Nazir yol polisini toplayıb sürücülərlə bağlı göstəriş verdi - FOTO

Yol polisi 17 Yanvar 2016 00:38 Oxunub 13747
Nazir yol polisini toplayıb sürücülərlə bağlı göstəriş verdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ramil Usubovun iştirakı ilə Baş Dövlət Yol Polisi İdarəsində geniş əməliyyat müşavirəsi keçirilib

Daxili işlər naziri Ramil Usubovun iştirakı ilə nazirliyin yeni istifadəyə verilmiş konfrans zalında 2015-ci ildə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib. Avtosfer.az-ın DİN-ə istinadən məlumatına görə, müşavirəni giriş sözü ilə açan nazir bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan quruculuq proseslərində yaxından iştirak edən daxili işlər orqanlarının əməkdaşları, o cümlədən Baş Dövlət Yol Polisi İdarəsinin şəxsi heyəti ölkənin qanunlarından, dövlət başçısının fərman və sərəncamlarından, Nazirlər Kabinetinin qərarlarından, Daxili İşlər Nazirliyinin əmr və göstərişlərindən irəli gələn tələbləri layiqincə yerinə yetiriməyə çalışıblar.   

Dövlət Yol Polisinin maddi texniki bazasının müasirləşməsi, xidmətin "elektron hökumət" dövlət proqramına uyğun qurulması, normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində tədbirlər hesabat dövründə də davam etdirilib. Qeyd olunub ki, ötən il yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, insanların həyat və sağlamlığının avtomobillərin zərərli təsirlərindən qorunması sahəsində zəruri tədbirlər həyata keçirilib.           

Baş idarənin rəisi, polis general-mayoru Ramiz Zeynalov görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış edib. O, deyib ki, hesabat dövründə DYP hissələrinin, stasionar postların, patrul avtomobillərinin, qeydiyyat-imtahan məntəqələrinin və diaqnostika mərkəzinin “Mərkəzi informasiya sistemi”nə birbaşa inteqrasiyası başa çatıb, avtomobil yollarında foto-video qeydiyyat funksiyalı texniki vasitələrlə yol hərəkətinə nəzarət sahəsi genişləndirilib, şəhərlərarası avtomobil yollarında 154 nöqtədə 206 radar, 175 nöqtədə 595 ədəd videokamera quraşdırlıb. 

İnzibati xəta törətmiş şəxslərə özlərinin iştirakı olmadan elektron protokolların tərtib edilməsi və inzibati protokolların bort kompyuterlərdə yazılması, icraatının aparılması, müvafiq məlumatların dərhal “Asan xidmət” mərkəzinə ötürülməsi, vətəndaşlara SMS məlumatların göndərilməsi, habelə barələrində olan inzibati protokollar, cərimlər, qərarlar və s. haqqında onların internet vasitəsilə məlumat ala bilmələri üçün şərait yaradılıb. Eləcə də, ölkə ərazisinə idxal edilən nəqliyyat vasitələrinin dövlət qeydiyyatı ilə əlaqədar prosedurların «bir pəncərə» prinsipi əsasında həyata keçirilməsi təmin edilib. Hesabat dövründə 32.721 avtomobil ilkin qeydiyyata alınıb, respublikanın avtomobil parkının sayı 1 milyon 338 mindən artıq olub. 2015-ci il ərzində vətəndaşlara 50.977 sürücülük vəsiqəsi verilib. Həmçinin, nəqliyyat vasitələrinin 63,8 faizi texniki baxışdan keçirilib. Ötən il yol sahələrində 100 svetofor obyekti quraşdırılıb, 25,7 mindən artıq yol nişanı qoyulub və ya yenisi ilə əvəz edilib. Dövlət yol polisinin əməkdaşları tərəfindən 2015-ci il ərzində 2,5 milyondan çox yol hərəkəti qayda pozuntusu aşkarlanıb, 4 min 241 sürücünün hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb. 

Avtonəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri zamanı ilə axtarışda olan 40 şəxs və 47 avtomobil saxlanılıb, aqreqat nömrələrinin qeydiyyat sənədləri ilə uyğunsuzluğu üzrə 736 fakt və 71 saxta sənəd aşkar olunaraq materiallar araşdırılması üçün təhqiqat orqanlarına verilib. İl ərzində Baş İdarəyə 196 nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması barədə məlumat daxil olub ki, onlardan 130-u tapılıb. Yol-nəqliyyat hadisələrinin, eləcə də qəzalarda həlak olan və yaralananların sayında nəzərəçarpacaq azalma qeydə alınıb. Belə ki, ötən il ərzində respublika ərazisində 2220 yol-nəqliyyat hadisəsi (YNH) qeydə alınıb, nəticədə 894 nəfər həlak olub, 2265 nəfər yaralanıb. 2014-cü illə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 15,7 faiz, həlak olanların sayı 20,5 faiz, yaralananların sayı isə 15,4 faiz azalıb. 

Bildirilib ki, respublika üzrə qeydə alınmış YNH-lərin 94,5 faizi (2098) sürücülərin yol hərəkəti qaydalarını pozmaları, o cümlədən 36,9 faizi (821) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 27,4 faizi (609) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 9,5 faizi (212) yolayrıclarını keçmə qaydalarının pozulması, 2,4 faizi (53) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib. Hadisələrin 41,6 faizini (923) piyadaların vurulması təşkil edib, nəticədə 333 piyada həlak olub, 673-ü yaralanıb. Piyadaların yol hərəkəti qaydalarını pozmaları nəticəsində 65 yol-nəqliyyat hadisəsi baş verib.  

DYP əməkdaşları tərəfindən 3 avtomat, 10 avtomat darağı, 389 müxtəlif kalibrli döyüş patronu, 3 tüfəng, 2 əl qumbarası aşkar edilərək istintaq orqanlarına təhvil verilib, axtarışda olan 19 nəfər yaxalanıb, polisin digər xidmətləri ilə birgə 79 kiloqramdan çox narkotik vasitə götürülüb.

Sonda nazir qəzaların baş verməsinə birbaşa təsir göstərən sürət həddinin aşılması, ötmə qaydalarının pozulması, nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə olunması və digər inzibati xətaların aşkarlanmasının daha da gücləndirilməsinin, həmin məsələlərlə bağlı aidiyyəti ərazi polis orqanlarına əməli köməklik göstərilməsinin, yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində əhalinin maarifləndirilməsi məsələsinə xüsusi diqqət yetirilməsinin, təhsil müəssisələrində təbliğat işlərinin, habelə, hadisələrin və onların hüquqi nəticələrinin kütləvi informasiya vasitələrində, xüsusən, televiziya kanallarında davamlı olaraq işıqlandırılmasının, yol polisi əməkdaşlarının qanunla müəyyən edilmiş səlahiyyətlərini qanunvericiliyə tam uyğun həyata keçirmələrinin əhəmiyyətini vurğulayıb.

Tədbirin sonunda nazir R.Usubov tərəfindən ötən il xidməti vəzifələrin icrasında fərqlənmiş bir qrup əməkdaşa mükafatlar təqdim olunub.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh