Təcili yardım sürücüsünün işinə baxıldı – Protokol ləğv olunacaq - VİDEO
Xəstəni həkimə çatdırmaq üçün təcili yardım maşınını sürətlə idarə etdiyi üçün cərimə olunan sürücü haqqında Ağcabədi Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinə izahat verilib. Sürücü Rüfət Hüseynov başına gələnlər haqqında DYP-də ətraflı məlumat verib.
Ağcabədi rayon DYP-nin Namiq Qəmbərovun Avtosfer.az-a açıqlamasına görə, araşdırma zamanı müəyyən olunub ki, təcili yardım maşını ilə xəstə aparılarkən tələblər yerinə yetirilib və avtomobilin sayrışan işıqları yandırılıb. Buna görə də tətbiq olunan cərimə ləğv ediləcək.
Qeyd edək ki, sürət həddini aşdığına görə Ağdaş rayon təcili tibbi yardım stansiyasının sürücüsü Rüfət Hüseynov 310 manatlıq cərimə protokolu göndərilmişdi. Sürücü son aylar Gəncəyə və Bakıya köçürülməli olan xəstələri daşıdıqları zaman təcili tibbi yardım maşınlarının radarlara düşdüyünü deyib. Onun sözlərinə görə, xəstəxana rəhbərliyi bu cərimələrin onların maaşından çıxılacağını bildirir: "Artıq neçə aydır ki, Gəncəyə və Bakıya köçürülməli olan xəstələri daşıdığımız zaman radara düşürük. Sonuncu dəfə martın 27-də Bakıya ağır infarkt diaqnozu ilə köçürülməli olan xəstəni daşıdığım zaman 310 manat radar cəriməsi kəsilib. Xəstəxana rəhbərliyi bu cərimələrin maaşlarımızdan kəsiləcəyini bildirir. O, "yavaş sürün, qoyun xəstə ölürsə ölsün” deyərək cərimələrin biz tərəfindən ödənilməli olduğunu bildirir. Bizimsə maaşımız 200 manatdır. Nə edəcəyimizi bilmirik”.
Məsələ ilə bağlı Dövlət Yol Polisinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, əgər avtomobili idarə edən sürücü hər hansı yolda müəyyən edilmiş sürət həddini aşırsa, bu foto, video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə qeydə alınır və nəqliyyat vasitəsinin sahibi barəsində elektron protokol tərtib olunur: "Operativ nəqliyyat vasitələri isə hərəkət zamanı digər nəqliyyat vasitələri qarşısında hərəkət üstünlüyü hüququna malik olduqlarına görə "Yol hərəkəti haqqında” Qanunun tələblərindən kənara çıxa bilərlər. Lakin hərəkətin başqa iştirakçıları qarşısında üstünlük almaq üçün belə nəqliyyat vasitələrinin sürücüləri sayrışan göy və ya qırmızı işıq və xüsusi səs siqnalını qoşmalıdırlar”.
Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı baş vermiş hadisənin ciddi problemlər yarada biləcəyini deyib. Ekspertin qənaətincə, bu cür hallarda xəstəxana rəhbərliyi məsuliyyət daşıyır və bütün bunlar baş həkimlərin özbaşınalığının nəticəsidir. Sayt rəhbərinin sözlərinə görə, baş həkim belə situasiyalarda zəhmət çəkib dərhal Baş Dövlət Yol Polisi İdarəsinə məlumat verməlidir. Bildirməlidir ki, həmin vaxt nəqliyyat vasitəsini hansı sürücü idarə edib və xəstəni apardığı istiqamət haradır. Xəstəxana rəhbərliyi mövcud vəziyyəti izah elədiyi halda yol polisi dərhal protokola xitam verir: "Xəstəxananın baş həkimləri özbaşınalıq ediblər, qanunları bilmirlər və sürücüləri narazı salırlar. Həmin baş həkimi Səhiyyə Nazirliyi dərhal cəzalandırmalıdır. Başqaları da bundan nəticə çıxarsınlar ki, sürücüləri sıxma-boğmaya salıb insanların həyatı ilə oynamasınlar. O sürücünü sabah öldürsən də, sürət həddini aşmayacaq, qayda pozmayacaq və nəticədə xəstə maşında öləcək. Çox biabırçı bir məsələdir, buna ciddi yanaşmaq lazımdır. Problemə sadəcə bir sürücünün şikayəti kimi yox, qlobal məsələ kimi baxmaq lazımdır. Ölkəmizdə minlərlə təcili yardım sürücüləri var. Bu hadisə onlara pis nümunə olur. Baş həkimlər qaydaları, qanunları öyrənməlidir, onlara ayrıca təlim keçirilməlidir.
Gələcəkdə hər birimizin yaxınları, qohumları o təcili yardım maşınında ola bilər. Sürücünün baş həkimdən qorxmağı niyə hansısa vətəndaşın ölümünə səbəb olmalıdır? Ona görə də Səhiyyə Nazirliyi bu məsələyə mütləq reaksiya verməlidir. Baş həkimin vəzifəsini düzgün icra etmədiyinə görə, sürücülərə, yəni tabeliyində olan işçilərə qarşı qanunsuz tələblər irəli sürdüyünə görə cəzalanmalıdır”.
E.Muradlı bəzən təcili tibbi yardım sürücülərinin avtomobili idarə edərkən vəzifəsindən, səlahiyyətindən sui-istifadə etdiklərini də diqqətə çatdırıb: "Görürsən ki, heç bir xəstə aparmır və heç bir yerə tələsmir. Sadəcə çağırışa gedib və indi də çağırışdan geri qayıdır. Bu zaman da qaydanı pozurlar. Məsələn, maşının üzərində sayrışan işıqlar yanmır, səs siqnalından istifadə olunmur. Bu halda sürücülər cəzalanmalı və onlara qarşı tədbir görülməlidir. Biz dəfələrlə şahid olmuşuq, yol polisi əməkdaşları patrul maşınında qayda pozublar, sayrışan işıqlardan, səs siqnalından istifadə eləməyiblər. Həmin polis əməkdaşlarına cərimə yazılıb. Təcili tibbi yardım sürücülərinin xüsusi tapşırığı yoxdursa, heç yerə xəstə aparmırsa və qayda pozursa, bu zaman cəriməni ödəməlidir. Amma son hadisədə ağır xəstə olub və buna görə sürücüyə cərimə yazılır, cəriməni xəstəxana rəhbərliyi sürücülərə ödətdirirsə, həmin rəhbərlərlə bağlı ciddi ölçü götürülməlidir”.