis yollarda bütün istiqamətləri nəzarətdə saxlayır. Polisin nəzarəti olmasa, insanların rahat hərəkəti təmin olunmaz. Düzdür, siz deyənlə də razıyam. Bəzi taksi sürücülərinin kobud hərəkəti nəticəsində siz, biz əziyyət çəkirik. Bir taksi sürücüsü yolun ortasında nəqliyyat vasitəsini saxlayıb gedir. Protokol tərtib ediləndə də deyirlər ki, yazıqdır, qaçqındır, əlildir. Mentalitetimizdə bu cür təhlükəli vərdişlər var”. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh