İlk dərs günü yollarda təhlükəsizlik necə təmin ediləcək? – RƏSMİ AÇIQLAMA

Yol polisi 14 Sentyabr 2026 19:00
İlk dərs günü yollarda təhlükəsizlik necə təmin ediləcək? – RƏSMİ AÇIQLAMA
WhatsApp kanalımıza abunə olun

Yeni tədris ili sabahdan başlayır və paytaxt sakinləri ilk dərs günündə yollarda təhlükəsizlik, sıxlıq və digər problemlərlə bağlı öz narahatlıqlarını ifadə edirlər.

Avtosfer.az xəbər verir ki, artıq bir müddətdir ki, yol polisi əməkdaşları təhsil müəssisələri yaxınlığında təhlükəsizlik tədbirlərini gücləndirib. Lakin ilk dərs günü həm bölgələrdə, həm də paytaxtdakı məktəblərin ətrafındakı ərazilərdə vəziyyət sual doğururdu.

Daxili İşlər Nazirliyi (DİN) yeni dərs ilinin başlanması ilə bağlı valideynlərə müraciət edib. DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev yeni dərs ili ilə bağlı valideynlərə müraciətində bildirib ki, minlərlə şagird, tələbənin təhlükəsizliyi üçün daxili işlər orqanları tərəfindən müvafiq tədbirlər müəyyən olunub həyata keçirilir:

"Nəzərdə tutulan tədbirlər sırasında valideynlərdən xahiş edirik ki, yollarda hərəkət axınını normal qaydada təşkil etmək məqsədilə tədris ocaqlarının ətrafında yol hərəkəti qaydalarına ciddi əməl etsinlər və ictimai nəqliyyata üstünlük versinlər.

Nəzərə alınmalıdır ki, şəxsi nəqliyyat vasitələrinin məktəblərin qarşısında saxlanması süni tıxac-sıxlıq yaradır. Tıxac-sıxlıqların yaranması digərlərinin dərsə gecikməsinə səbəb olur. Ona görə də elə edək ki, onlar da dərsə gecikməsinlər və ləngiməsinlər. Bu, həm də mənəvi məsuliyyətdir.

Övladlarımızın ilk dərs günü başqalarına göstərdiyimiz ehtiram və münasibət məsuliyyətlilik nümunəsidir".

Məsələ ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqələr bölməsinin rəisi Elvin Hacıyev Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, yeni tədris ilinin başlaması münasibətilə Baş Dövlət Yol Polisi İdarəsi olaraq bütün şagird və tələbələri, müəllimləri və valideynləri təbrik edir. Hər birinə uğurlu və təhlükəsiz tədris ili arzulayırıq.

“Tədris prosesinin başlaması ilə yollarda, xüsusilə səhər və axşam saatlarında hərəkət intensivliyinin artması, məktəb, baxca və digər təhsil məsələlərin ətrafında sıxılığın yaranması gözlənilir. Belə şəraitdə, hər bir hərəkət iştirakçısının daha diqqətli və məsuliyyətli davranması vacibdir. Təhsil müəssisələlərinin yaxınlığında sürət əvvəlcədən azaldılmalı, piyada keçidlərinə xüsusilə diqqət yetirilməli, avtomobillər ikinci cərgədə piyada keçilərinin üzərində və hərəkətə maneə yaradan digər yerlərdə saxlanılmamalıdır. Valideynlər uşaqları məktəbə gətirib-apararkən, avtomobilləri yalnız təhlükəsiz və izazə verilən yerlərdə saxlamalı, onların nəqliyyat vasitəsindən səki istiqamətində düşüb-minməsinə nəzarət etməlidirlər.

Şagirdlər yolu yalnız müəyyən edilmiş yerlərdən keçməli, dayanmış avtomobillərin arasından qəfil yola çıxmamalı, hərəkət zamanı mobil telefon və qulaqlıq kimi diqqəti yayındıran vasitələrdən istifadə etməməlidirlər. Unutmayaq ki, validənlərin yol hərəkətində nümayiş etdirdiyi davranış uşaqlar üçün ən təsirli nümunədir. Övladlarımızdan qaydalara əməl etməyi tələb ediriksə, ilk növbədə bunu öz davranışımızla göstərməliyik.

Bildirmək istərdim ki, DYP əməkdaşları tərəfindən məktəbətrafı ərazilərdə gücləndirilmiş iş rejimində xidmət aparılacaq. Əsas məqsəd hərəkət iştirakçılarının rahat və təhlükəsiz hərəkətinin təmin edilməsidir. Baş Dövlət Yol Polisi İdarəsi hər kəsi yeni tədris ilin ilk günlərində yollarda diqqətli, səbirli, məsuliyyətli olmağa çağırır.

Məktəbə gedən hər bir uşağın təhlükəsizliyi hamımızın ortaq məsuliyyətidir”.

Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli müsahibəsində qeyd edib ki, yeni tədris ilinin başlaması ilə əlaqədar küçə və prospektlərdə, xüsusilə də təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyinin artacağı nəzərə alınaraq, polisə əməkdaşları tərəfindən ictimai asayişin qorunması, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, eləcə də baş verə biləcək xoşa gəlməz hadisələrin qarşısının alınması məqsədi ilə gücləndirilmiş rejimdə xidmət təşkil olunacaq.

“Bunları nəzərə alaraq, bütün sürücülərdən xahiş edirik ki, yol hərəkəti qaydalarına ciddi riayət etsinlər. Əsasən də fərdi nəqliyyat vasitələri ilə şagirdləri məktəbə aparan sürücülər dayanma-durma qaydalarını pozmamaqla avtomobillərini icazə verilən ərazilərdə saxlasınlar ki, digər hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinə maneə yaratmasınlar. Eyni zamanda, piyadalara səkidə hərəkət etməklə avtomobil yollarına çıxmamağı və hərəkət hissəsini piyada keçidləri ilə keçməyi, valideynlərə isə az yaşlı uşaqları nəzarətsiz qoymamağı tövsiyə edirik”.

Səfər

Oxunub : 234
ŞƏRH YAZ
Ad

E-mail

Şərh