Məhkəmə «Porcshe»yə həbs qoyub, iş adamı isə yol polisinə şər atır
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi Masallı sakini, iş adamı Rafil Həsənovun səsləndirdiyi ittihamlara cavab verib. R.Həsənov aztoday.az-a müraciət edərək bildirib ki, oğlu Həsənov Həsən Rafil oğluna məxsus olan 90 XX 055 dövlət nişanlı “Porsche Panamera” markalı avtomobil 4 aya yaxındır ki, qanunsuz olaraq Badamdarda, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin cərimə meydançasında saxlanılır: “Təqribən dörd ay əvvəl oğlumun avtomobili Dövlət Yol Polisləri tərəfindən saxlanılıb. Maşında qara pərdə olduğuna 453 dövlət nişanlı ekipajın komandiri Ceyhun Fətəliyev maşını cərimə meydançasına aparacağını bildirib. Daha sonra Ceyhun Fətəliyev oğlumdan 200 manat alıb. Bu zaman hadisə yerinə 450 dövlət nişanlı yol polisi avtomobili gəlib və onlar da əlavə olaraq oğlumdan 300 manat tələb ediblər. Oğlum 300 manatı verməkdən imtina edib və bundan sonra onunla 453 dövlət nişanlı ekipajın komandiri Ceyhun Fətəliyev arasında mühahisə yaranıb. Biz məsələ ilə bağlı prokurorluğa müraciət etmişik, və bu insident araşdırılır. Lakin buna baxmayaraq tələb olunan cəriməni ödəməyimizə baxmayaraq, oğlumun avtomobilini cərimə meydançasından çıxara bilmirik».
Avtosfer.az məsələni aydınlaşdırmaq üçün Bakı şəhər DYPİ-nin bölmə rəisi, polkovnik Vaqif Əsədovla əlaqə saxlayıb. Bölmə rəisi bildirib ki, həqiqətən də qeyd olunan avtomobil hazırda cərimə meydançasındadır. Lakin Rafil Həsənovun iddialarının əksinə olaraq, avtomobilin saxlanılmasının səbəbləri başqadır: «Bu adam iş adamıdır və «Bank Respublika»dan 60 min dollar kredit götürüb. Lakin 14 aydır ödəniş etmədiyi üçün Qaradağ rayon Məhkəməsi həmin avtomobilin üzərinə həbs qoyub və saxlanılıb cərimə meydançasına aparılması barədə qərar çıxarıb. Yol polisi də sentyabr ayında həmin avtomobili saxlayaraq cərimə meydançasına aparıb. Bu zaman, avtomobilin sürücüsü Həsən Həsənov maşının qapılarını bağlayaraq açarları gizlədib, sonra da yalandan deyir ki, maşından 5 min manat pulum itib. Sonra kameralara baxış keçirərkən məlum oldu ki, sürücü maşının qapılarını bağlayandan sonra açarı özündə saxlayıb. Açar özündədirsə, maşına kim girə bilər, kim oradan pul götürə bilər? Sonra məlum oldu ki, maşında «fi-fa» siqnal olduğu üçün sürücü istəməyib yol polisləri bunu bilsin. Həmin avtomobilin 4 MMX protokolu var idi, cərimənin ödəmə müddəti keçdiyi üçün sürücünün sürücülük hüququ məhdudlaşdırılıb. Buna qədər isə onun 16 cərimə balı var idi. Hazırda avtomobil cərimə meydançasındadır və heç kim onlardan pul istəmir. Sadəcə, məhkəmə qərar verib, avtomobil də bu qərar əsasında saxlanılıb. Bəzi jurnalistlər isə məsələni araşdırmadan, heç nəyi aydınlaşdırmadan vətəndaşın dediklərini birtərəfli qaydada yayaraq yol polisinin fəaliyyətinə kölgə salmağa çalışırlar».
Elmin