Reklam

Şəhid polislərin ailələri imtiyazlardan niyə kənarda qalıb? - Deputatlardan etiraz

Yol polisi 16 Oktyabr 2018 17:25 Oxunub 1580
Şəhid polislərin ailələri imtiyazlardan niyə kənarda qalıb? - Deputatlardan etiraz
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Oqtay Əsədov 11 minlik ödənişi ala bilməyən şəhid ailələri ilə bağlı göstəriş verdi

“Cənab prezident İlham Əliyev tərəfindən böyük addım atılaraq şəhid ailələrinə 11 min manat birdəfəlik yardımın verilməsi nəzərdə tutulub”. Bunu Milli Məclisin iclasında deputat Zahid Oruc deyib. O bildirib ki, konkret bu ailələrin sayı 4800 nəfərdir: “Bu qədər şəhid ailəsinə yox cavabı verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də bundan narahatdır. Cənab prezident seçkilərdən sonra şəhid ailələri ilə bağlı ilahi, müqəddəs bir sərəncam verdi. Bununla göstərdi ki, şəhid və şəhid ailəsi onun üçün, dövlət üçün nə qədər müqəddəsdir. Yəni, onlar məhək daşıdır. Şəhid ailəsi bir daha ayağa qalxıb dövlət, torpaq üçün vuruşacaq. Ona görə sığorta təşkilatı tərəfindən yaradılan bu problem aradan qaldırılmalıdır. Onların bunu etməyə haqları yoxdur. Bunun üçün millət vəkillərindən, sığorta qurumundan və adıçəkilən nazirlikdən ibarət bir komissiya formalaşdırılsın və problem aradan qaldırılsın”.
Milli Məclisin sədri Oqtay Əsədov 11 min manatlıq birdəfəlik ödənişi ala bilməyən şəhid ailələri ilə bağlı göstəriş verib. O.Əsədov parlamenmtdə bildirib ki, Milli Məclis bu məsələ ilə bağlı üzərində düşən vəzifəni yerinə yetirib, iclas keçirilib, müraciət olunub. Spiker bildirib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamından sonra bu məsələ həllini tapmalıdır: “Tövsiyə edirəm ki, Milli Məclisin İnsan hüquqları komitəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, “Azərsığorta”nın əməkdaşları parlamentə dəvət etsin, məsələ müzakirə olunsun”.
“Ölkəmizdə müharibə və əmək veteranlarına daim diqqət və qayğı göstərilir. Azərbaycana gələn qonaqlar da ölkəmizin bu sahədə təcrübəsinin öyrənilməsinin vacibliyini qeyd edirlər. Hərçənd ki, Azərbaycanda müharibə veteranlarının sayı digər ölkələrə nisbətən qat-qat çoxdur”. Parlamentin iclasında deputat Siyavuş Novruzov belə deyib. Azərbaycan prezidenti İlham Əliyev tərəfindən cəsarətli addım atılaraq şəhid ailələrinə birdəfəlik müavinətin verilməsinin çox mühüm qərar olduğunu bildirən S.Novruzov burada maddiyyat məsələsinin şişirdilməsinin əleyhinə olduğunu dilə gətirib. “Biz burada mənəvi tərəfləri əsas götürməliyik. Bu addımın mahiyyəti şəhid ailələrini digər insanlardan fərqləndirməkdir. Bu, millətin, dövlətin şəhididir. 5 manat az oldu, çox oldu kimi məsələləri dilə gətirmək düzgün deyil. Bu məsələyə şəhid ailəsinin maddi təminatı kimi yanaşmamalıyıq”.
Siyavuş Novruzov deyib ki, bu yaxınlarda Nazirlər Kabineti tərəfindən veteran statusu almayan şəxslər üçün qaydalar tətbiq edilib. Onun sözlərinə görə, vaxtilə haqqı olan insanlar qalıb kənarda, olmayanlar isə digərlərinin haqqını mənimsəyiblər. “Hökumət də buna əsasən bu haqdan məhrum edilənlərin öz haqqından istifadəsi üçün şərait yaradıb. Azərbaycanda veteranların sayı təxminən 60 mini keçib. Sırf Qarabağla olanları qeyd edirəm. Azərbaycanda polk, diviziya olmayıb. Batalyon olub və bu batalyonlarda da 200 nəfər insan vuruşub”.
S.Novruzov əlavə edib ki, ezam olunanlarla, həqiq hərbi xidmətə çağıranların statusu fərqli olmalıdır.
"Qarabağda müharibə başlayanda nə Müdafiə Nazirliyi, nə də hərbi qulluqçular vardı. Orada döyüşənlər adətən könüllü insanlar idi. Azərbaycanın bütün yerlərindən könüllü insanlar gəlib öz ciblərinin pullarına ordan-burdan silah alaraq torpağı könüllü qorudular və şəhid oldular”.
Bu barədə deputat Aqil Abbas danışıb. O bildirib ki, həmin vaxt  yaxşı döyüşənlər polis işçiləri idi. “Çünki onlar nizam-intizam görmüşdülər, qayda-qanunu, silahdan istifadəni bilirdilər. Azərbaycanın bir çox kəndi həmin zaman döyüşən polis və könüllülərin hesabına işğaldan azad olunub. Çox qəribədir ki, əlində avtomatının nömrəsi, ordudan tərxis olunmasına dair sənədi olan döyüşçülər var, amma onlar veteran sənədini ala bilmirlər. Bu hallar əvvəllər də olub. Bununla bağlı dəfələrlə Müdafiə Nazirliyinə də müraciət etmişik. Gedənin arxasınca danışmazlar. Ancaq köhnə müdafiə naziri Səfər Əbiyev heç vecinə də almayıb. Görək indi hazırki müdafiə naziri nə edəcək”.
A.Abbas qeyd edib ki, ölkə prezidenti İlham Əliyev tərəfindən böyük addım atılaraq şəhid ailələrinə 11 min manat birdəfəlik yardımın verilməsi nəzərdə tutulub. “Bu yardım təxminən 6800-ə qədər şəhid ailəsini əhatə edir. Hesab edirəm ki, könüllülərə və polis işçilərinə də müavinətin verilməsi vacibdir. Cənab prezident tərəfindən könüllü döyüşən və polis işçilərinə də belə bir diqqət göstərilsə sevinərik”.

“Ölkə prezidenti İlham Əliyev tərəfindən böyük addım atılaraq şəhid ailələrinə 11 min manat birdəfəlik yardımın verilməsi nəzərdə tutulub. Bu, şəhid ailələri tərəfindən yüksək qiymətləndirlir. Lakin elə şəhid ailələri var ki, onları bu hüquqlarından yararlana bilmirlər”. Bunu deputat Fazil Mustafa parlamentin iclasda deyib. O bildirib ki, müharibə aparan dövlətdə şəhid ailələrinin hüquqları, haqları qorunmalıdır: “Bəzi şəhid ailələri “Azərsığorta”ya müraciət edir. Lakin onlara deyirlər ki, siz vaxtilə 50 min manat aldığınıza görə, indiki ödənişi ala bilməzsiniz. Vətəndaşlar həmin pulu almadıqlarını söyləsələr də, vətəndaşın üzərinə bunu sübut etmək kimi öhdəlik qoyulur. Belə çıxır ki, onlar almadıqlarını sübut etməlidirlər. Şəhid ailələrinin bu hüququ əlindən alınırsa, bu yanlış yanaşmadır. Dövlət qurumları öz fəaliyyətlərini düzgün qurmur, insanları Milli Məclisə göndərirlər”. 
F.Mustafa deyib ki, söhbət 2 min vətəndaşdan gedir: “Bəzi vətəndaşlar öz hüquqlarını bilmirlər. Lakin bu məsələyə ciddi yanaşmalıyıq. 5 ildən bir arxiv yoxa çıxır və ya yandırılır. Bu sənədlər elektronlaşmalıdır ki, onlar itməsin”. 
Deputat söyləyib ki, vaxtilə Daxili İşlər Nazirliyində xidmət göstərib şəhid olanların ailələrinin ölkə başçısının sərəncamı ilə ayrılan yardımdan istifadə etmək hüquqlarının olmadığı deyilir: “Vaxtilə DİN-də çalışıb, şəhid olanlara bütün güzəştlərdən istifadə etmək hüquqi verilib. Lakin onlara deyilir ki, sən gərək polis deyil, hərbçi olmalıydın ki, bu güzəştdən istifadə edə biləsən. Bu, düzgün deyil. Problemi həll etmək üçün dövlət səviyyəsində qrup yaradılmalıdır. Haqlı tələb irəli sürməyənlər də ola bilər. Bunları araşdırmaq lazımdır. Bu ailələrin problemlərinin həlli istiqamətində addım atılmalıdır. Hər bir şəhid ailəsi ayrı-ayrılıqda qəbul olunaraq, onlara bu yardımın niyə düşmədiyi izah edilməlidir”.

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh