Hər zaman və hər yerdə - POLİS

Yol polisi 22 May 2018 14:12 Oxunub 5120
Hər zaman və hər yerdə - POLİS
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qorxu heç vaxt intizam vasitəsi kimi istifadə edilməməlidir, intizam bir mədəniyyət formasıdır

Polis güc strukturudur. Və bu səbəbdən də hər zaman güclü olmalıdır. Polisə güvənmək dövlətə güvənməkdir. Polis dövlətin ən vacib elementlərindən biridir. Heç bir cəmiyyət polissiz təsəvvür oluna bilməz. Çünki həyat, yaşam varsa, qayda pozmaq, cinayət törətmək, başqalarının üzərində hegemonluq etmək fikrinə düşən şəxslər də olacaq. Cəmiyyəti mənfi ünsürlərdən qorumaq yükünü çiyinlərində daşıyan strukturlardan biri də polisdir. Azərbaycan polisinin də ən ümdə missiyası ictimai sabitliyi qorumaq, dövlətin sarsılmasının qarşısını almaq, cəmiyyətdə mənfi tendensiyaların yayılmasını önləməkdir. Polis deyərkən kim nə xatırlayır bilmirəm, amma mənim fikrimcə, polis bizim güvənc yerimizdir. Haqqımızı yeyən olsa, polisə gedirik, hüququmuz pozulsa, polisə üz tuturuq, cinayət olsa, qəza baş versə, dava olsa, odda yanan, suda batan varsa, polisə müraciət edirik. Polis hər zaman və hər yerdədir. Bizim yanımızdadır, bizi qorumaq tapşırığı ilə hər gün xidmətə çıxır.

 

İllərdir yol hərəkəti qaydalarının təbliğat missiyasına qoşulduğum üçün yol polisi ilə daha sıx ünsiyyətdə oluram və onların həyat tərzini, iş prosesini daha çox izləyirəm. Amma tale elə gətirdi ki, 20 illik jurnalist fəaliyyətimdə kriminal sahədən yazmağa meylli olduğum üçün polisin digər strukturlarına da az-çox bələdəm. Qətldən, soyğundan, oğurluqdan, soyğunçuluqdan da yazılarım olub. Hətta yaxşı yadımdadır, ilk məqaləmdə polislə bağlı bir məqama toxunmuşdum və anam mənə irad bildirmişdi ki, ay oğul, polislə işin olmasın, camaat polisdən uzaq qaçır, sən də polisdən yazırsan... İllər keçəndən sonra ətrafımda çoxlu polis dostlarım oldu, evimizə də gəldilər, xeyir-şər məclislərimizdə bizi tək qoymadılar. Hərdən anama deyirəm ki, ana, gördün, o vaxt mənə deyirdin, polisdən uzaq dur. Amma onlar heç də qorxulu deyillər, gör nə qədər dost qazanmışam. Artıq anam məclislərdə qürurla danışır ki, oğlumun çoxlu polis dostları var. İndi övladlarıma polislə bağlı danışıram. Yol gedərkən dayanıb dost-tanış polislərlə görüşməli oluruq, söhbətləşirik, telefona zəng gələndə “bəli, komandir”, “bəli, rəis”, - deyə o qədər cavab vermişəm ki, kiçik oğlum harada polis görsə deyir, ata, gedək polis dostumla görüşək. Artıq ona elə gəlir ki, bütün polislər mənim də, onun da dostudur. 5 yaşı olsa da, özünə polis forması da tikdirdi və o formanı bütün geyimlərindən üstün tutur. Onu geyinəndə özünü daha güclü və daha inamlı hiss edir... Bu misalları elə-belə çəkmədim. Düşünürəm ki, bəzi valideynlər övladlarını polisə qarşı aqressiv və ya qorxaq böyüdür, bu formada tərbiyə verir. Məsələn, adətdir ki, evdə balaca uşaqlar yemək yeməyəndə, nadinclik edəndə valideynlər uşağı molla, həkim və ya polislə qorxudurlar. Molla məsələsini anlamıram. Amma ehtimal ki, molla saqqalı olduğu üçün uşağı qorxuda bilər. Həkim isə uşağa iynə vurur deyə uşaqda qorxu yaranır. Bəs polis? Polis uşağa nə edir ki, valideynlər onları qorxulu obrazda uşağa təqdim edirlər? Kim deyir ki, polis xoxandır? Mənim bu məsələdə fikirlərim fərqlidir və bu barədə söhbət etdiyim bütün valideynlər bu fikirlərimlə razılaşıblar. Götürək, iki valideyn nümunəsini. Bir valideyn uşağını polislə qorxudur, polisi mənfi obraz kimi uşağa təlqin edir. Digər bir valideyn isə övladına polis haqqında müsbət şeylər danışır. Başa salır ki, küçədə tanımadığın biri yaxınlaşıb nəsə versə, harasa aparmaq istəsə, o saat polisə yaxınlaş. Və ya yolu keçə bilməyəndə, haradasa yolu azıb qalanda, gəzinti vaxtı itəndə polisə yaxınlaş, atanın, ananın adını de, telefon nömrəsini söylə, kömək istə... Müqayisə etməyi sizin ixtiyarınıza buraxıram. Hər halda hansı valideynin övladını normal tərzdə tərbiyə etdiyini düşünmək çətin olmayacaq. Və düşünmək çətin deyil ki, hansı tərzdə tərbiyə valideynin işinə daha çox yarayacaq.

Psixoloq Könül Telmanqızı da deyir ki, bir çox zamanlarda bəzi valideynlər övladlarının qeyri-kafi hərəkətlərini düzlətmək üçün uşaqlarını qorxutmağa çalışırlar: “Uşaqları ilə ünsiyyət qura bilməyən bəzi valideynlər son çarəni övladlarını “polis gələcək”, “həkim iynə vuracaq”, “it gəlir” və digər bu kimi sözlərlə qorxutmağa çalışırlar. Belə hallar zamanla uşaqların psixologiyasına pis təsir etməyə başlayır. Tədricən həkimə, polisə nifrət hissi oyanmağa başlayır. Məsələn, əgər hər gün valideyn övladını “sözümə baxmasan, polis gəlib səni aparacaq” cümləsi ilə qorxudarsa, uşaq ictimai yerdə hər hansı bir hadisə ilə üzləşdikdə polisə yaxınlaşmaqdan qorxacaq”.

Psixoloq məsləhət görür ki, boş təhlükələrlə uşaqlarınızı qorxutmayın. "Sənin anan olmayacağam, səni polis əmiyə verərəm, səni buraxıb gedəcəm”. Uşaq bu kimi təhdidlərə inanaraq, valideynlərinə qarşı güvənsizlik hissi yaşaya bilər. Bu cür qorxular uşaqların pisxologiyasına pis təsir edərək, özünəgüvən hissinin olmamasına və hədsiz fobiyanın yaranmasına gətirib çıxaracaq.

Bəli, qorxu heç vaxt intizam vasitəsi kimi istifadə edilməməlidir! İntizam bir mədəniyyət formasıdır və ailədən gəlir. Bu cür fobiyanın uşaqlarda meydana gəlməsinin qarşısını almaq üçün valideynlər uşaqlarını qorxutmaqla deyil, düzgün yanaşma tərzini seçməklə, sevgi ilə anlatmaqla yanaşmalıdırlar. Ən maraqlısı odur ki, polisi mənfi obraz kimi görənlərin də, polisə dəyər verənlərin də dar məqamda üz tuta biləcəyi ünvan məhz polisdir. Elə isə niyə onlara qarşı aqressiv, küskün, incik və qorxu içində yanaşmalar var? Düşünürəm ki, bu tendensiyanın qarşısını almaq üçün artıq tutarlı addımlar atılır. Təəssüflər olsun ki, bunu bağçalarda, məktəblərdə müəllimlər, tərbiyəçilər yox, elə polisin özü etməli olur. Artıq son illər Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişi ilə respublikanın bütün bölgələrində polis idarə və şöbələrinin əməkdaşları orta məktəblərdə, uşaq bağçalarında mütəmadi görüşlər keçirir. Görüşlərdə azyaşlı və yeniyetmələrə erkən nigahların və narkomaniyanın ağır fəsadlarından danışılır və bu işlərdən uzaq durmaq, eləcə də hər bir vətəndaş üçün önəmli olan yol hərəkəti qaydaları təbliğ olunur. İctimai qaydaların təbliği hər zaman, fasilə verilmədən təbliğ olunmalıdır. Amma burada polis tək qala bilməz. Polis gündəlik ictimai sabitliyin keşiyində dayanır. Polisin işi məktəblərdə, bağçalarda dərs keçmək deyil. Təbliğat işi dərsliklərdə olmalıdır, təbliğat tədbirlərini Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, rayon icra hakimiyyətləri, eləcə də Qeyri-Hökumat Təşkilatları təşkil edərək, polisi də dəvət etməlidir. Çünki təbliğat qanun və ya inzibatçılıq deyil, ictimai işdir. Amma ümumən təbliğat işində polisin təşəbbüsləri vacibdir.

Bu gün təbliğatına daha çox ehtiyac duyulan məsələlərdən biri də yol hərəkəti qaydalarıdır. Bununla bağlı işlərə fasilə verilməməlidir. Çünki məhz təbliğat nəticəsində yol qəzalarının sayı hər il azalmaqdadır. Bəs bu işlər necə həyata keçirilməlidir? İlk növbədə medianın gücündən istifadə etmək lazımdır. Radio, televiziya, saytlar, sosial şəbəkələr kənarda qalmamalıdır. Yol qəzaları sosial bəladırsa, buna qarşı bütün cəmiyyət mübarizə aparmalıdır. Polis isə danışmalı, göstərməli və izah etməlidir. Yorulmadan, dayanmadan bu işlər görülməlidir. Yadıma gəlir, 1990-cı illərin axırlarında qardaş Türkiyədə yol qəzalarının sayı durmadan artırdı. Bütün türk TV-ləri “trafik kurallarına uyalım, uymayanları uyaralım” şüarı ilə təbliğat işi aparırdı. Animasıyalar, sosial çarxlar TV-lərdən əskik olmurdu. Əlbəttə, bu işlər birbaşa rəsmi strukturlar tərəfindən təşkil olunur, media isə yayılmasına dəstək verirdi. Odur ki, bu gün Azərbaycanda da polisin təbliğatı sinif otaqlarından, bağçalardan daha çox TV-lərə, radioalara, elektron KİV-lərə, sosial şəbəkələrə daşınmalıdır. İnsanlar haradadırsa, təbliğat da orada aparılmalıdır. Bu gün hamı çox gözəl bilir ki, cəmiyyətimiz informasiyanı daha çox haradan alır. Bunu biliriksə, elə o cür vasitələrdən də istifadə edib, iş qurmaq lazımdır. Kim deyə bilər ki, Azərbaycanda deputatın, nazirin, polis rəisinin, icra başçısının, müəllimin, direktorun, mühəndisin və həkimin özü, yaxını, doğması yol qəzasına düşmür və ya qayda pozmur? Hər bir insan sürücü, yaxud sərnişin qismində yol hərəkəti iştirakçısıdır. Və hər kəs də yollarda vəziyyətin necə olduğunu, bunun qarşısını almaq üçün nə etmək lazım gəldiyini yaxşı bilir. Bax, o lazım gələn məsələləri təbliğ etmək lazımdır. Təəssüflər olsun ki, təbliğat, maarifləndirmə verilişlərinə və ya bu işlə məşğul olan media orqanlarına dəstək olan olmur. Şou-biznes xəbərləri və qalmaqal yazan media orqanları isə sponsordan bol olur. Təəssüflər olsun ki, bəzi media orqanları da yol polisinin apardığı təbliğat işinə dəstək olmur, göndərilən məlumatları yayımlamır, amma polisə qarşı mənfi materialları, videoları bəh-bəhlə yayımlayırlar. Düşünürəm ki, bu cür tendensiya cəmiyyət üçün ziyanlıdır və hər iki tərəfin ortaq məxrəcə gəlib birlik nümayiş etdirməsinə ehtiyac var. Hər bir halda polis cəmiyyətin ziyanına təbliğat aparmır, elə o mənfi xəbərləri yaymaqla məşğul olanların da özünü və ailəsini pisliklərdən, qəzalardan qoruyur. Əmin olun ki, o cür insanlar da qəzaya düşəndə, evində oğurluq olanda, qonşuda dava düşəndə, uşağına kimsə bir sillə vuranda dərhal polisə zəng edir. Niyə? Çünki bilir ki, polis gəlib məsələni həll edəcək, qayda pozanlar, cinayət törədənlər cəzasız qalmayacaq.

Cəzadan söz düşmüşkən, elə polislər də cəzasız qalmırlar. Hər il yüzlərlə polis DİN rəhbərliyi tərəfindən cəzalandırılır. İşdən çıxarılanlar, daxili işlər orqanlarından qovulanlar, vəzifəsi və rütbəsi kiçildilənlər yüzlərlərdir. Niyə? Çünki haradasa vətəndaşa qarşı qanunsuzluq ediblər. Nadir hallarda ola bilər ki, daxili intizam qaydalarını pozan polislər sərt cəzalansın. Ən sərt cəzalanan polislər məhz vətəndaşların müraciəti əsasında cəzalananlardır. Dəqiqləşdirmək üçün DİN-ə sorğu versəniz, sizə geniş cavab verəcəklər. Elə isə hüquqlarınız pozulanda, sizə qarşı haqsızlıq ediləndə, polis süründürməçiliyi və qanunsuz tələbi ilə üzləşəndə şikayət edin. Edin və görün ki, cavabı necə olur. Bu gün Daxili İşlər Nazirliyinə hər yerdən əl çatır. 102 xidməti DİN-in görən gözü, eşidən qulağıdır. Bir müraciət də cavabsız qalmır. Mia.gov.az, dyp.gov.az, e-xidmet.mia.gov.az saytları neçə illərdir vətəndaşların xidmətindədir. Yazılan heç bir şikayət və ya müraciət cavabsız qalmır. Hələ Asanpay.az saytında elektron kabineti olan sürücülər də bəzən “ödə” düyməsini yox, “şikayət et” düyməsini basanda DYP cavab verməli olur. Və ən nəhayət, bu gün Daxili İşlər Nazirliyi çoxunuz olduğunuz yerlərdə - Facebookda, İnstagramda da var. Yazın, sözünüzü deyin və cavabınızı gözləyin. Gözləyin, polis mütləq cavab verəcək, gəlib məsələni araşdıracaq. Əbəs yerə yazının başlığında demədim ki, polis hər zaman və hər yerdədir...

Elməddin Muradlı 

Yazı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Azərbaycan Polisinin 100 illik yubileyi ilə əlaqədar elan etdiyi müsabiqəyə təqdim edilir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh