Mənim polis qorxum…

Mən uşaqlıqdan bu yana polislərdən qorxmuşam. Əslində, polislərdən yox, polis forması geyinmiş adamlardan. Nə qədər cəsarətli, mübariz xarakterli olsam da, həmişə polislərdən uzaq gəzmişəm. Səbəb isə... Səbəbinin təxmini 30 yaşı var.
90-ci illər idi- müharibə dövrü. Səfərbərlik elan olunmuşdu deyə şəhərdəki bütün cavan kişilər orduya cəlb edilirdilər...Onda atam da cavan idi və evimizin yaxınlığında dayanmış avtobusa qədər onun boynundan asılıb getmə deyə ağlayırdım. Üzündən o qədər öpmüşdüm ki, elə bilirdim dodaqlarım qopub atamın yanaqlarında qalıb. Avtobusun yanından keçən qadınların “bu yazıqlar da deyəsən müharibəyə gedirlər” pıçıltılarını eşidəndə ürəyimdən atamqarışıq hamını avtobusdan düşürüb qaçırmaq keşmişdi. Mən beş yaşlı uşaq həmin gün, həmin an atam üçün nə eləyə bilərdim ki? Hamı kimi geyinməyən əmiləri isə birinci dəfə idi ki, orda görürdüm. Və onların “Qorxma, biz də atanla gedirik. İnşallah sağ-salamat gedib gələcəyik” demələri, düzü, mənə şübhəli gəlmişdi. Atam: “Milis əmilər olan yerdə bizlərə heç nə olmaz”,-deyib məni anamın qucağına vermişdi…
Avtobus tərpənəndə çox qorxmuşdum, ağlayırdım. Əlimdəki gəlinciyim də düşmüşdü. Əllərimi atama uzadıb “ata, getmə, əmi, atamı aparma”-, deyib var gücümlə qışqırırdım. Səsim avtobusun mühərrikinin səsində boğulmuşdu…
Ancaq atamın gözlərindəki, səsindəki çarəsizliyi heç vaxt unutmadım. Həmin gündən polislərlə ilk və pis tanışlığım başladı. Onlar atamı məndən ayırmışdılar.
Taa ki, karantin başlayanacan.
Mən əslində özümü yetişdirməyi, inkişaf etdirməyi, qorxularıma qalib gəlməyi bacaran biriyəm. Necə olub ki, 30 il bu qorxuyla yaşamışam, hələ də inana bilmirəm.
Karantin dövründə polis həyatımızın bir parçasına çevrilmişdi. Onlar əl çatan, ün yetən olmuşdular. Əslində onlar bizi qorumaq üçün hər şeyə hazır idilər. Onların üzündə bizi qoruya bilməmək qorxusu aydınca hiss olunurdu. Çünki karona əzizlərimizi səssiz, sədasız əlimizdən alırdı. Biz qurbana çevrilməyək deyə gecəsini-gündüzünə qatan polisin varlığına alışmağa başlamışdım, ancaq yenə qorxurdum. Pəncərədən baxırdım, həyətdə polislər gəzirdilər. İcazə alıb harasa gedirdim, polislər yoxlayırdılar. Bir dəfə smslə “icazə alıb” marketə düşdüm. Polislər saxladılar. Ad, soyadımı soruşdular. Məlum oldu ki, icazəm keçərsizdi. Nəyisə düzgün etməmişəm, mənə cərimə yazılmalıdı. Polis qorxumun üstünə bir də cərimə gəlmişdi, polis qorxum cərimələnmişdi. Yadıma istər-istəməz 90-cı illər düşdü. Nə qədər yalvarsam da, məni eşitməyən, atamı aparan polis indi də məni eşitməyəcəkdi. Ancaq polis bu dəfə mənim səssizliyimi eşitdi. Elə atam yaşlarında biri mənə “sakitcə get, evdən çıxanda sms-i düzgün göndər”-, dedi. Sadəcə təşəkkür elədim. İstədim deyim ki, sən həmin polislər kimi deyilsən, ancaq gördüm ki, bu polis həmin polisləri tanımayacaq. Onları sadəcə mənim uşaqlığım-5 yaşlı qız tanıyır... Tələsik evə getdim. Evimizin üzü mərkəzi yola baxan pəncərəsindən yola baxdım. Yenə hər tərəf polislə dolu idi. Ancaq mən onlardan qorxmurdum. Mən polis qorxumu karantində yenmişdim.
Xəyalə Sevil,
Prezident təqaüdçüsü
Yol polisi qayda pozan piyadaların qorxunc görüntülərini YAYDI - ANBAAN VİDEO
Təhlükəli manevrdən çəkinin: Həyatınızı riskə atmayın - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
DYP piyadalara müraciət ETDİ
DYP uşaqlarla bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Əlverişsiz hava şəraitinə görə sürücülərə və piyadalara XƏBƏRDARLIQ
DYP velosipedçilərə müraciət etdi - Qəfil manevr və telefon olmaz
Yol polisi moto sürücülərinə qarşı reyd keçirdi: 30-u CƏRİMƏLƏNDİ - VİDEO
Ara məsafəsini DÜZGÜN SEÇİN! - Yol polisindən XƏBƏRDARLIQ
Səbaildə yol polisi piyadalara qarşı reyd keçirdi – VİDEO
DYP həftəsonu ilə əlaqədar sürücülərə və piyadalara çağırış edib
Bakıda əməliyyat keçirildi; maşından 45 kiloqram narkotik tapıldı - RƏSMİ










