"Niva" sürücüləri urban buferə görə cərimələnə BİLƏR?- DYP-dən AÇIQLAMA - VİDEO

Son günlərdə sürücülərin ən çox müraciət etdiyi məsələrdən biri də "Niva"ya urban bamperin quraşdırılmasının konstruksiya dəyişikliyi olub-olmamasıdır. Hüquqşünaş Ərşad Hüseynov Avtosfer.az-a bildirib ki, avtomobilin istənilən detalının, aqreqatının və başqa konstruksiya elementinin əvəzlənməsi konstruksiya dəyişikliyidir. "Deməli, avtomobillərin arxa və ya qabaq buferinin dəyişdirilməsi də konstruksiya dəyişikliyi sayılır. Lakin hər konstruksiya dəyişikliyi qadağan deyil. Dəyişiklik o halda qadağandır və məsuliyyət yarada bilər ki, normativ tələblər pozulsun. Arxa və ya qabaq buferin dəyişdirilməsi iki halda normativ tələblər pozulmaqla edilmiş sayılır və sürücünün məsuliyyətini yaradır.
Bufer passiv təhlükəsizlik elementidir. Yol-nəqliyyat hadisələri, xüsusən də piyadaların vurulması hallarında kinetik enerjini qismən udması üçün xüsusi elastik materialdan hazırlanır. Ona görə də buferin daha sərt materialla əvəzlənməsi (məsələn, metalla), yaxud buferə bu xüsusiyyəti istisna edən metal konstruksiyaların əlavə edilməsi qadağandır və bunu edən sürücü normativ tələbləri pozmaqla konstruksiyaya dəyişiklik etmiş sayıla bilər.
Avtomobilin buferləri onun eksteryer detalı sayılır və müvafiq avtomobilin məhz həmin markaya və modelə aid olduğunu təsdiqləyir. Ona görə də buferləri dəyişərkən avtomobilinin həmin marka və modelə məxsusluğunu eyniləşdirməkdə problem yaranmamalıdır. Məsələn, nisbətən köhnə avtomobilin buferini eyni modelin yeni istehsal edilən və bir qədər fərqli dizayna malik buferi ilə əvəzləmək normativ tələbləri pozan konstruksiya dəyişikliyi deyil (bir şərtlə ki, yeni bufer konstruksiyadakı yerinə uyğun gəlsin). Hətta avtomobilin eyniləşdirilməsində hər hansı problem yoxdursa, ona fərqli modelin buferini də qoymaq olar. Əsas şərt odur ki, marka və modeli eyniləşdirməkdə çətinlik olmasın.
Buferin başqası ilə əvəz edilməsi zamanı onun üzərində olan işıq cihazlarının da fərqli olması problem deyil, bir şərtlə həmin işıq cihazları da avtomobilin markasına, modelinə, tipinə uyğun olsun, bu cihazlar konstruksiyadakı yerinə uyğun gəlsin.
Nəzərə almaq lazımdır ki, normativ tələblər pozulmaqla nəqliyyat vasitəsinin konstruksiyasında dəyişikliklər edilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə 150 manat cərimə nəzərdə tutulur. Bunu yerində aradan qaldırmaq mümkün olmadıqda, belə avtomobil cərimə meydançasına yerləşdirilir."
Qeyd edək ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəsmisi Araz Əsgərli də bamperin dəyişdirilməsinin yuxarıda qeyd etdiyimiz formada olduğu təqdirdə qanunauyğun olduğunu bildirib: "Buferlər konstruksiyanın passsiv detallarıdır. Qeyd olunan modelin hər hansı detalını quraşdırmaq, xüsusilə buferini, bu, qayda pozuntusu deyil və məsuliyyət yaratmır. Lakin bir sıra nəqliyyat vasitələri var ki, onların buferlərini digər avtomobillərə quraşdırdıqda işıq cihazıarı məcburiyyətdən sökülməli olur, Yaxud da dönmə işıqları məcburiyyətdən dəyişdirilir. Konstruktiv elementlər sıradan çıxırsa, bu, olmaz. Amma söhbət “Niva”lardan gedirsə, urban buferlərin həmin avtomobilə quraşdırılmasında heç bir məhdudiyyət yoxdur və məsuliyyət də yaratmır".
Könül














