Nazir: "Son beş ildə 146 nəfər daxili işlər orqanlarında xidmətdən xaric edilib"

Yol polisi 12 Yanvar 2017 19:57 Oxunub 1705
Nazir: "Son beş ildə 146 nəfər daxili işlər orqanlarında xidmətdən xaric edilib"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"134 nəfər tutduğu vəzifədən azad olunub, 6 nəfər isə cinayət məsuliyyətinə cəlb edilib"

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov yanvarın 12-də Avropa Şurası Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Predanı və Stefan Şennakı qəbul edib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, nazir ölkəmizdə insan hüquqlarının müdafiəsi üzrə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamlardan irəli gələn vəzifələrin tam yerinə yetirilməsi məqsədilə DİN-də Xüsusi Tədbirlər planlarının hazırlanaraq icraya yönəldiyi barədə məlumat verib. Daxili İşlər Nazirliyi ilə Avropa Şurası arasında sıx və işgüzar əməkdaşlıq əlaqələrinin yaradılmasından danışan R.Usubov qeyd edib ki, bu əlaqələr çərçivəsində insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində görülən işlər və həyata keçirilən tədbirlər xüsusi əhəmiyyət daşıyır. Avropanın qabaqcıl ölkələrindən olan ekspertlərin yaxından iştirakı ilə respublikamızda polis fəaliyyətinin hüquqi əsaslarını müəyyən edən, demokratik dəyərlərə söykənən bir sıra normativ aktlar və yeni qanunlar qəbul edilmiş, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması ön plana çəkilib. Qeyd olunub ki, daxili işlər orqanları əməkdaşlarının peşəkarlığının daha da artırılması, beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində görülən işlər sistemli şəkildə həyata keçirilir.  Bu məqsədlə son 5 ildə 2500-ə yaxın əməkdaşımız Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların xətti ilə keçirilən müxtəlif treninqlərdə və seminar-müşavirələrdə iştirak edib. Bildirilib ki, vətəndaşların məruz qaldığı hüquqazidd əməllərə qarşı təxirəsalınmaz operativ tədbirlərin görülməsi baxımından yaradılmış 102 Xidməti də fəaliyyətin məhz insan meyarı kimi ali prinsip üzərində qurulmasına, eyni zamanda, ərazi polis orqanlarına daxil olan siqnallara çevik reaksiya verilməsinə, bu prosesə mərkəzləşdirilmiş nəzarətin aparılmasına xidmət edir. Bununla bərabər, əhalinin təhlükəsizliyinin qorunması, hüquq qaydasına riayət edilməsinə videonəzarətin həyata keçirilməsi, fasiləsiz və canlı izlənilməsi, fövqəladə vəziyyətlərə çevik reaksiya verilməsi funksiyalarının yerinə yetirilməsi məqsədilə Təhlükəsiz Şəhər Avtomatik İdarəetmə Sistemi yaradılıb. Nazirlikdə fəaliyyət göstərən «Qaynar xətt», elektron poçt ünvanı da ictimaiyyətlə əlaqələrin səmərəli təşkilində, daxil olan müraciətlərin nəzarətə götürülərək operativ həllində böyük rol oynayır. 

Daxili işlər naziri ictimaiyyətlə əlaqələrin genişləndirilməsi işinin səmərəli təşkili, polis-cəmiyyət, polis-vətəndaş münasibətlərinin etibarlı qurulması və hüquq qaydasının təmin olunmasında vətəndaşların könüllü köməyindən istifadə edilməsi məqsədilə, ATƏT-in Bakı Ofisinin təşəbbüsü və dəstəyi ilə 2008-ci ilin yanvar ayından respublikanın bir sıra şəhər və rayon polis orqanlarında «Cəmiyyət dəstəkli polis» layihəsi həyata keçirildiyini, beynəlxalq təcrübəyə əsaslanaraq ölkə qanunvericiliyində müvafiq dəyişiklik edildiyini və «sahə rəisi» institutunun təsis olunduğunu vurğulayıb.

Qonaqların nəzərinə o da çatdırılıb ki, əməkdaşlar tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması barədə müraciətlər Nazirliyin aidiyyatı idarəsi tərəfindən operativ və obyektiv şəkildə araşdırılır, nəticələri məruzə olunur və müvafiq tədbirlər görülür. Təkcə son 5 ildə vətəndaşlarla kobud rəftara,  müxtəlif  hüquqpozmalara, bir sözlə, vətəndaş hüquqlarını pozduqlarına görə 1579 əməkdaş  cəzalandırılıb,  o cümlədən 146 nəfər daxili işlər orqanlarında xidmətdən xaric edilib, 134 nəfər tutduğu vəzifədən azad olunub, 6 nəfər isə cinayət məsuliyyətinə cəlb edilib. Polis orqanlarının Müvəqqəti Saxlama Yerlərinin müasir standartlara uyğun yenidən qurulması yönümündə də zəruri tədbirlər görüldüyü, hökumət, eləcə də qeyri-hökumət təşkilatlarından olan müşahidəçilərin  müvəqqəti saxlama yerlərində azad və məhdudiyyətsiz monitorinq keçirmələrinə lazımi şərait yaradıldığı diqqətə çatdırılıb. Qeyd edilib ki, təkcə son 5 il ərzində müvəqqəti saxlama yerlərində 1697 monitorinq keçirilib. 

Həmməruzəçilər səmimi qəbula, insan hüquq və azadlıqlarının qorunması sahəsində görülən işlər barədə verdiyi geniş məlumata görə cənab Ramil Usubova minnətdarlıqlarını bildiriblər.  

Görüşdə bir sıra digər məsələlər də müzakirə olunub, daxili işlər naziri qonaqları maraqlandıran sualları ətraflı cavablandırıb.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh