Reklam

Mal-qaranı maşın vuran kimi sahibi «yoxa çıxır» - DYP xəbərdarlıq etdi - VİDEO

Yol polisi 9 Fevral 2017 13:52 Oxunub 6674
Mal-qaranı maşın vuran kimi sahibi «yoxa çıxır» - DYP xəbərdarlıq etdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qaradağdan keçən magistralda qəzaların əksəriyyətini piyadavurmalar təşkil edir

«Respublika əhəmiyyətli yollarda piyadaların vurulması hallarının artması Daxili İşlər Nazirliyinin və Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyini narahat edir». Bunu Qaradağ rayonu Sahil, Ümid, Sənqəçal, Qobustan və Ələt qəsəbələrinin icra və bələdiyyə nümayəndələri, məktəb direktorları, müəllim, tələbə və yerli sakinlərlə görüşündə BDYPİ-nin Yol-Patrul Xidməti Alayının 6-cı tağımının komandiri, polis mayoru Vüqar Əsgərov deyib. O, yol hərəkəti təhlükəsizliyinin təmini və hərəkət iştirakçılarının yol hərəkəti qaydalarına əməl etmələrinə nəzarətin gücləndirilməsi barədə DYP rəhbərliyinin göstərişini diqqətə çatdıraraq bildirib ki, 6-cı tağımın xidməti ərazisində ağır nəticəli yol nəqliyyat hadisələrinin başvermə səbəb və şəraiti öyrənilib. Bu qənaətə gəlinib ki, belə hadisələrin qarşısının alınmasında maarifləndirmə işinin genişləndirilməsinə və bu sahədə ictimaiyyət nümayəndələrinin yol polisinə köməyinə ehtiyac duyulur: «Hadisələrin başvermə səbəbi və şəraiti müəyyən olunaraq qarşısının alınması üçün müvafiş tədbirlərin görülməsi məqsədi ilə tərəfimizdən müayinə olunub, yol hərəkətinin təşkili üzrə aşkar olunmuş nöqsanların aradan qaldırılması üzrə tədbirlər görülüb, baş vermiş hadisələrin səbəb və şəraiti araşdırılıb. Yol nəqliyyat hadisələrinin səbəbləri sırasında piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması, yolların təhkim zolaqlarında küçə ticarətinin aparılması, kənd təsərrüfatı təyinatlı texnikaların günün qaranlıq vaxtında yollarda hərəkət etməsi mühim yer tutur. Yol qəzaları nəticəsində insanların sağlamlığına və əmlakına dəymiş zərər ailə büdcəsinə, ağır xəsarət və ölümlə nəticələnəndə isə ailə üzvlərinə və yaxınlarına çox ciddi mənəvi-psixoloji təsir göstərir».

Keçirilən digər görüşlərdə bildirilib ki, heyvanların yollarda nəzarətsiz buraxılması nəticəsində də qəzalar baş verir ki, bu da heyvan sahiblərinin inzibati və vurulan zərərə görə mülki məsuliyyətini ortaya çıxarır. Həmçinin, küçə ticarətinin yolun kənarlarında və təhkim zolağında olması insanların həyatını təhlükədə qoyur.

DYP zabiti bu yaxınlarda Sahil qəsəbəsi ərazisində iki azyaşlı uşağın qayda pozmasının ağır faciə ilə nəticələndiyini də diqqətə çatdırıb: «Bacı və qardaş məktəbə gedərkən yolu keçib ortada metal çəpərin arasında dayanıblar, sonra oğlan qəflətən yola qaçarkən «Mercedes» markalı avtomobil tərəfindən vurulub və ölüb. Bizim ərazidə piyadavurma halları artdığı üçün rəhbərliyimiz də narahat olur. İnsanlar heç nəyə fikir vermədən metal çəpərin üstündən tullanıb o yana keçir, bu yana keçirlər. Həm özlərinin, həm də sürücülərin həyatını təhlükəyə atırlar. Bu il bizim ərazidə baş verən 7 yol qəzasında 5 nəfər yerindəcə ölüb, 2 nəfər xəsarət alıb. »

Görüşdə qeyd olunub ki, Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Sahil, Ümid, Sənqəçal, Qobustan və Ələt yaşayış məntəqələrindən keçən hissəsində yol kənarında səyyar ticarət təşkil olunur. Buna görə də, piyadaların qaydalara əməl etmədən yoldan istifadə edərək qəzalara səbəb olduğu üzə çıxıb.

Mal-qaranın sahibsiz buraxılmasının da qəzalara səbəb olduğunu deyən DYP əməkdaşı bildirib ki, 110 km/saat sürət tətbiq olunan yollarda bu səbəbdən də qəzalar baş verir. Lakin belə hallarda mal-qara sahibini tapmaq mümkün olmur: «Çünki qəza zamanı dəymiş ziyanı mal-qara sahibi ödəməlidir. Onlar da öz işlərini bildikləri üçün gizlənirlər».

Həmin faktları Ümid və Qobustan qəsəbəsinin icra nümayəndələri də təsdiq edərək BDYPİ rəhbərliyinin əhali ilə görüşlərin keçirilməsi ilə bağlı təşəbbüsünü yüksək qiymətləndiriblər və hadisələrin qarşısının alınması üçün yol polisinə köməklik ediləcəyinə söz veriblər.

Əlavə olaraq iştirakçılara müvafiq normativ hüquqi aktların tələbləri barədə məlumatlar verilib və onları maraqlandıran suallar cavablandırılıb.

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh