İdmanımızın polis bayraqdarları - FOTO
Onlar hər zaman səfərbərdirlər. Bayrağımızı ucaltmaq, ölkəmizin idman şərəfinin qorunması naminə parlaq qələbələr qazanmaq əzmindədirlər. Nə çətin sınaqlar, nə də gərgin yarışlar onları yorub, usandırmır. Gərgin işləyib, əzmlə çalışırlar, asudə vaxtlarını təlim-məşqlərinə həsr edir, ustalıqlarını, hazırlıqlarını daim artırırlar. Zəhmətləri də hədər getmir, ölkəmizi dünyada layiqincə təmsil edir, bayrağımızı zirvələrə qaldırırlar. Cinayətkarlıqla mübarizədə fədakarlıq göstərən, asayişi, sabitliyi qorumaq üçün gecəli-gündüzlü sayıq xidmət aparan, yeri gələndə silahlı şəxsləri tərksilah edən, yanğının, odun-alovun içindən insanları xilas edən polislərimiz bizə idman zəfərləri də bəxş edirlər.
Azərbaycan dünyada həm də idman ölkəsi kimi tanınır. İdman ulduzları təmsilçilərimizi ən güclü rəqibləri bilirlər. Ölkəmizin dünyanın ən möhtəşəm idman yarışlarına ev sahibliyi etməsi adi hal alıb. Heç şübhəsiz ki, bu ilin ən böyük idman hadisəsi IV İslam Həmrəyliyi Oyunları oldu. Müsəlman dünyasının 54 ölkəsindən 3 mindən çox idmançının gərgin mübarizə apardığı yarışda atletlərimiz doğma divarlar arasında növbəti zəfərə imza atdılar. 75-i qızıl, 50-si gümüş, 37-si bürünc olmaqla, 162 medal qazanan Azərbaycan IV İslamiadanı rekord göstərici ilə birinci pillədə başa vurdu. DİN İdman Cəmiyyətini təmsil edən idmançılarımız və yetirmələr bu yarışda 9 qızıl, 3 gümüş medal qazanmaqla ölkəmizin qələbəsinə öz töhfələrini veriblər. Digər dünya və qitə çempionatlarında, beynəlxalq yarışlarda da təmsilçilərimiz respublikamızı layiqincə təmsil ediblər.
Möhtərəm dövlət başçımızın ilin idman yekunlarına həsr olunmuş tədbirlərdə idman qələbələrinin qazanılmasında əməyi olan idmançılar, məşqçilər və mütəxəssislər ilə görüşü son illərin ən gözəl ənənələrindəndir. Hər dəfə belə görüşlərdə idmançılarımızın, o cümlədən daxili işlər orqanlarının yetirmələrinin əməyi yüksək qiymətləndirilir.
Dekabrın 18-də dövlət başçımızın iştirakı ilə keçirilən 2017-ci ilin idman yekunlarına həsr olunmuş tədbir sevincimizə sevinc, fərəhimizə fərəh qatdı. Təltif olunanlar arasında daxili işlər orqanlarının idmançı əməkdaşları, DİN İdman Cəmiyyətinin təmsilçilərini görmək doğrudan da qürurverici idi.
Möhtərəm prezidentimizin ölkəmizdə idmanın inkişafında xidmətlərinə görə Olimpiya, dünya və Avropa çempionu, DİN İdman Cəmiyyətinin sədri, polis polkovniki Zemfira Meftahətdinovaya “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adını, döş nişanı və vəsiqəsini təqdim etməsi bütün idmansevərlərin ürəyincə oldu.
İdman cəmiyyətinin əməkdaşı, əməkdar məşqçi Rəsul Məmmədovun uzun illər ərzində çəkdiyi zəhməti, yorulmaz məşqçilik fəaliyyəti Milli Olimpiya Komitəsinin fəxri fərmanı ilə təltif olunmaqla öz layiqli qiymətini alıb. Onun yetirmələri dəfələrlə mötəbər yarışlarda ölkəmizi yüksək səviyyədə təmsil edib, əlbəyaxa döyüşün cui-citsu növündə nailiyyətlər qazanıblar.
Həmin tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmanın inkişafında və əldə etdiyi yüksək nailiyyətlərə görə bir qrup idmançıya və idman mütəxəssisinə yeni mənzillərin orderini təqdim etməsi onlara göstərilən ali diqqət və qayğının növbəti əyani təzahürü oldu. DİN-in Baş Cinayət Axtarışı İdarəsinin əməkdaşı, polis baş leytenantı Elçin Bədəlovun böyük idmanda uğurları hələ orta məktəbdə başlayıb. Polis Akademiyasında təhsil aldığı zaman, 2014-cü ildə Braziliyada keçirilən karatenin full-kontakt növündən dünya çempionu olub, Latviyada Avropa çempionu adını alıb. Sonradan ikinci dəfə dünya çempionatının qızıl medalına sahib olub. Təmsilçimiz həm də dəfələrlə respublika çempionu, beynəlxalq turnirlərin qalibi olub.
Bakı şəhər BPİ-nin DYPİ-nin YPXA-nın polis nəfəri Nicat Əliyev və İdman Cəmiyyətinin məşqçisi Emil Qurbanov universal döyüş üzrə qatıldıqları mötəbər yarışlarda ölkəmizi dəfələrlə layiqincə təmsil ediblər.
İdmançılarımız üçün daha bir əlamətdar yarış dekabrın 25-də Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilib. 2017-ci ilin idman yekunlarına həsr olunmuş həmin mərasimdə ilin yekunlarına əsasən bir sıra nominasiyalar üzrə ən yaxşı idmançıların adlarının açıqlandığı sıyahıda DİN Daxili Qoşunlarının İdman komandasının əməkdaşı, baş leytenant Ruslan Lunyov da var. İlin ən yaxşı idman təşkilatları sırasında isə DİN İdman Cəmiyyəti də yer alıb.
Şübhə yoxdur ki, idman ölkəmizdə gələcəkdə daha da inkişaf edəcək və idmançılarımız Azərbaycana yeni-yeni uğurlar qazandıracaq. Çünki möhtərəm dövlət başçımızın bədən tərbiyəsi və idmanın inkişafı sahəsində gördüyü genişmiqyaslı tədbirlər Azərbaycanı dünyaya idman ənənələri olan ölkə kimi də tanıtdırıb. Bu istiqamətdə görülən işlərin daha da genişləndirilməsi uğurlarımızı artırmaqdadır.
Zeyni Hüseynov,
DİN Mətbuat Xidmətinin əməkdaşı