Polvoknik cərimələrdən danışdı: «Sürücülərdən xahişimiz ondan ibarətdir ki…»
Bu ilin 6 ayı ərzində yol-hərəkəti qaydalarının pozulması nəticəsində ödənilən cərimələrin 40 milyon manatdan artıq olması bəzilərini narahat edib. DİN Baş Dövlət Yol Polisi İdarəsinin açıqladığı rəqəmlərə görə isə bu ilin 8 ay ərzində ödənilən məbləğ 58,5 milyon manata çatıb, Bu müddət ərzində respublika üzrə aşkar edilmiş yol hərəkəti qayda pozuntularının sayı isə 2, 1 milyon təşkil edib. Lakin bəziləri sosial şəbəkələr və digər vasitələrlə bu cərimələrin guya yol polisininn «cibinə getməsi» barədə fikir formalaşdırmağa çalışırlar. Ancaq ümumi mənzərə bunu inkar edir. Çünki qanunla yol hərəkəti qaydalarının pozulmasına görə tərtib edilən cərimələr bank, poçt və internet vasitəsilə ödənilə bilər. DYP tərəfindən açıqlanan rəqəmlər də məhz bunu ifadə edir. Bilmək lazımdır ki, artıq bir neçə ildir Azərbaycanda cərimələrin yol polisi əməkdaşına nağd şəkildə ödənilməsi qadağandır. Bu və digər məsələlərlə bağlı Avtosfer.az-ın suallarını DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polis polkovniki Elşən Kazımov cavablandırıb.
- Elşən müəllim, sürücülər cərimələri hansı formada ödəyə bilərlər. Qanunvericilikdə hansı hallar nəzərdə tutulur?
- Mövcud qənunvericiliyin tələbinə uyğun olaraq yol hərəkəti qaydaları və yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar üzrə qəbul edilmiş müvafiq qərarlar gün ərzində (protokol bort kompyuter vasitəsilə tərtib edildikdə də isə dərhal) DİN BDYPİ-nin Mərkəzi İnformasiya Sistemində yerləşdirilir. Həmin qərarlar üzrə tətbiq olunmuş inzibati cərimələr inzibati xəta törətmiş şəxslər tərəfindən yalnız bank, poçt, plastik kart və ya internet vasitəsilə ödənilir. Tərtib olunmuş protokollarda cərimələrin ödənilməsi qaydaları barədə inzibati xəta törətmiş şəxslərə ətraflı məlumatlar verilir. Tətbiq edilmiş inzibati cərimələrlə əlaqədar ödənişi qəbul edən bank və ya poçt müvafiq ödənişin edildiyi barədə məlumatı real vaxt rejimində BDYPİ-nin Mərkəzi İnformasiya Sisteminə göndərilir. Həmin məlumatlar əsasında qərarların icrasına dair müvafiq məlumatlar sistemdə əksini tapır.
- Sürücülər cərimələri hansı hallarda yol polisinin iştirakı ilə ödəyə bilərlər?
- İnzibati Xətalar Məcəlləsinin tələbinə əsasən inzibati xətaya görə cərimə növündə inzibati tənbeh tətbiq edildiyi vaxtdan dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir (Barəsində inzibati xəta haqqında elektron protokol tərtib edilmiş şəxs məlumatlandırıldığı vaxtdan 10 gün müddətində vəsatət vermədikdə, həmin protokol inzibati tənbeh tətbiq etmə haqqında qərar hesab edilir və bu halda da qərar 5 iş günü müddətində icra edilərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir).
Qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə isə inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılıb mühafizə olunan duracağa yerləşdirilməsi barədə qərar qəbul edilir. Belə nəqliyyat vasitələri yol patrul xidməti əməkdaşları tərəfindən saxlanıldıqda və sürücülər həmin cərimələri ödəmək istədikdə ödənişin Pos-terminallar vasitəsi ilə həyata kecirilməsi üçün şərait yaradılıb, bu məqsədlə keşik avtomobillərinə müvafiq bankların pos terminalları quraşdırılıb. Sürücülər tərəfindən cərimələr həmin pos terminallar vasitəsilə ödənildiyi halda belə yol polisinin iştirakına heç bir zərurət olmur və həmin vəsait sürücünün plastik kartından bank tərəfindən tutulur. Əlavə olaraq qeyd etmək istəyirəm ki, Pos-terminallar vasitəsilə cərimələrin ödənilməsi həmin vaxtda yol patrul xidməti inspektorları tərəfindən tərtib edilmiş protokollara da şamil edilir.
- Ödənilməsi gecikdirilən cərimələr necə yığılır?
- Cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın hər hası bir müddətdə ödənilməməsinə görə qanunvericiliklə həmin qərarın icra olunmaması nəzərdə tutulmur və bu baxımdan istənilən halda cərimənin ödənilməsi qaçılmazdır. Yuxarıda qeyd etdiyim kimi, cərimələrin ödənilməsinin təmin edilməsi üçün qanunvericilikdə bir sıra tədbirlər, o cümlədən nəqliyyat vasitəsinin yol hərəkətindən kənarlaşdırılması, müəyyən olunmuş müddətdə cərimələrin ödənilməməsinə görə sürücülük hüququnun məhdudlaşdırılması, habelə məcburi icra tədbirləri, yəni borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun digər əmlakına yönəldilməsi və s. nəzərdə tutulur. Bu baxımdan, xəta törətmiş hər bir vətəndaşımızın cərimələri vaxtında ödəməsi və qanunla nəzərdə tutulan güzəştdən istifadəsi daha məqsədəmüvafiqdir.
- Cərimələr yığılan vəsait hara və necə xərclənir?
- Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar üzrə tətbiq olunan cərimələrdən daxil olan vəsait yol hərəkətinin təhlükəsizliyinin təmini üzrə hərəkətin təşkili tədbirlərinə və Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş “Büdcədənkənar vəsaitlər üzrə xərclər smetası” üzrə xərclənir. Eyni zamanda, ölkə başçısının sərəncamına uyğun olaraq həmin vəsaitin 25 faizi yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşların aylıq vəzifə maaşlarına əlavə olaraq verilir.
Sonda bildirmək istərdim ki, cərimələrin sərtləşdirilməsi barədə qanunvericilikdə edilmiş dəyişikliklərə baxmayaraq vətəndaşlar tərəfindən qayda pozuntularına yol verilməsi hallarının sayı artır. Bu isə hərəkət iştirakçılarının təhlükəsizliyi, habelə onların şəxsi büdcələrinə zərər vurması baxımından bizi də narahat edir. Polis olaraq sürücülərdən xahişimiz ondan ibarətdir ki, yol hərəkəti qaydalarına, yollarda nizam-intizama ciddi riayət etsinlər.
Deyilənlərdən belə nəticəyə gəlmək olar ki, yol polisinin yazdığı cərimələrin ödənilməsi mexanizmi heç də sadə deyil və bura kənardan müdaxilə etmək mümkünsüzdür. Ola bilər ki, bu proses bəzilərinə sadə və qarışıq bir sistem kimi görünsün, lakin ümumilikdə götürdükdə DYP-nin Mərkəzi Məlumat Sistemi elə qurulub ki, heç kim bura müdaxilə edə bilməz. Sistemə vurulan cərimələr isə kənara yox, rəsmi qaydada büdcəyə daxil olur. Sürücü ödədiyi cəriməyə görə qəbz əldə edir və nəzərə almaq lazımdır ki, bu qəbzi yol polisi yox, banklar verir…
Elməddin Muradlı