“Qəzaların azalması yalnız yol polisinin işi deyil...” – Polkovniklə MÜSAHİBƏ

Yol polisi 22 Yanvar 2022 22:22 Oxunub 2774
“Qəzaların azalması yalnız yol polisinin işi deyil...” – Polkovniklə MÜSAHİBƏ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son illər ölkədə baş verən yol-nəqliyyat hadisələri ilə bağlı məlumat aldıqda vətəndaşlar təəccüblənərək bir vaxtlar belə hadisələrin sayının az olduğunu deyirlər.

Baş verən prosesləri isə bəzən ötən illərdə informasiyanın azlığı ilə əlaqələndirənlər də var. Bu da bir faktdır ki, ölkədə mövcud avtomobil sayı heç vaxt indiki rəqəmlə eyni olmayıb.

Doğurdanmı bu gün baş verən yol-nəqliyyat hadisələri artıb və bu hadisələr sürücülərin məsuliyyətsizliyinin nəticəsidir?

Avtosfer.az xəbər verir ki, bununla bağlı Cebhe.info-nun suallarını Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov cavablandırıb.

Son vaxtlar yol-nəqliyyat hadisələrinin sayı hansı istiqamətdə dəyişib?

- 2021-ci ildə Bakı şəhərində 514 yol qəzası, 211 ölü, 413 xəsarət qeydə alınıb. 2020-ci ildə 460, 2019-cu ildə 569, 2018-ci ildə 619, 2017-ci ildə isə 646 hadisə olub. Görünür ki, son illərlə müqayisədə 150-dən artıq yol-nəqliyyat hadisələrinin sayı aşağı düşüb. Məhz qəzaların sayının aşağı düşməsi, ölümlərin sayının da aşağı düşməsinə səbəb olub. DYP-nin məqsədli, ardıcıl tədbirlərinin nəticəsində hadisələrin sayı azalıb. Hadisələrin baş verməsinə səbəb olan, sürət həddi, piyada vurma, ara məsafəsi, hərəkət zolağına çıxma üzrə də hadisələrin sayı azalıb. Bu da tətbiq edilən yeni texnilogiyanın, prafilaktik tədbirlərin keçirilməsinə üstünlük verilməsi, eləcə də təbliğat xarakterli informasiyaların yayılmasının nəticəsidir.

Yəni yol, avtomobil, sərnişin, piyada varsa, yol qəzalarının olması qaçılmazdır. Ancaq mövcud vəziyyət deməyə əsas verir ki, yol hərəkətində mədəniyyət səviyyəsinin formalaşması, hər bir iştirakçının yol hərəkətində öz məsuliyyətini dərk etməsi yol nəqliyyat hadisələrinin qarşısının alınmasına birbaşa təsir göstərir. İstənilən halda 21-ci əsrin texnologiyası ölkədə tətbiq edilir və küçə, yollarda yol polisi əməkdaşının xidmət etməsinə ehtiyac qalmır. Əgər hər bir sürücü, piyada "Yol hərəkəti haqqında" Qanunun tələbini düzgün yerinə yetirirsə, avtomatik hadisələr aşağı düşür.

Məsələn, bu gün 6 inkişaf etmiş ölkədə "İ-patrul" sistemi tətbiq edilib. Həmin sistem hazırda bizim ölkədə də tətbiq edilib. Hərəkətin təşkil edilməsi, inzibati tənbeh tədbirlərinin seçilməsi avtomatik şəkildə həyata keçirilir. Bu da istər-istəməz hadisələrin sayının azalmasına təsir göstərir. Hazırda sürət həddinin aşılması ən müasir cihazla, texnologiya ilə ölçülür. Bir vaxtlar kəmər bağlamamaqla bağlı yol polisi saxlayıb protokol yazırdısa, indi bu cihazla aşkarlanır və inzibati tənbeh tədbirləri görülür.

Baş verən ölüm hadisələrində piyadaların vurulması halları da çoxdur. Bu sürücü, yoxsa piyada məsuliyyətsizliyindən irəli gəlir?

- Bu gün hamını narahat edən əsas məsələ piyadaların vurulmasıdır. Bu il piyadaların vurulması ilə bağlı baş verən hadisələr 60 faiz təşkil edir və çox ciddi rəqəmdir. Vaxtilə paytaxtda 10 yeraltı keçid var idisə, hazırda bu rəqəm 80-dən artıqdır. Bu keçidlər nə üçün tikilib vətəndaşların istifadəsinə verilib? Ona görə ki, piyadaların təhlükəsizliyi təmin olunsun. Təəssüf ki, yol-nəqliyyat hadisələrini təhlil etdikdə sürücü diqqətsizliyi piyada səhlənkarlığının nəticəsi ortaya çıxır. Piyadaların vurulması faktlarını araşdırdıqca görürük ki, yeraltı keçidlərə yaxın məsafələrdə piyadalar vurulur. Piyadalar ən azından "Yol hərəkəti haqqında" Qanunun tələblərini düzgün yerinə yetirməlidirlər. Təəssüf ki, hələ də "görmədim", "bilmədim", "tələsirəm", yaxud "filakəsəm" kimi ifadələr işlətməklə vətəndaşlar məsuliyyətdən yayınmağa çalışırlar. Ancaq vətəndaşlara müraciət edirəm ki, belə hallar onları məsuliyyətdən azad etmir.

Bir vaxtlar avtomobillərin səs siqnalları ilə bağlı müəyyən qadağalar tətbiq edilmişdi. Hazırda bu istiqamətdə problem aradan qaldırılıbmı?

- Elə problemlər var ki, onlardan da yan keçmək olmaz. Belə ki, bir çoxlarımızın adət etdiyi, nəqliyyat vasitələrində quraşdırılmış səs siqnallarından lüzumsuz istifadə faktlardır. Məsələn, ailə qurarkən sevinirik səs siqnalı veririk, bir-birimizi səs siqnalı ilə çağırırıq, xudafisləşərkən belə səs siqnalı veririk. Ancaq qanun deyir ki, lüzumsuz səs siqnallarından istifadə edilməməlidir. Ümumiyyətlə, nəqliyyat vasitəsində olan səs siqnalı yalnız iki halda verilə bilər. Ya yaşayış məntəqəsindən kənarda qarşıda hərəkət edən nəqliyyat vasitəsini ötmək istədikdə, ya da yol-nəqliyyat hadisəsinin baş verməməsi üçün qarşı tərəfdəki sürücüyə xəbərdarlıq etdikdə siqnal verilməlidir. Ancaq bu gün süni sıxlıq yaşanır, sürücülər səs siqnalından istifadə edirlər. Sevinirk, evlənirik, çağırırıq, xudafizləşirk səs siqnalından istifadə edirik ki, bu da bizim təhlükəli adətimiz, vərdişimizdir ki, bundan yayınmalıyıq.

Son illər ölkədə artan avtomobil sayının yol-nəqliyyat hadisələrində rolunu necə qiymətləndirirsiz?

- Əgər 10 il bundan əvvəl Bakı şəhəri üzrə yol- nəqliyyat hadisələri 1000-dən artıq idisə, bu gün hadisələr 50 faiz aşağı düşüb. Hansı şəkildə aşağı olmasına gəldikdə, 10 il bundan əvvəl Bakıda 500 min avtomobil var idisə, indi hazırda paytaxtdakı avtomobillərin sayı ümumi ölkə üzrə qeydə alınan avtomobillərin sayı 72 faiz təşkil edir. Ölkə üzrə 1 milyon 600 min nəqliyyat vasitəsi var. Hər 8 nəfərdən birinə 1 avtomobil düşür. Yalnız Bakı, Abşeron, Sumqayıt və onlara yaxın ərazilərdə yaşayan insanların sayı təxminən 5 milyona qədərdir. Təsəvvür edin ki, bu qədər əhali sayı, eləcə də 72 faiz nəqliyyat vasitəsinin paytaxtda idarə edilməsi, küçə və yolların 2400 km-dək uzanması, mürəkkəb yol qovşaqları, yol kəsişmələri və digər tənzimləyici texniki vasitələr yol qəzalarının yaranması deməkdir. Nə qədər yol kəsişmələri varsa, bir o qədər də yol-nəqliyyat hadisələrinin yaranmasına zəmin yaradan faktdır. Bu gün ona görə körpülər, tunellər çəkilir, yeraltı keçidlər tikilir ki, bu kəsişmələrin sayı azalsın, yol-nəqliyyat hadisələrinin sayı aşağı düşsün.

Təəssüf ki, piyadalar tərəfindən etinasızlıq göstərilir, səhlənkarlıq nümayiş etdirilir. 100 metr məsafədən təhülkəsiz keçməyi nəzərə almadan yolun ortasından keçməyə üstünlük verilir ki, nəticədə piyada vurulur. Ona görə də bizimlə yanaşı bu istiqamətdə KİV təbliğat işini gücləndirməlidir.

Hazırda yol-hərəkəti qaydalarının pozulması ilə bağlı daha hansı böyük narahatlıq doğurur?

- Hazırda bizi Bakı şəhərində narahat edən bir prioritet məsələ də var ki, bu da nəqliyyat vasitələrinin dayanma, durma və saxlama tələblərinin yerinə yetirilməsi ilə bağlıdır. Hərəkət iştirakçılarına deməyə çalışırıq ki, istədiyiniz yerdə nəqliyyat vasitəsinin saxlanması, dayanma-durma proseslərinin yerinə yetirilməsi yolun daralmasına, həmin ərazidən keçən nəqliyyatın hərəkətinə mane olur. Gün ərzində bu qədər protokol yazırıq, təəssüf ki, bəzi sürücülər, xüsusilə də taksi fəaliyyəti ilə məşğul olan sürücülər "1 dəqiqə müştəri görürürəm", "belə pul qazanıram" deməklə hətta ay ərzində 5-6 dəfə eyni xətaya görə məsuliyyətə cəlb edilsə də, yenə də bəzi sürücülər qaydalara riayət etmir. Nəticədə ictimai nəqliyyatdan istifadə edən sərnişinlər də ləngiyirlər. Bu tələblərin pozulması, qəzaların baş verməsinə, bəzi ərazilərdə piyadaların məcburi yolun hərəkət hissəsinə çıxmasına səbəb olur. Hadisələrin azalması yalnız yol polisi deyil, vətəndaşlardan, sürücülərdən də asılıdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh