Ramil Usubov: "Son 5 ildə 1579 polis cəzalandırılıb"

Yol polisi 16 Fevral 2017 18:42 Oxunub 1431
Ramil Usubov: "Son 5 ildə 1579 polis cəzalandırılıb"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ramil Usubov Avropa Şurasının rəsmisini qəbul edib

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Avropa Şurasının İşgəncələrin, qeyri-insani və ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə Komitəsinin prezidenti Mikola Qnatovskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Avtosfer.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, nazir Daxili İşlər Nazirliyi ilə Avropa Şurası arasında sıx və işgüzar əlaqələrin mövcud olduğunu, bu əməkdaşlıq çərçivəsində insan hüquq və azadlıqlarının təmin olunması üzrə həyata keçirilən tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini nəzərə çatdırıb. O deyib ki, ölkəmiz hələ Avropa Şurasının üzvü olmazdan əvvəl, ötən əsrin 90-cı illərinin sonlarında Avropanın qabaqcıl ölkələrindən, mötəbər beynəlxalq təşkilatlardan olan ekspertlərin yaxından iştirakı ilə polisin fəaliyyətini tənzimləyən, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasının prioritet təşkil etdiyi bir sıra yeni qanunvericilik aktları qəbul edilib, onların tətbiqi sahəsində müsbət təcrübə əldə olunub, Azərbaycan Respublikası insan hüquqları sahəsində əsas beynəlxalq sənədlərə, o cümlədən konvensiyalara qoşulub.

Ramil Usubov qonaqların nəzərinə çatdırıb ki, Azərbaycan Avropa Şurası ilə demokratik dövlət quruculuğu, insan hüquqlarına hörmət və ölkədə qanunun aliliyinin təmin edilməsi sahəsində hərtərəfli əməkdaşlığa böyük önəm verir və bu faydalı işbirliyinin davamlı inkişafında maraqlıdır. Nazir ölkədə insan hüquqlarının müdafiəsi üzrə Prezident İlham Əliyevin imzaladığı Sərəncamlardan irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə DİN-də Xüsusi Tədbirlər planlarının hazırlanıb icraya yönəldiyini də diqqətə çatdırıb. Daxili işlər orqanlarının şəxsi heyətinin dünyagörüşünün artırılması, beynəlxalq təcrübədən bəhrələnməsi istiqamətində məqsədyönlü və sistemli iş aparılmasını, son 5 ildə insan hüquqları üzrə ölkəmizdə və xarici dövlətlərdə keçirilən seminar-treninqlərə 2500-ə yaxın əməkdaşın cəlb olunduğunu qeyd edib.

Qonaqların nəzərinə o da çatdırılıb ki, şəxsi heyət tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması barədə müraciətlər operativ və obyektiv araşdırılaraq müvafiq tədbirlər görülür. Təkcə son 5 ildə vətəndaş hüquqlarının pozulması faktlarına görə 1579 əməkdaş cəzalandırılıb, o cümlədən 146 nəfər daxili işlər orqanlarında xidmətdən xaric edilib, 134 nəfər tutduğu vəzifədən azad olunub, 6 nəfər isə cinayət məsuliyyətinə cəlb edilib.

Ötən ilin mart ayının sonunda Mikola Qnatovskinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri zamanı polis orqanlarının müvəqqəti saxlama yerlərində monitorinq keçirdiyini xatırladan nazir saxlanma şəraitinin daha da yaxşılaşdırılması ilə əlaqədar verilmiş tövsiyələrin nəzərə alınmasını Daxil İşlər Nazirliyi ilə Avropa Şurasının müvafiq strukturları arasında səmərəli əməkdaşlığın növbəti əyani təzahürü kimi dəyərləndirərək, bu istiqamətdə görülmüş işlərdən danışıb.

Nazir respublikada ictimai asayişin və təhlükəsizliyin təmin edilməsində digər dövlət orqanları ilə bərabər, vətəndaş cəmiyyəti və kütləvi informasiya vasitələri ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində də zəruri tədbirlərin həyata keçirildiyini bildirib. Həmçinin, cəmiyyətdə polisin nüfuzuna və işgüzar imicinə xələl gətirməkdə maraqlı olan bəzi şəxslərin bu mövzuda ictimai rəyi çaşdırmağa yönəlmiş cəhdləri, nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən Avropa Şurasına qərəzli olaraq əsassız və qeyri-obyektiv müraciətlər ünvanlamaları təəssüflə qeyd olunub.

Mikola Qnatovski səmimi qəbula və ətraflı məlumata görə təşəkkür edib, rəhbərlik etdiyi qurum tərəfindən ötən il həyata keçirilmiş monitorinq zamanı aşkarlanan çatışmazlıqların qısa müddətdə aradan qaldırılmasından, verilən tövsiyələrin nəzərə alınmasından, eyni zamanda, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması hallarına Nazirliyin rəhbərliyinin hər zaman prinsipial mövqedən yanaşmasından məmnunluğunu ifadə edib, qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da davam etdirilməsində maraqlı olduqlarını vurğulayıb.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh