Polis yalnız vəzifə deyil, həm də həyat tərzidir
Cəmiyyətin içərisindən seçilib təşkilatlanan polis bütün dövrlərdə dövlətçiliyin əsas sütunlarından biri olmaqla, ictimai təhlükəsizliyin təmin olunmasına cavabdehdir. Bu cavabdehlik o qədər zəhmət, o qədər məsuliyyət tələb edir ki, dövrün çağırış və təhdidləri ilə ayaqlaşmalı, ayıq-sayıq olmalı, təmkinli və təkmil olmalıdır. Belə vəziyyətdə qəbul olunan bir həqiqət var ki, polis qanunlar, tələblər əsasında yalnız xidmət etmir, üzərinə düşən vəzifə öhdəlikləri onun həyat tərzinə çevrilir. Ona görə də cəmiyyətdə polis haqqında ictimai fikir belədir ki, polis yalnız vəzifə deyil, həm də həyat tərzidir. Buna görə polisin həyatı və xidməti ilə bağlı doğan fikirlər, mühakimələr, mülahizələr, nəticələr - cəmiyyətin təhlükəsizliyi naminə həyatını belə əsirgəməyən polisin varlığına şübhə yaratmır.
İndiki şəraitdə hər hansı təhlükəyə çevik reaksiya verən polisin xidməti fəaliyyəti ona köklənib ki, cəmiyyətdə qanunçuluq davamlı olsun, xidməti və icra intizamında rütbəsindən asılı olmayaraq, hər bir əməkdaş cəmiyyətin maraq və mənafelərinin etibarlı keşikçisi olsun. Bu prinsiplər hər bir polis əməkdaşının ictimai məsuliyyətini artırır. Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan konkret vəzifə ondan ibarətdir ki, hakimiyyət nümayəndəsi olaraq polis xalqa xidmət etməli, öz qətiyyəti, peşəkarlığı və mədəniyyəti ilə onun daha böyük etimadını qazanmalıdır. Deməli, bu, bir çox məsələlərin həllində açar rolunu oynayır. Doğrudan da polisin vəzifəsi, borcu həm dövlətin mənafelərini, həm vətəndaşların hüquqlarını qorumaqdır. Həm də vətəndaşın təhlükəsizliyini təmin etməkdir ki, vətəndaş rahat yaşaya bilsin, cəmiyyət inkişaf edə bilsin. Respublikamızın daxili işlər naziri, general-polkovnik Ramil Usubov mətbuata müsahibələrinin birində vurğulayıb ki, gərək biz elə xidmət edək, özümüzü elə göstərək, vətəndaşlarımıza o dərəcədə qayğı ilə yanaşaq ki, onlar bizə etibar etsinlər, çətin məqamlarda bizi özlərinə arxa bilsinlər: "Mən bunu həmişə bizim əməkdaşlara deyirəm, Kollegiya iclaslarında da deyirik, xidməti hazırlıq dərslərində də şəxsi heyətə çatdırırıq. Bilirsiniz, məqsədə nail olmaq müəyyən vaxt tələb edir. Eyni zamanda bu istiqamətdə vəziyyət ilbəil yaxşılaşır. Bizim gələcək fəaliyyətimiz ona yönəlib ki, polis - xalq münasibəti daha da yaxşılaşsın, polisin cəmiyyətdəki nüfuzu günbəgün yüksəlsin, xalq polisi, polis də xalqı özünə arxa bilsin".
Aparılan təhlillər göstərir ki, polisin fəaliyyəti şəffaf, cəmiyyət üzün o qədər həssas mahiyyət daşıyır ki, dövlətimizin beynəlxalq imicinin formalaşmasına olduqca müsbət təsir göstərir. Azərbaycan qlobal enerji layihələrinin, beynəlxalq forum və sammitlərin daimi olaraq keçirildiyi məkana çevrilib. Məlum həqiqətdir ki, sabitliyin və təhlükəsizliyin olmadığı yerdə isə belə tədbirlər keçirilmir. Bu həm də o həqiqətin göstəricisidir ki, il ərzində qeydə alınan hüquqazidd əməllərin 90 faizə qədəri bilavasitə kriminogen durumun gərginləşməsinə təsiri olmayan və bir çox hallarda ehtiyatsızlıqdan baş verən böyük ictimai təhlükə törətməyən və az ağır cinayət növləridir. Sadalanan hallar ölkəmizdə dövlət quruculuğunun yeni - müasirləşmə, dinamik inkişaf mərhələsində stimullaşdırmaqla ictimai-siyasi sabitliyin təməllərini təyin edib. Hansı yöndən baxsaq, aydın bir məntiq ortaya çıxır ki, Azərbaycan polisi ictimai təhlükəsizliyi etibarlı qorumaqla bərabər, istintaq və təhqiqat aparatlarında vətəndaşların pozulan hüquqlarını da bərpa edir. Azərbaycanda vətəndaşların polislə, digər hüquq mühafizə-orqanları ilə əlaqəsini göstərən təkcə bir faktı demək kifayətdir ki, bu gün cinayətlərin 60-70 faizdən çoxu vətəndaşların da yaxından iştirakı ilə açılır. Əslində, vətəndaş özü maraqlıdır ki, ölkəmizdə daxili sabitlik, əmin-amanlıq olsun.
Zaman-zaman polisin cəmiyyət həyatında rolu, fəaliyyəti ilə bağlı ictimai müzakirələrə şahidlik edirik. Təbiidir. Qanunlara tənzimlənən polisin fəaliyyəti o qədər görünən üzdədir ki, o, daha çox diqqət çəkir. Daha çox eşitdiyimiz - Azərbaycan Polisinin cəmiyyətin arxalandığı, etibar etdiyi qüvvəyə çevrilməsini şərtləndirən əsas amil mənəvi təməllərə söykənən insanlıq və humanizm prinsipləridir. Birmənalı olaraq, bir fikir qəti hakimdir ki, cinayətkarlığa qarşı fəal mübarizə, əməliyyat şəraitinin nəzarətdə saxlanılması və digər məsələlərin uğurla həll edilməsinin əsas şərti məhz şəxsi heyət arasında dərinləşən mənəvi dəyərlərin möhkəm olmasıdır. Şəxsi heyət arasında davamlı olaraq, dərinləşən bu ənənə, eləcə də professional hazırlıq səviyyəsinə də öz təsirini göstərir. Bu işin yüksək tələblər əsasında həyata keçirilməsi üzün daxili işlər orqanlarının rəhbərliyi tərəfindən müvafiq tədbirlər görülür. Yenə də o fikrə gəlirik ki, polisin təşkilatlanmasında mənəvi dəyərlərin və dövlət siyasətinin əsas qayə olması onu cəmiyyət həyatında etibarlı ünvana çevirib. Vətəndaş arxayındır ki, onun qanuni mənafelərini və mülkiyyətini hüquqazidd əməllərdən qoruyan mütəşəkkil, mobil təchizata malik Azərbaycan Polisi var.
Elşad HACIZADƏ