Rövşən Tağıyev yuxulu sürücülərdən DANIŞDI: "Avtomobil nəzarətsiz təhlükəyə çevrilir"

Yol polisi 5 İyun 2026 12:41
Rövşən Tağıyev yuxulu sürücülərdən DANIŞDI: "Avtomobil nəzarətsiz təhlükəyə çevrilir"
WhatsApp kanalımıza abunə olun

Yuxulu və yorğun vəziyyətdə avtomobil idarə etmək yol hərəkəti iştirakçıları üçün ciddi təhlükə yaradır. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib ki, yol-nəqliyyat hadisələrinin təhlili ağır nəticələrlə müşayiət olunan bəzi qəzaların baş verməsində sürücülərin yorğun və yuxulu vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsinin mühüm rol oynadığını göstərir.

Avtosfer.az xəbər verir ki, onun sözlərinə görə, bir çox sürücü yuxululuğun yaratdığı təhlükəni düzgün qiymətləndirmir və mənzil başına daha tez çatmaq məqsədilə hərəkəti davam etdirir. Halbuki yuxu hissi yarandığı andan etibarən diqqət, reaksiya sürəti və ətraf mühiti qiymətləndirmə qabiliyyəti zəifləyir.

Şöbə rəisi qeyd edib ki, insan orqanizmi müəyyən yuxu rejiminə uyğunlaşdığından, xüsusilə gecə saatlarında, səhərə yaxın vaxtlarda və adətən istirahət etdiyi saatlarda sükan arxasında olmaq riskləri artırır. İnsan özünü ayıq hesab etsə belə, orqanizm artıq istirahət rejiminə keçməyə başlayır.

R.Tağıyev bildirib ki, sükan arxasında yuxululuğa kifayət qədər yatmamaq, yuxu rejiminin pozulması, gecə saatlarında avtomobil idarə etmək, uzun müddət fasiləsiz hərəkət etmək, fiziki və psixoloji yorğunluq, ağır qidalar, bəzi dərman vasitələri, eləcə də havasız və isti salon şəraiti səbəb ola bilər.

Onun sözlərinə görə, tez-tez əsnəmək, göz qapaqlarında ağırlıq hiss etmək, diqqətin yayınması, yol nişanlarının gec fərq edilməsi və ya son kilometrlərin necə qət olunduğunu xatırlamamaq artıq təhlükə siqnalları hesab edilməlidir.

Rövşən Tağıyev xüsusilə “mikroyuxu” adlandırılan vəziyyətin təhlükəli olduğunu vurğulayıb. Bildirib ki, bu zaman sürücü fərqinə varmadan bir neçə saniyəlik yuxuya gedə bilər və həmin qısa müddətdə avtomobil onlarla, hətta yüzlərlə metr məsafə qət edir.

“Saatda 90 kilometr sürətlə hərəkət edən avtomobil 4 saniyə ərzində təxminən 100 metr məsafə qət edir. Bu müddətdə sürücü qarşısına çıxan maneəni, piyadanı və ya yol şəraitindəki dəyişiklikləri vaxtında qiymətləndirə bilmir. Nəticədə bir neçə saniyəlik yuxululuq ağır faciələrə səbəb ola bilər”, – deyə o qeyd edib.

Şöbə rəisi əlavə edib ki, musiqinin səsini artırmaq, pəncərəni açmaq və ya qəhvə içmək yalnız qısamüddətli təsir göstərir və yuxusuzluq problemini aradan qaldırmır.

Baş DYP İdarəsi sürücülərə yuxu hissi yarandıqda təhlükəsiz yerdə dayanmağı, qısa fasilə verməyi, təmiz hava qəbul etməyi, imkan olduqda 15-20 dəqiqə istirahət etməyi və yuxululuq keçmədiyi halda hərəkəti davam etdirməməyi tövsiyə edir.

Qurum bir daha xatırladır ki, “bir az da gedərəm” düşüncəsi ağır yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biridir və vaxtında verilən düzgün qərar insan həyatını xilas edə bilər.

Oxunub : 264
ŞƏRH YAZ
Ad

E-mail

Şərh