Şagird rəisin kreslosunda oturub “mən rəis olacam” dedi - FOTO
Noyabrın 30-da Xətai rayon 56 nömrəli tam orta məktəbin şagirdləri Rayon Polis İdarəsində qonaq oldular. “Polis uşaqların gözü ilə” mövzusunda keçirilən bu görüş RPİ-nin təşəbbüsü və təşkilatçılığı ilə baş tutmuşdu. Tədbir həm də maarifləndirmə xarakteri daşıyırdı. İdarənini rəisi, polis polkovniki Muradəli Babayev şagirdləri İdarənin həyətində qarşıladı. Uşaqlar qarışıq valideynlər bəlkə də bunu gözləmirdilər. Əslində, bu, təcrübəli, peşəkar polis zabitinin uşaqlarla xoş ünsiyyət qurmaq üçün səmimi jesti idi.
Bir neçə dəqiqəlik səmimi söhbətdən sonra İdarənin inzibati binası ilə tanışlıq başladı. Əvvəlcə Növbətçi hissə uşaqlara təqdim olundu.
Bildirildi ki, ərazi polis orqanlarında vətəndaşların ilk müraciət etdiyi ünvan Növbətçi Hissədir və hər hansı bir problemlə, müraciətlə bağlı vətəndaşlar bura üz tuturlar.
“Müvəqqəti Saxlama yeri” ilə bağlı məlumat veriləndə “Burada kimi və nə üçün saxlayırlar?” sualına rəisin cavabı belə oldu: “Burda hər hansı bir cinayətdə şübhəli bilinən şəxslər müvəqqəti saxlanılır.”
Üzərinə “Sinif otağı” yazılmış tanıtım lövhəsi şagirdlərin təəccübünə səbəb oldu. “Elə bilirsiniz təkcə siz oxuyursunuz?”, - deyə şagirdlərə təbəssümlə müraciət edən polis rəisi: “Bildiklərimizlə, oxuduqlarımızla kifayətlənmirik. Biz də oxuyuruq, öyrənirik, təcrübəli əməkdaşlarla fikirlərimizi bölüşürük. Bununçün əməkdaşlarımızı peşə hazırlığı dərslərinə cəlb edirik. Hər hansı bir işdə müvəffəqiyyət qazanmaq, fərqlənmək, daha böyük uğur əldə etmək üçün oxumağa hər kəsin ehtiyacı var”,- dedi.
Rəisin otağı ilə tanışlıq daha maraqlı anlarla yadda qaldı. Hətta “Kim bu gün rəis olmaq istəyir” deyəndə şagirdlər maraqla rəisə və müəllimlərə baxdılar. Şagirdlərdən biri əlini qaldırdı və “Mən rəis olmaq istəyirəm”,- deyib rəis kürsüsündə əyləşdi. Fotoqraf da fürsətdən istifadə edib bu anları tarixin yaddaşına həkk etdi…
Şagirdlərdən bir neçəsinin inzibati binada yaradılan şəraiti, xidməti otaqların səliqə-səhmanından tutmuş gördüklərini, müşahidə etdiklərini, daha doğrusu, ilk təəssüratlarını qeyd etməsi də diqqətimizdən yayınmadı. Polis haqqında təqdimatımızın ilk uğuruna biz imza atmışdıq…
Gələcəyimiz olan fidan balalar valideynlərinin yaratdığı süni qorxuya qalib gəlmişdilər və onlar polisimizin səmimiyyətinin, insanpərvərliyinin şahidi idilər...
İdarənin akt zalında isə uşaqları daha bir sürpriz gözləyirdi. Əvvəllər daxili işlər orqanlarında xidmət etmiş, bu gün də xidmətdə olan davamçılarına dəstəyini əsirgəməyən veteranlar da şagirdlərlə görüşə gəlmişdilər.
Polis veteranlarını, məktəbin müəllim və şagird kollektivini İdarədə görməkdən məmnunluğunu bildirən, bu tədbirdə keçmişlə, bu günün və gələcəyin bir araya gəldiyini deyən polis polkovniki M.Babayev gələcəyimiz olan uşaqlara müstəqilliyimizin sütunlarının daha da möhkəmlənməsində Azərbaycan Polisinin keçdiyi inkişaf yolundan, tarixi xidmətlərindən bəhs etdi. Dedi ki, bu gün ölkəmizdə sabitliyin, əmin-amanlığın bərqərar olunmasında, cinayətkarlıqla mübarizədə digər hüquq-mühafizə orqanları ilə yanaşı Azərbaycan Polisinin də üzərinə çox böyük və məsuliyyətli bir iş düşür. Hələ müstəqilliyimizin ilk illərində erməni təcavüzünə qarşı döyüşənlərin, vətənin səsinə səs verənlərin içində yüzlərlə polisimizin olduğunu, onlardan çoxunun şəhidlik zirvəsinə ucaldığını, əlil və şikəst olduğunu xatırladan natiq bu gün də polisin daha məsuliyyətlə, inamla Vətənə, dövlətə, xalqa xidmətini qeyd etdi.
O, gələcəyimiz olan uşaqları, gəncləri zərərli vərdişlərdən, pis əməllərdən qorumaq üçün məktəblərdə, əmək kollektivlərində keçirilən maarifləndirici tədbirlərə diqqət çəkərək sabahımızı, gələcəyimizi düşünən polislərin hələ bundan sonra da görüləsi işinin çox olduğunu xatırlatdı. İdarə rəisi bu işdə veteranların da fəaliyyətini xüsusi vurğuladı.
RPİ Veteranlar Şurasının üzvü Faiq Ağayev polisi insanlara daha yaxından tanıdan və onu sevdirən bu cür maarifləndirici tədbirlərin yeniyetmələrin təlim-tərbiyəsində xüsusi əhəmiyyətini qeyd edərək şagirdləri vətənimizə, dövlətimizə sadiq olmağa, yaxşı oxumağa, bilik və bacarıqlarını daha da təkmilləşdirməyə, öz milli kimliklərinə sahib çıxmağa çağırdı.
Məktəbin direktoru Hicran Qarabəyli DİN və RPİ rəhbərliyinə təşəkkürünü çatdıraraq, məhz polislərin təşkilatçılığı ilə rəhbərlik etdiyi təhsil ocağında narkomaniya, erkən nikah və dini radikalizmlə bağlı tədbirlərin mütəmadi olaraq keçirildiyini bildirdi.
Onuncu sinif şagirdi İlahə Məmmədzadənin çıxışı və “Mən dünəni də bu günü də tarix olan, bizim gələcəyimizi, taleyimizi düşünən Polisimi sevirəm” deməsi alıqşlarla qarşılandı.
Sonra məktəbin riyaziyyat müəllimi Elnarə Əliyeva, İdarənin əməkdaşı polis kapitanı Aygül Həsənova çıxış etdilər.
Daha sonra şagirdlərə polislərin hədiyyəsi-kitablar təqdim olundu.
Hafiz Təmirov,
Foto: Zeyni Hüseynov