Polis də narazıdır, polisdən də narazıdırlar

Mətbuatda polis əməkdaşlarının narazılıq doğuran müəyyən davranışlarından, polis-vətəndaş münasibətlərindəki problemlərdən dəfələrlə yazılıb. Amma maraqlıdır ki, bəzi hallarda polislər də vətəndaşların onların adi qanuni tələblərinə məhəl qoymamalarından şikayətlənirlər. Bu günlərdə əməkdaşlarımız metropolitenin “28May” stansiyasında belə bir halla üzləşib. Əlindəki çantanı yoxlaması üçün metroda iş başında olan polis nəfərinə yaxınlaşan əməkdaşımız prosedurdan sonra onun giley dolu etirafı ilə üzləşib. Həmin polis metroya daxil olan bir sıra sərnişinlərin çantalarının yoxlanılmasına etiraz edərək, onların işinə mane olduqlarını, yersiz mübahisələrə başladıqlarından şikayətlənib. Onun sözlərinə görə, vəzifə borcunu yerinə yetirərək, çantalarını yoxlamaq istədiyi bəzi sərnişinlər böhtana əl ataraq, elə oradan “102” xidmətinə zəng vuraraq polisdən şikayət ediblər. “Biz işimizi necə icra etməliyik”, - deyə soruşan polis vətəndaşlardan anlayışlı davranış gözlədiklərini deyib. Çox qəribədir, insanlar çox vaxt metroda və başqa strateji obyektlərdə iş başında olan polislərin səhlənkarlığından şikayətlənir, etirazlarını bildirirlər. Lakin bir çox hallarda polislərin onların təhlükəsizliyi ilə bağlı qanuni prosedurları icra etməsinə də əngəl törədirlər. Təzad göz qabağındadır.
Bu ziddiyyəti gün.az-a şərh edən “Polisə dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev bütün hallarda polislərin və vətəndaşların bir-birilərinə anlayışlı davranmalarının vacibliyini bildirib: “Əvvəla, hər kəs bilməlidir ki, iş başında olan polislərin fəaliyyəti konkret qanun və normativlərlə tənzimlənir. Onlara qanun çərçivəsində müəyyən səlahiyyətlər verilməklə yanaşı, vəzifələri də müəyyənləşdirilir, öz fəaliyyətlərini istisnasız olaraq qanun çərçivəsində qurmaları tapşırılır.
Unutmaq olmaz ki, zabit və ya sıravi polis əməkdaşları – formadadırlar, ya yox, fərq etmir – cibində vəsiqə gəzdirirsə, deməli, onlar dövlətin səlahiyyətli nümayəndələdirlər.
Təbii ki, vəzifəsini icra edən polis əməkdaşları bu zaman Nizamnaməyə uyğun davranmalı, nə qanunlardan, nə də etik normalardan kənara çıxmamalıdırlar.
Xatırladım ki, bu tələblərə əməl etməyən polis əməkdaşının işdən çıxarılmasına dair xeyli fakt da var. Lakin polis onun qanuni çağırışlarına, məsələn strateji yerlərdə vətəndaşların əl və ya yol çantalarını yoxlamaq tələbinə tabe olmamaq hallarını da qəbul etməməlidir. Digər tərəfdən, polisin qanuni tələbləri heç bir halda vətəndaşlarda qıcıq doğurmamalıdır. Nəzərə alınmalıdır ki, bu yoxlanışlar elə onların təhlükəsizliyi üçündür. Çox arzuolunandır ki, polis-vətəndaş münasibətləri normal, səmimi olsun”.
"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ
Həyat yoldaşını maşından düşürdü, polis sürücüyə qab yuma cəzası verdi - Türkiyədə
“Diqqət, uşaqlar!” devizi altında təhlükəsizlik aylığı keçiriləcək
Azyaşlının halı pisləşdi: Yol polisləri onu xəstəxanaya çatdırdı - VİDEO
“Bu itkilərin mənəvi ağırlığını heç bir cəza yüngülləşdirə bilməz” - DYP rəsmisi
DYP uşaqlar üçün “Yol dərsi” rubrikasına start verdi - VİDEO
Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO - VİDEO
“Sürəti azaldın” - DYP-dən XƏBƏRDARLIQ
Yol polisindən sürücülərə və piyadalara ÇAĞIRIŞ: SƏBƏB...










