Onlar yenə xidmətdə, cinayətkarlıqla mübarizədədirlər - Veteranlar
Bu gün polis veteranları cinayətkarlıqla mübarizəyə öz layiqli töhfələrini verirlər. Böyük həyat və xidmət yolu keçən, zəngin təcrübə qazanan veteranlarımızın köməyi ilə neçə-neçə cinayət törətmiş şəxs tutularaq istintaqa verilib, baş verə biləcək hüqüqazidd əməllərin qarşısı alınıb. Uzun illər cinayətkarlıqla mübarizə cəbhəsində "döyüşən”, bu işlərin ağırlığını çiyinlərində daşıyan polis veteranları yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın güclənməsi, dini radikalizmə qarşı mübarizə, azyaşlılar arasında erkən nigah hallarının qarşısının alınması məqsədilə yerli polis şöbələrinin rəhbərliyi və aidiyyatı xidmətlərin əməkdaşları ilə birgə ayrı-ayrı təhsil müəssisələrində, vətəndaşlarla görüşlər keçirərək hüquqi mövzularda maarifləndirmə işləri aparır, dəyərli tövsiyələr verirlər. Ötən il ərzində polis veteranları tərəfindən görülən işlərin statistikası bu dediklərimizi rəqəmlərin dili ilə daha aydın izah edir. Belə ki, 2017-ci il ərzində veteranların köməyi ilə respublika üzrə 4 160 cinayətin açılması təmin edilib. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə veteranların iştirakı ilə cinayətlərin açılması 103 fakt (2,5 faiz) artıb.
Polis veteranları şəxsi heyətlə təlim-tərbiyə işinin aparılmasına, gənc əməkdaşların peşə vərdişlərinin artırılmasına, onlarda dövlətə və dövlətçiliyə, anda, xidməti vəzifə borcuna sədaqət hissinin formalaşdırılmasına yönəlmiş tədbirləri daim diqqətdə saxlayır, bu yöndə görüşləri davam etdirirlər. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onların zərərli vərdişlərdən uzaq tutulması istiqamətində profilaktik xarakterli tədbirlərin həyata keçirilməsi başlıca fəaliyyət istiqamətlərindən biri kimi nəzərdə saxlanılıb.
Göstərilən dövr ərzində veteranlar 2 784 dəfə respublikanın müxtəlif təhsil müssisələrində (orta məktəblərdə, liseylərdə, kolleclərdə və s.), həmçinin ayrı-ayrı kollektivlərdə vətəndaşlar qarşısında çıxış edib, tövsiyələrini veriblər. Əvvəlki illə nisbətdə keçirilən belə tədbirlərin sayı 2017-ci ildə 1 104 fakt (65 faiz) daha da çoxalıb.
Polis veteranlarının səmərəli fəaliyyəti, digər ölkələrdəki həmkarları ilə dostluq əlaqələri, yaradıcılıq uğurları, elmi, bədii axtarışları öz layiqli qiymətini alır. Onlardan bir neçəsi DİN rəhbərliyi və Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları təşkilatı tərəfindən mükafatlandırılıb.
Bundan əlavə, 22 nəfər veteran Rusiya Federasiyası DİN-in daxili işlər orqanları və Daxili Qoşunların 100 illik yubileyinə həsr olunmuş “Milisdə xidmətə görə” medalı ilə təltif edilib. Həmçinin, istefada olan polis polkovniki Georgi Zapletinin yeni "Davud Paşayev. "Məxfi" qrifi olmadan" başlıqlı kitabı işiq üzü görüb.
Zeyni Hüseynov,
DİN Mətbuat Xidmətinin əməkdaşı