Polis Akademiyasına kursant qəbulu elan olundu - Qaydalar belədir

Yol polisi 26 Yanvar 2018 14:24 Oxunub 5545
Polis Akademiyasına kursant qəbulu elan olundu - Qaydalar belədir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Namizədlər aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

Daxili İşlər Nazirliyi (DİN) xüsusi təyinatlı təhsil müəssisəsi olan Polis Akademiyasında əyani təhsil üzrə 150 kursantın qəbulu üçün müsabiqə elan edib. Nazirliyin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, müsabiqədə Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm (qızlar üçün 160 sm), çağırışçı kimi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda olan (qızlar istisna olmaqla), buraxılış siniflərində oxuyan və ya tam orta təhsilli, 16 yaşdan 18 yaşadək (2018-ci ilin avqust ayının 1-dək 16 yaşı tamam olacaq və çağırışçı olmayan) Azərbaycan vətəndaşları iştirak edə bilərlər.

İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, 2018-ci ilin yanvar, aprel və iyul tarixli çağrışlarında hərbi xidmətə getməli olan çağrışçılar, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, eləcə də “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə ilə müəyyən olunmuş digər şərtlərə uyğun gəlməyənlər müsabiqəyə buraxılmırlar.

Sənədlərin qəbulu 2018-ci il yanvar ayının 10-dan fevral ayının 10-dək hər gün (bazar və bayram günləri istisna olmaqla) saat 10°°-dan 17°°-dək namizədin daimi qeydiyyatı yeri üzrə polis idarə və ya şöbələrində həyata keçirilir.

Namizədlər aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

- şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə (əsli və surəti);

- təhsil müəssisəsinin buraxılış sinifində oxuması haqqında DİN-ə təqdim olunması üçün arayış və ya tam orta təhsil haqqında sənəd (attestat);

- yaşayış yeri üzrə tibb müəssisəsindən DİN-ə təqdim olunması üçün sağlamlıq haqqında arayış;

 

- ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (əsli və surəti);

 

- oxuduğu təhsil müəssisəsi tərəfindən DİN-ə təqdim olunması üçün verilmiş xasiyyətnamə;

 

- 9x12 sm ölçüdə 2 ədəd, 4x6 sm ölçüdə 4 ədəd fotoşəkil (papaqsız, rəngli, donuq kağızda).

 

Sənəd qəbulu ilə bağlı əlavə məlumat almaq üçün əlaqə telefonları: (012) 454-12-78, (012) 590-97-76.

 

İlkin sənədləri Polis Akademiyasında təhsilə, eyni zamanda daxili işlər orqanlarında xidmətə uyğun gələn namizədlərə müvafiq forma üzrə ərizə-öhdəlik yazmaq təklif olunur və onlar abituriyent hesab olunur.

 

Abituriyentlər DİN-in Tibb İdarəsinin xüsusi-həkim komissiyasında müayinədən, habelə fiziki hazırlıq imtahanı və seçmə komissiyalarında nazirlik tərəfindən müəyyən edilmiş normativlər üzrə sınaqdan keçməlidirlər (fıziki hazırlıq üzrə minimal normativlər oğlanlar üçün: turnikdə dartınma - 6 dəfə; qaçış 100 metr məsafəyə - 15 saniyə və 1000 metr məsafəyə - 4 dəqiqə; qollar üzərində bədənin döşəmədən qaldırılması - 18 dəfə; arxası üstə uzanmış halda bədənin döşəmədən qaldırılması - 18 dəfə; qızlar üçün: arxası üstə uzanmış halda bədənin döşəmədən qaldırılması - 18 dəfə, qaçış 100 metr məsafəyə - 19 saniyə və 1000 metr məsafəyə - 5 dəqiqə 30 saniyə).

 

Fiziki hazırlıq normativlərindən birini ödəyə bilməyən, nazirliyin seçmə və ya tibb komissiyalarından keçə bilməyən abituriyentlər müsabiqədən kənarlaşdırılır. Komissiyaların işi ilə bağlı şikayətlərə nəticələr elan olunduğu vaxt abituriyentin komissiya sədrinə müraciəti olduqda baxılır.

Seçmə komissiyalarının vaxtı barədə məlumatlar Daxili İşlər Nazirliyinin www.mia.gov.az internet saytında yerləşdiriləcək.

Sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən abituriyentlərin siyahısı III ixtisas qrupu fənnləri üzrə qəbul imtahanlarına buraxılmaları üçün Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə göndərilir. İmtahanlar Azərbaycan və rus dillərində keçirilir.

Qəbul imtahanlarının keçirilməsi ilə bağlı bütün təşkilati tədbirlər, sənədləşdirmə, imtahanların vaxtı, yeri və digər şərtlər Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilir və abituriyentlər bu məqsədlə Mərkəzin internet saytında və ya kütləvi informasiya vasitələrində verilən elanları izləməlidirlər.

DİN-in Polis Akademiyasında qəbul olmuş kursantlar 14 avqust – 13 sentyabr 2018-ci il tarixdə Akademiyada ilkin hazırlıq kursuna cəlb edilir, dərslər 15 sentyabrda başlamaqla, tədris Azərbaycan dilində aparılır, təhsil müddəti 5 ildir.

Təhsil müddətində kursantlar dövlət hesabına yataqxana, xüsusi geyim forması, təqaüd və yeməklə təmin olunur, oğlanlar və qızlar istisna olmadan akademiyanın ərazisində yerləşən yataqxanada yaşayırlar.

Məzunlara “Hüquqşünaslıq” ixtisası “polis leytenantı” xüsusi və “ehtiyatda olan leytenant” hərbi rütbələri verilməklə daxili işlər orqanlarında müvafiq vəzifələrə təyin edilirlər.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh