Vaqif Əsədovdan sürücü və piyadalara XÜSUSİ XƏBƏRDARLIQ
Yol polisi 18 Yanvar 2021 13:52 Oxunub 1934
Vaqif Əsədovdan sürücü və piyadalara XÜSUSİ XƏBƏRDARLIQ

Sabah axşam saatlarından etibarən Bakıda hava kəskin dəyişəcək. Bu günlərdə yol hərəkəti iştirakçıları xüsusi olaraq diqqətli olmalıdırlar.

Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi (DYP) İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov açıqlamasında bildirib ki, hava şəraitindən asılı olmayaraq sürücülər məsuliyyətdən azad olunmurlar.

“Nəzərə alsaq ki, sinoptiklər artıq əvvəlcədən məlumat verirlər ki, Bakı şəhərində, eləcə də ölkə ərazisində hava şəraiti kəskin dəyişəcək, deməli, sürücülər buna hazırlıqlı olmalıdır.

İlk növbədə qarlı, şaxtalı, buzlu hava şəraiti olursa, yollarda sürüşmə ehtimalı artır deyə sürücülər şəxsi avtomobildən mümkün qədər az istifadə etməlidirlər. Belə hava şəraitində ictimai nəqliyyatdan istifadəyə üstünlük verilməlidir.

Belə havada avtomobil idarəetməyə uyğunlaşmış sürücülərə şərait yaradılmalıdır. Qarlı hava şəraitində sürücülər təkərlərdə təzyiqin normadan aşağı olmasına fikir verməlidirlər.

Piyadalara və sərnişinlərə də müraciət edirik ki, yolların hərəkət hissəsinə çıxmaq olmaz. Sərnişinlər təhlükəsizlik kəmərlərindən istifadə etməlidirlər.

Sürücülər ara məsafəsi saxlamalıdırlar, sürət həddini aşağı salmalıdırlar. Hava şəraitindən asılı olmayaraq dövlət nömrə nişanının görünməsini təmin edilməlidir. İşıq cihazları təmiz saxlanılmalıdır.

Sürüşmə ehtimalı olan ərazilərdə əyləc sistemindən istifadə edilməsi qəzaya səbəb ola bilər. Sürücülər bilirlər ki, avtomobillərin hərəkətə gətirilməsi, dayandırılması və qurulması sürətlər qutusunun vasitəsilə həyata keçirilməlidir.

Sürücülər Bakı şəhəri ərazisini tanıyırlar. Bilirlər ki, enişli-yoxuşlu yollar, sərt döngələr hər zaman sürüşmə ehtimalı yaradır. Bu ərazilərdən keçərkən diqqətli olmalıdırlar. Təhlükəsizliyin təmin edilməsi baxımından idarə edilən avtomobilin texniki baxımdan saz olmasına üstünlük verməlidirlər.

Bakınının Yasamal və Günəşli hissəsi hündür ərazilərdir. Eyni zamanda Biləcəri dikində sürücülər ehtiyatlı olmalıdırlar.

Bu ərazilərin hər zaman şaxtalı olması ehtimalı var. Yollar buz bağlayır və sürüşkən olur. Bu da avtomobilin hərəkətində maneələr yaradır. Sürücülər bu səbəbdən də son dərəcə diqqətli olmalıdırlar”, - deyə Vaqif Əsədov bildirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh