Ramil Usubov yol polislərini sıraya düzdü - Ciddi tapşırıqlar verildi - FOTOLAR
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov dekabrın 16-da Əlahiddə Çevik Polis Alayında yol patrul xidməti əməkdaşlarının sıra baxışını keçirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, nazir müavinlərinin, DİN-in aidiyyəti Baş İdarə, İdarə və xidmət rəislərinin də iştirak etdikləri tədbirdə nazir dövlət yol polisi əməkdaşlarının düzüldükləri ayrı-ayrı kalonların önündən keçərək onların zahiri görkəmi, fiziki və peşə hazırlığının vəziyyəti ilə maraqlanıb, bəzi irad və tövsiyələrini bildirib, ümumən, sıra baxışının nəticələrindən razı qaldığını deyib.
Tədbirdən sonra Alayın akt zalında son 5 ildə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
Müşavirəni açan daxili işlər naziri dövlət yol polisi qurumları əməkdaşlarının sıra baxışının həm də aidiyyəti fəaliyyət sahəsində görülmüş işlərə, mövcud problemlərə bir daha nəzər yetirmək, qarşıda duran vəzifələrin həlli yollarını müəyyənləşdirmək baxımından olduqca əhəmiyyətli olduğunu xatırladıb. Eyni zamanda, bu xidmət sahəsində fəaliyyətin müvafiq qanunvericilik aktlarının tələbləri səviyyəsində qurulmasının daim diqqət mərkəzində saxlanıldığını, şəxsi heyətin peşəkarlığının yüksəldilməsi, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirildiyini bildirib.
Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov görülən işlər, əldə edilən nəticələr barədə geniş məruzə ilə çıxış edib. O deyib ki, dövlət başçısının diqqət və qayğısı sayəsində maddi-texniki bazanın müasirləşməsi, xidməti fəaliyyətin "elektron hökumət" dövlət proqramına uyğun qurulması, qayda pozuntularının texniki vasitələrlə aşkarlanması istiqamətində işlər davam etdirilib. Nizami hissələr və ərazi orqanları yüksək texniki parametrlərə malik və müxtəlif informasiya sistemlərinə çıxışı olan patrul avtomobilləri, motosikllər, radar qurğuları və s. ilə təchiz ediliblər.
Müşavirədə çıxış edən daxili işlər naziri bildirib ki, həqiqətən də son illər respublikada yol hərəkətinə nəzarətin gücləndirilməsi sahəsində lazımi qabaqlayıcı iş aparılıb. Nəqliyyat vasitələrinin artması fonunda ötən illərlə müqayisədə yol-nəqliyyat hadisələrinin dinamikasında, qəzalarda ölən və xəsarət alanların sayında nəzərəçarpan azalmaya nail olunub. Bu müsbət təmayüllər məqsədyönlü şəkildə həyata keçirilmiş təşkilati tədbirlərin, həmçinin, yol polisi əməkdaşlarının gərgin xidməti fəaliyyətinin məntiqi nəticəsidir. Bildirilib ki, xidməti vəzifələrini layiqincə yerinə yetirən yol polisi əməkdaşlarının əməyi də diqqətdən kənarda qalmayıb. Ötən 5 ildə onlardan 12 nəfəri ölkə Prezidenti tərəfindən dövlət mükafatına layiq görülüb, Nazirlik tərəfindən isə 694 nəfər barəsində müxtəlif həvəsləndirmə tədbirləri tətbiq edilib.
Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, polisin qanunla müəyyən edilmiş vəzifələrindən biri də həyatı və sağlamlığı üçün təhlükəli vəziyyətə düşmüş şəxsə kömək göstərməkdir. Bu məsələdə yaxşı nümunələrin sayının çox olduğu, insanlara həssas münasibətin, diqqət və qayğının həmişə minnətdarlıqla qarşılandığı, bunun polisin nüfuzunu daha da yüksəltdiyi bildirilib.
Xüsusi vurğulanıb ki, yol polisi əməkdaşları hərəkət iştirakçıları ilə ünsiyyətdə etik davranış qaydalarına daim ciddi riayət etməli, törədilmiş inzibati xətanın yarada biləcəyi mənfi nəticələr sürücülərə izah edilməlidir.
Daha sonra nazir xidməti fəaliyyətdə hələ də bəzi nöqsan və çatışmazlıqların mövcudluğu qeyd edərək konkret tapşırıq və tövsiyələrini verib.
General-polkovnik Ramil Usubov əməliyyat-xidməti fəaliyyətdə insan hüquq və azadlıqlarının qorunmasının prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb, habelə vətəndaşlarla kobud davranan, korrupsiya hüquqpozmalarına yol verən əməkdaşlar barəsində hər zaman ciddi intizam tənbehi tədbirlərinin görüldüyünü nəzərə çatdırıb.
Daxili işlər naziri dövlət tərəfindən əlillərin, o cümlədən respublikanın ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlığını itirmiş şəxslərin hərtərəfli diqqət və qayğı ilə əhatə olunduğunu, əksəriyyətinin nəqliyyat vasitələri ilə təmin edildiyini, eyni zamanda, yol patrul xidməti əməkdaşlarının onlara hər zaman xüsusi həssaslıqla yanaşdıqlarını xatırladıb.
Qeyd olunub ki, bəzi hallarda yol hərəkəti qaydalarını pozmuş belə sürücülər barəsində tədbir görülərkən törətdikləri inzibati xətaların ağır fəsadlarla nəticələnə biləcəyi, bunun həyat və sağlamlıqları, təhlükəsizliklərinin qorunmasından irəli gəldiyi onlara təmkinlə izah edilməlidir.
Nazir əlillərə verilmiş və verilməsi nəzərdə tutulan avtomobillərin dövlət hesabına xüsusi idarəetmə sistemi ilə təchiz olunması məqsədilə hökumət qarşısında vəsatət qaldırılması üçün müvafiq sənəd layihəsinin hazırlanması, həmçinin bu cür avtomaşınları idarə etmək vərdişlərini aşılamaq məqsədi ilə xüsusi təlim kurslarının təşkil edilməsi barədə Baş İdarənin rəisinə tapşırıq verib.
Tədbirə yekun vuran general-polkovnik Ramil Usubov bu gün xidməti vəzifələrin uğurla yerinə yetirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyev tərəfindən bütün lazımi şərait yaradıldığını, şəxsi heyətin böyük qayğı ilə əhatə olunduğunu xüsusi qeyd edib, möhtərəm dövlət başçısının bu ali diqqətinə və etimadına cavab olaraq hər bir əməkdaşın qanunla müəyyən edilmiş vəzifələri bundan sonra da layiqincə yerinə yetirməli, xalqa, Vətənə ləyaqətlə xidmət etməli olduğunu vurğulayıb.
Elməddin