Polis körpə qızın taleyini necə dəyişdi - Dəhşətli hadisənin TƏFƏRRÜATI

Yol polisi 15 Sentyabr 2017 14:49 Oxunub 4630
Polis körpə qızın taleyini necə dəyişdi - Dəhşətli hadisənin TƏFƏRRÜATI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis şöbəsindəki o rəis müavini olmasaydı...

Adı Nişanədi.

Bu gün iki yaşı tamam olur. Onu təbrik edənlər arasında nə atası var, nə də anası. Anası məzardadı, atası Bakının Qaradağ rayonunun Qızıldaş qəsəbəsindəki cəzaçəkmə müəssisəsində.

Hələ 18 il orada qalacaq. Çünki cəza çəkir. Nəyin cəzasını? Nişanənin anasını amansızcasına qətlə yetirməyin cəzasını. 2 aylıq körpəsini yetim qoymağın cəzası isə qanunla hələ müəyyən olunmayıb. Hələlik buna görə peşimançılıq çəkir. Buna görə cəzanı yəqin ki, 18 il sonra, həbsdən salamat çıxarsa, çəkməyə başlayacaq. Cinayətindən xəbər tutan övladının gözlərinə baxanda.

O nikahdan nişanə, o gecədən nişanə, bir atadan, bir anadan nişanə olan Nişanə artıq 2 yaşına çatıb. Barəsində eşidəndə onu görmək istədik. Qohumlarının himayəsində, 3 uşaqlı böyük bir ailənin çox kiçik kasıb komasında böyüyür. Anasının acı taleyindən, atasının amansız cinayətindən xəbərsiz. Amansız qətlin kiçik şahidi hələ o gecənin yükünü hiss etmir. Yəqin ağlı kəsəndə hiss edəcək. Hələlik “ata” deyə çağırdığı, “ana” deyə səslədiyi, bacı-qardaş bildiyi böyük bir  ailənin bir parçası kimi böyüyür.

Qan donduran gecə

Onun şahidi olduğu şaxtalı qış gecəsini isə Ucar rayonunun Türkəci kəndində hələ uzun illər xatırlayacaqlar. Həmin gecə ay bütöv idi, ya para, bilmirəm. Ümumiyyətlə, səmada ay vardımı, - onu da heç kim xatırlamır. Xatırlanan odu ki, Aytənin axan qanı nəinki yerdə, elə üzərindəcə donmuşdu. Qan içində olan saçları buz kəsmişdi. Nəfəsi kəsilmiş, bədəni çoxdan soyumuşdu. Cinayətkar isə hələ sakitləşməmişdi. Uşağı bacısı Afətin evinə aparıb bir il əvvəl ömür-gün yoldaşı olmaq üçün qaçırdığı, qaçıranda hələ nikah yaşı çatmayan, bir il sonra öldürəndə isə həm hamilə, həm də qucağıuşaqlı olan Aytənin qara xəbərini ilk bacısına çatdırmışdı.

Arvadınınboğazını çeynəyib öldürdü

 

Söhbət elə də uzaq keçmişdən deyil, cəmi 2 il əvvəl baş verən dəhşətli cinayətdən gedir.  “Arvadının başını asfalta vura-vura öldürən ər tutuldu – Ucarda dəhşətli cinayət”, - o məşum gecənin xəbəri mətbuatda bu başlıq altında əksini tapdı. 2 il əvvəl, 2015-ci ilin dekbrın 21-i gecəsi ərlə arvadın mübahisəsi qanla bitdi. “Ucar rayonunun Bərgüşad kənd sakini Elman Abbasov DİN-in “102 Zəng Mərkəzi”nə zəng edərək Türkəci kəndində arvadı Aytənlə mübahisə etməsi ilə əlaqədar sonuncunun özünü yoldan keçən VAZ-2106 markalı avtomobilin altına atdığını, avtomobil hadisə yerindən uzaqlaşdıqdan sonra arvadına yaxınlaşıb onun başını asfalta vurduğunu bildirib. Hadisə yerinə gələn polis və prokurorluq orqanlarının əməkdaşları Aytən Səlimovanın meyitini aşkar ediblər. Keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən Elman Abbasov tutulub”.

Amma xəbərin əsli bundan ibarət deyildi. Aytən özünü avtomobilin altına atmamışdı. Elman əvvəlcə onun başını daşla əzib sonra öldüyünə əmin olmaq üçün boğazını bir neçə yerdən çeynəmişdi…

Başı əzilən, boğazı çeynənib qanı içilən o qadın bir ana idi. Evləndiyi gün həm də öldüyü gün oldu. Qucağında iki ay əvvəl dünyaya gətirdiyi bir körpəsi, bətnində böyüməkdə olan bir can vardı. O gecə, sadəcə bədənindən canı deyil, bağrından da körpəsi qoparıldı. Qatil ər ananın qucağından balasını götürüb bacısıgilə qayıtdı. 


Cinayətə aparan səbəb – içki

 

O gecə ər-arvad körpələri ilə Elmanın bacısı Afətgildən qayıdırdılar. Artıq 10 gün olardı Elman qaynıgildə qalırdı. QaynıTeymur İsmayılov danışır ki, bunun səbəbi Elmanın ailəsinin oğlunu evdən qovmaları idi:  “Elmangil Bakıda yaşayırdı. Bir müddət idi ki, rayona qayıtmışdılar. Elmanın atasıgil Bərgüşad kəndində yaşayır. Atası onları qəbul etməmişdi. Evdən qovulduqdan sonra bizə gəlmişdilər. 10 gün idi bizdə qalırdılar. Düzü, heç yola getmirdilər. Qaynım çox içirdi. Elə həmin gün də içmişdi”.

Teymurun həyat yoldaşı, Elmanın isə bacısı Afət cinayətdən sonrakı mənzərəni danışanda hələ də səsi titrəyir: “Həmin gün mənə araq aldırmışdı. İçən idi. Çox içirdi. Burada yoldaşımla yeyib-içdilər. Sonra gördüm yoxdu. Məlum oldu ki, qonşuluğumuzda yaşayan qayınatamgildədir. Qayınatam da içəndir. Bu dəfə onunla içirdi. Gedib zorla gətirdim. Bir azdan gördüm ki, Aytəni döyür. Yəqin Aytən ərinə irad tutmuşdu içməyini. Əslində, çox sakit, fağır qız idi. Qardaşım onu həmişə döyürdü. Üstəlik, günahsız yerə. İstədim sakitləşdirəm. İrad tutdum ki, yazıq qızı niyə döyür. Mənə də hirsləndi. Əlini masaya vurdu. Kükrədi. Süfrəmizə, çörəyimizə söyüb Aytənə yığışmağını söylədi. Uşağını, arvadını da götürüb hirsli vəziyyətdə çıxdı. Hardan biləydim belə olacağını. Arxalarınca çıxa bilmədim. Mənim də körpə uşaqlarım vardı. Qoyub çıxa da bilməzdim heç. Bir az sonra ağzı, üzü qan içində qayıtdı. Uşağı qucağıma basıb Aytəni öldürdüyünü dedi. Qan uşağa da bulaşmışdı. Elman özü isə dəhşət içərisindəydi. “Öldürdüm”, -  deyib özünü yerə çırpırdı. Uşağı yoldaşımın yanında qoyub yola çıxdım. Maşın yoluna xeyli məsafə var. Meyit də elə həmin yoldaydı. Gedib gördüm. Aytən qan içində yatırdı. Saçlarına qədər donmuşdu. Əl vurmaq olmurdu. Bədəni də soyumuşdu artıq. Qorxdum. Evə qaçmaq istədim. Birdən ağlıma gəldi ki, bəlkə uşağı da öldürüb. Qan içində qucağıma basdığı uşağın sağ olub-olmadığına fikir verməmişdim. Qardaşım arxadan çiynimdən yapışdı. Ağzı qan içində mənə qışqırdı ki: “Məni qoyub hara gedirsən?”.

Elə bildim məni də öldürəcək. Həyəcanla əlindən çıxıb qaçdım. Evə gəldim. Təcili yardıma və polisə zəng etdik. O gecə qaranlıq olduğu üçün Aytənin boğazındakı yara izlərini görməmişdim. Sonradan şəkillərdə gördüm. Bir neçə yerdən boğazını çeynəmişdi”.

Arvadının boğazını çeynəyə-çeynəyə öldürən ərin cinayətinə görə cavab verməyə cəsarəti çatmamışdı. Gecənin şaxtası, öz vəhşiliyinin dəhşəti arvadı üzərindəki “hünərli” görkəminə sirayət etmişdi. Bir az əvvəlki ipə-sapa yatmaz, dəliqanlı halından əsər-əlamət qalmamış, hadisə yerindən qorxaqcasına qaçmışdı. Amma hadisə yerində buza dönən bir cəsəd və törədilən cinayətin isti izləri qalırdı... Elə o isti izlərlə arvadını öldürənin ər olduğunu aydınlaşdırmaq çətin olmadı. Polis bütün rayon ərazisini mühasirəyə alaraq qaçaq, cani əri axtarırdı. O isə qaçırdı. Cinayətindən, cəzasından qaçır, qaça biləcəyini düşünürdü. Təlaşla qaçarkən kanala düşüb paltarlarını islatmışdı. Şaxtalı qış günü islaq paltarda nə qədər gizlənmək olardı ki? Qan donduran şaxta islaq paltardakı insan bədəninə buzdan paltar biçərdi. Bunu dərk edən E.Abbasov islanmış paltarlarını dəyişmək üçün bacısının evinə qayıtdı. Amma ağlına gəlməyən başına gəldi. Azərbaycan polisinin həyata keçirdiyi peşəkar əməliyyat nəticəsində yaxalandı.

Cinayətin izi isti qalsa da, hadisənin izi dərhal dondu. Təkcə cinayətkarın, bu cinayətin azsaylı şahidlərinin yox, eşidib bilənlərin, gəlib görənlərin yaddaşındaca donub qaldı.

 

Hara gedəcəyini özün bilmirsənsə...

 

Elmangil o gecə bacısıgildən çıxanda hara gedəcəklərini bilmirdilər. İnsan gedəcəyi yeri özü bilmirsə, fələyin sürüklədiyi yönə dönəcəyi şübhə doğurmur. Elman qovulduğu atasıgilə qayıtmaqda, Aytən isə öz atasının evinə getməkdə israr etdi. Artıq yolları özləri də bilmədən ayrılmışdı. Odur ki, cinayətlə nəticələnən həmin mübahisədən geriyə bir məzar, bir yetim körpə, bir də böyük bir peşmanlıq qaldı. Amma çifayda. Sonrakı peşmanlıq indiyədək bir fayda verməyib.


Nişanə o gecənin tək təsəllisi oldu

 

Amma yaxşı ki, bir məsələdə - Nişanənin taleyinə qərar verilərkən peşmançılıq olmadı. Teymurla Afət özünün 3 övladından sonra dördüncü uşağın da bu ailənin bir üzvü olmasına qərar verəndə hələ də tərəddüd içindəydilər. Çünki bu qərarı vermək elə də asan deyildi. Ucar rayon Polis şöbəsindəki o rəis müavini olmasaydı, Nişanə nəinki bacıya qardaşından, anaya qızından nişanə qalacaqdı, bəlkə onun özündən belə geriyə bir nişanə qalmayacaqdı... 

O gecənin yaratdığı fəlakətin təsiri bitmədən dərdi başladı. Ortada qalan bir körpənin taleyini həll etmək lazım idi. Ya yaxınlarından biri onu öz himayəsinə götürəcək, ya da körpələr evinə veriləcəkdi. Beləcə, fələyin ona vurduğu zərbələr davam edəcək, doğulduğu günü belə bilməyəcək, aid olduğu ailəni, ondan xəbərsiz böyüyən nəslini tanımadan, ata sığalından, ana qucağından, qardaş-bacı sevgisindən xəbərsiz böyüyəcəkdi. Məhz belə də olacaqdı. Çünki onu öz himayəsinə götürməyə təşəbbüs göstərən yox idi.

Gecədən polis şöbəsindəydilər. Nişanənin başını şirinçayla qatıb səhərəcən saxlamışdılar. Bəc bundan sonra? Bundan sonrasını Ucar rayon polis şöbəsində daha aydın təsəvvür edirdilər. Uşaq körpələr evinə veriləcəkdi.

Ucar rayon Polis Şöbəsinin rəis müavinin təklifi dünyada baş verənlərdən xəbərsiz, hələ adı da qoyulmamış körpənin taleyini dəyişdi. Afətin sözlərinə görə, rəis müavini əvvəlcə onun qardaşlarından xahiş etdi ki, körpəni ortada buraxmasınlar. “Qardaşınızın balasıdır, evinizin bir uşağı da bu olsun. Körpələr evinə verilməsin”, - deyə qardaşlarımın ikisindən də xahiş etdi”.

Elmanın qardaşları onun balaca qızını himayə etməyə hazır deyildi. Böyük əmisi qəti surətdə ondan imtina etdi: “Onu mənə versəniz, pəncərədən aşağı atacam”, - dedi.

“Rəis müavini biləndə ki, uşağın bibisiyəm, bu dəfə məndən xahiş etdi. Dedi ki: “Qardaşların uşaqdan imtina edib. Xahiş edirəm, uşağa sən sahib çıx”. 

Tərəddüd edirdim. Əvvəla, yoldaşım da buna razı olmalıydı. İkincisi, imkansız ailəyik. Öz uşaqlarımıza zorla baxırıq. Üçüncüsü, anasız bir uşağa necə baxa bilərəm? Uşaq da südəmər idi. Tərəddüdlərimi açıq şəkildə dedim rəis müavininə. Cavabı o gün məni çaşdırdı. Çox təəccüblənmişdim. “Mən də dəstək verəcəm. Uşağa nə lazımdırsa, alacam. Südünü alacam, böyütməyinizə kömək edəcəm”, - dedi. Heç inana bilmədim. Həmin gün bizi evə maşınla yola saldı. Maşını aptekdən sürdürdü. Uşağa lazım olan nəm salfetə qədər aldırdı. Düşünürdüm ki, sözdü də dedi, bir neçə ay kömək edər, sonra unudar. Amma unutmadı. Hətta rayondan harasa başqa bir yerə göndərdilər. Daha bu rayonda rəis müavini deyil. Özü burda yoxdur, ancaq hər ay evimizə Nişanə üçün ərzaq gəlir. Nəinki Nişanəyə, bütün ailənin dolanışığına kömək edəcək qədər ərzaq alırıq ondan. O, yerdəki dayağımız oldu. Köməyi qalsın bir yana, Nişanəni bizə qazandırdığı üçün özümü ona bir ömür boyu borclu sayıram. Ləyaqətli polis qardaşımın harda olduğunu bilmirəm, amma hər gün ona dua edirəm. Dua edirəm ki, harda olursa olsun, bizə etdiyi bu böyük yaxşılığın qarşılığını görsün. Allah onun da qarşısına çıxarsın bu böyüklüyünün əvəzini. Hər Nişanəyə baxanda onun mənə elədiyi yaxşılıq ağlıma gəlir və hər dəfə də ona dua edirəm. Ümid edirəm, dualarımı həyatında, işində hiss edər”, - deyən Afət Nişanəni özünün  dünyaya gətirdiyi uşaqlardan fərqləndirmədiyini söyləyir: “Öz uşaqlarıma bəlkə də Nişanə qədər diqqət göstərmirəm. Onun ağrısını, narahatlığını sanki öz üzərimdə hiss edirəm. Allah qardaşımın qapısını açsın, amma hərdən ürəyimdə onun çıxacağından qorxuram sanki. Çıxıb gəlsə, uşağı əlimdən alar deyə səksəkəliyəm. Ancaq vermərəm. Uşağı qəyyumluğa götürmüşük. Bütün sənədlərini özümüz almışıq. Adını da mən qoymuşam. İndi də iki yaşını qeyd edəcəyik”. 


Polisdən təəccüb doğuran davranış

 

Ailədən ayrıldıq. Kasib komalarında dövlətin ayırdığı sosial yardımla dolanan, sadəcə “rəis müavini” kimi tanıdıqları insanın xeyirxahlığı nəticəsində başladıqları missiyanı başa çatdırmağa çalışan gənc ailəni 4 balası, onların problemləri ilə baş-başa buraxdıq.

Bəs, bir ailənin adını minnətdarlıqla andığı keçmiş rəis müavini indi, görəsən, hardadır? DİN-in mətbuat xidmətindən əldə etdiyimiz məlumata görə, keçmiş rəis müavini hazırda ölkə hüdudlarından kənarda xidmətini davam etdirir. Bir körpənin taleyini dəyişən xeyirxahlıq sahibini axtarıb tapmamaq olmazdı. Tapdıq da. Di gəl, o, elədiyinin qeyri-adi davranış olmadığını və bunun xüsusi xidmət kimi təqdim olunmasını istəmədiyini, yazıda adının çəkilməsinin qəti əleyhinə olduğunu bildirdi. Barəsində eşitdiklərimizdən sonra özündən aldığımız bu cavab bizim üçün təəccüb üstünə təəccüb doğurdu. Polis ola, xeyirxahlıq edə və bunu hamıdan gizləyə!

Onu da qeyd edim ki, Ucar rayon Polis Şöbəsindən barəsində məlumat əldə etməyə çalışdığımız polis polkovnik leytenantı olan rəis müavininin xidmət dövründə belə addımlarının tez-tez şahidi olduqlarını söylədilər.

Polisin xeyirxah, xilasedici obrazı hələ çoxumuza qəribə gəlsə də, lakin son vaxtlar belə xəbərlərin sayının çoxalması insanın qəlbini fərəhlə doldurur, Azərbaycan polisinə etibar və güvəni artırır. Axı ölkə polisinin yaxşı sorağını almaq hər bir vətəndaşı sevindirir.

 

Ruhiyyə Daşsalahlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh