Polisi ələ salmaq istəyənlər - Reallığı unutmayaq...
Bu gün sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilib. Az adam tapılar ki, informasiya texnologiyalarından istifadə etməsin. Virtual aləmə o dərəcə bağlanmışıq ki, onlarsız özümüzü narahat hiss edirik. Canlı ünsiyyətdən qaçır sosial şəbəkələrdə sərhədsiz, hüdudsuz məkanda tanımadığımız adamlarla belə “dostlaşırıq”. Şəbəkə istifadəçilərinin bir qismi bəzən elə düşünür ki, bu mühit qapalıdır, olanları heç kim görmür, bilmir, burda özünü gizlədə, anonimliyini təmin edə bilər. Və beləliklə, özlərini mücərrəd azadlıq mühitində hiss edirlər. Qeyri-rəsmi statistik göstəricilərə əsasən, təkcə "Feysbuk"da saxta istifadəçilərin sayı istifadəçilərin ümumi sayının 5 faizdə 10 faizədək nisbətində dəyişir. Yeni sosial şəbəkələrin sayı bu gün də artır və həmin nisbət təbii ki, daha da çoxalır. Azərbaycanda da sosial şəbəkələrdən istifadə edənlərin sayının, habelə bu şəbəkələrin insanların şəxsi məlumatlarına, onların ləyaqətinə və işgüzar nüfuzuna təsir imkanlarının artması saxta istifadəçilərin bu şəbəkələrdən cinayət əməlləri üçün sui-istifadə etməsi hallarına qarşı tədbirləri şərtləndirir. Məhz 2016-cı ilin dekabr ayında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-1-ci maddəsinə edilən dəyişikliklər internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə məsələlərini tənzimləyir. Yəni həmin hesablardan istifadə edənlər cinayət məsuliyyətinə cəlb olunurlar.
Sosial şəbəkələrdə müəyyən məsələlərə bəzən elə yanaşma sərgiləyirlər ki, insan çaşıb qalır. Hətta qınağın dərəcəsini ölümlə təhdidə belə yüksəldirlər. İstifadəçi kütləsinin bir qismi orada kimlərisə qınayır, kimlərisə lap üst səviyyəyə çıxarır. Bəli, ictimai rəy, qınaq olmalıdır.
Şəbəkələrdə polis, onun xidməti müzakirə edilən əsas mözulardandır. Söhbət polisdən düşmüşkən: bəzən polis əməkdaşları ilə bağlı hansısa paylaşımı sorğu-sualsız yarğılayırlar. Çox zaman paylaşımlardan sonra həmin şəxslərin məsuliyyətdən yayınmaq üçün bu addımları atdığının şahidi oluruq. Sözsüz ki, xidmət zamanı nöqsana yol verən, vəzifəsinin öhdəsindən layiqincə gəlməyən əməkdaşlar rəhbərlik tərəfindən cəzalandırılır.
Gün ərzində polisin əməliyyat-axtarış, maarifləndirmə və digər sahələrdə keçirdiyi uğurlu tədbirlər barədə məlumatlar, videosüjetlər ölkə mətbuatında yayımlanır. Buna baxmayaraq, yenə də internet üzərindən açar sözlə “polis əməkdaşı” axtarsaq çox zaman köhnə tarixli video və şəkillərin dəfələrlə tirajlandığının şahidi olarıq. İnanın, bu, polisin işguzar imicinə xələl gətirmir, sadəcə, həmin saytları məlumatlı oxucu qarşısında gülünc vəziyyətə salır. Bəzi saytlar, polisin keçirdiyi hüquqi-maarifləndirmə tədbirlərinin işıqlandırılmasına laqeydlik göstərirlər. Halbuki, bu mövzulu xəbərlər cəmiyyət üçün daha əhəmiyyətlidir.
Daxili İşlər Nazirliyinin rəsmi internet saytında (mia.gov.az) polisə təşəkkür bölümü yaradılıb. Burada vətəndaşlarımız tərəfindən edilən təşəkkürlər yerləşdirilir. Həmin məktublar həm polis-vətəndaş həmrəyliyinin hər gün daha da yaxşılaşmasının bir nümunəsi, həm də polisin işinə kölgə salmaq istəyən qüvvələrə tutarlı cavabdır.
Xəbər başlıqları saytları lap müharibə meydanına bənzədir. Diqqət cəlb etməkdən ötrü hətta elə başlıqlar qoyurlar ki, oxuyanda adamın damarında qanı, sümüyündə iliyi donur. Həmin başlıqları gördükdə az qala ölkədə xaos olduğunu düşünürsən.
Allı-güllü başlıqlar heç də reklama, tanınmağa, oxucu toplamağa xidmət etmir və ölkəmizdə senzuranın ləğvi, söz və fikir azadlığının təmin olunması üçün hüquqi bazanın möhkəmlənməsi heç kimə diqqəti cəlb etmək naminə dəqiqləşdirilməmiş məlumatı media vasitəsilə gündəmə gətirib, manşetə çıxarmağa əsas vermir.
Yeri gəlmişkən, Daxili İşlər Nazirliyində 2017-ci ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının azalması, Dünya İqtisadi Forumunun “2017-2018-ci illər üzrə qlobal rəqabətlilik" hesabatına əsasən, “Polis xidmətlərinin etibarlılığı” indikatoru üzrə Azərbaycanın 21 pillə irəliləyərək 137 ölkə arasında 54-cü yerdə qərarlaşması da diqqətəlayiq fakt kimi vurğulanıb. Aparılmış təhlillərin nəticələri, bəzən isə dolğun faktlar elə saytlar vasitəsi ilə təhrif olunur. Heç kim unutmamalıdır ki, həqiqətin bir üzü var ...
Daxili işlər orqanlarının gecəli-gündüzlü xidmətini görən, üzləşdiyi hər hansı bir problemdən qurtulmaq üçün polisə üz tutanlar da bəzən haqqı görməzdən gəlirlər. Son illər bəzi telekanallar və özəl prodakşnların çəkdikləri filmlərə nəzər salsaq, görərik ki, burada bircə müsbət polis obrazı yoxdur. Təəssüf ki, müstəqillik dövrü Azərbaycan kinosunda, xüsusən də son zamanlar çəkilən filmlərdə polisin obraı real şəkildə təqdim edilmir, onun fədakar əməyi nədənsə “diqqətdən qaçır”.
Bir faktı xüsusi vurğulamaq istərdim. Ssenarisi komediya janrında olan bugünki kinoların çəkilişi zamanı polis obrazının yaradılmasında köməklik göstərilməsi üçün DİN-ə tez-tez müraciət olunur. Təbii ki, lazımi köməklik göstərilir. Amma nəticə? Nəticə reallığı əks etdirmir. Ucuz “gülüş ustaları” gülüş obyektini polis üzərindən qururlar. Unudurlar ki, Vətən yolunda şəhid olmuş, cinayətkarlıqla mübarizədə canlarından keçmiş bu insanların varisləri dünən olduğu kimi, bu gün də sabitliyimizin qoruyucusu, haqq işi üçün canlarını fəda etməyə hazır qəhrəmanları gülüş hədəfinə çevirmək isə ən azı ləyaqətsizlikdir.
Bizdən bu qədər. Vicdanın gözü ilə baxıb görmək və qiymət vermək özünə qələm adamı, söz əhli deyənlərin ən ümdə borcu olmalıdır.
Zeyni Hüseynov,
DİN Mətbuat Xidmətinin əməkdaşı