Reklam

Sürücü və piyadalar sərxoş halda yola çıxıb faciə törədirlər – Yol polisi

Yol polisi 13 Fevral 2017 00:43 Oxunub 2449
Sürücü və piyadalar sərxoş halda yola çıxıb faciə törədirlər – Yol polisi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Mayor Ürfət Şükürov: «Valideyn qaydalara əməl etməlidir ki, uşaq da ona baxıb öyrənsin»

DİN Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 1-ci tağımının rəhbər heyəti Ceyranbatan, Saray və Masazır qəsəbələrinin bələdiyyə sədrləri və sakinləri ilə görüşlər keçirib. Avtosfer.az-ın məlumatına görə, diskusiya şəraitində keçirilən görüşlərdə qəsəbələrin bələdiyyə sədrləri, sakinlər, məktəb direktorları və şagirdlərlə yanaşı 1-ci tağımın əməkdaşları da iştirak ediblər.

Əhali arasında maarifləndirmə işinin gücləndirilməsi məqsədilə keçirilən görüşdə çıxış edən tağım komandiri, polis mayoru Ürfət Şükürov bildirib ki, YPXA-nın 1-ci tağımının xidməti ərazisi olan Masazır, Saray və Ceyranbatan qəsəbələrindən keçən respublika əhəmiyyətli yolun bir neçə hissəsində nizamlanmayan piyada keçidləri var. Qəsəbə sakinlərinin bu keçidlərdən heç də həmişə düzgün istifadə etməsi son dərəcə ağır yol nəqliyyat hadisələri ilə nəticələnir: «Bu da nəticə olaraq vətəndaşımızın ölümü və ya ağır xəsarət alması ilə nəticələnir».

İclasa sədrlik edən Ceyranbatan qəsəbəsinin bələdiyyə sədri Cavanşir Zeynalovun rəyi iclas iştirakçılarının müzakirəsinə təqdim edilib. Daha sonra YPX inspektoru, polis kapitanı Samir Zeynalov, leytenant Rasim Əliyev, leytenant Əli Salayev çıxış edərək yerlərdəki vəziyyətdən danışıb və sakinlərin suallarını cavablandırıblar.

İnspektor Rasim Əliyev çıxışında qəsəbə sakinlərinə müraciət edərək onların hər birinin kimliyindən asılı olmayaraq yolu keçən yaşlı, qadın və məktəblilərə öz ailə üzvlərindən biri kimi kömək etmələrini xahiş etdi.

Daha sonra qeyd edilən qəsəbələrdə yerləşən məktəb direktorları da çıxışlarında məktəblərdə şagirdlərin yol hərəkəti qaydalarına düzgün əməl etmələri üçün təkliflər səsləndiriblər. Qeyd olunub ki, şagirdlərin yol hərəkəti qaydaları haqqında ilkin məlumatlandırılması vacibdir. Xüsusən də məktəblərə giriş və çıxış saatlarında böyük siniflərin ibtidai siniflərə yolu keçərkən kömək göstərməsi faydalı olar.

Tağım komandiri Ürfət Şükürov bu təklifi dəstəkləyərək yaxın vaxtlarda orta məktəblərdə bu istiqamətlərdə təbliğat işinə başlanılmasına dəstək olacaqlarını diqqətə çatdırıb. Polis mayoru bildirib ki, məktəblərdən öncə evdə valideynlər uşaqlara yol hərəkəti qaydaları ilə bağlı ilkin vərdişləri aşılamalıdır. Ən əsası isə valideyn özü istər sükan arxasında, istərsə də piyada qismində yolda hərəkət edərkən qaydalara əməl etməlidir ki, uşaq da ona baxıb öyrənsin.

Ürfət Şükürov adıçəkilən qəsəbələrdə olan restoran sahiblərinə müraciət edərək təklif edib ki, həmin obyektlərdə istirahət edən sürücülərin və digər vətəndaşların sərxoş halda yola çıxmasına qarşı tədbirlər görsünlər, sürücülərin «ayıq sürücü» xidmətlərindən istifadə etməsini təmin etsinlər. Ona görə ki, sürücülər restorandan maşınla sərxoş halda çıxaraq yolda qəza törədir, piyadalar isə sərxoş vəziyyətdə yolun hərəkət hissəsinə çıxmaqla yol qəzasına səbəb olurlar ki, bu əksər hallarda ölümlə nəticələnir: «İstər restoran sahibləri, istərsə də adi vətəndaşlar harada sərxoş sürücü görürsə, kiminsə sükan arxasına əyləşib yola çıxdığını bilirsə vətəndaş mövqeyi göstərərək polisə məlumat versinlər. Bizim əməkdaşların telefon nömrələri sakinlərin əksəriyyətində var. Bu barədə bizə məlumat verin ki, bədbəxt hadisələrin qarşısını vaxtında alaq. O sürücü sizi və sizin yaxınınızı vurmasa da, gedib haradasa hadisə törədib ya özünün, ya da başqasının həyatına son qoyacaq. Sizcə, belə yaxşıdır, yoxsa həmin sürücünü vaxtında zərərsizləşdirmək? Əlbəttə, heç kim istəməz ki, kimsə ölsün, yaralansın. Ona görə də, gəlin hamılıqla maarifləndirmə işi aparaq, qaydaları öyrədək. Öyrənmək istəməyənlərə, qayda pozanlara qarşı isə birlikdə mübarizə aparaq».

 

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh