Vətəndaşlar polisin fəaliyyətindən razılıq edirlər
Daxili işlər orqanlarının fəaliyyəti, xidməti daim vətəndaşların gözü önündədir. Vətəndaş-polis münasibətlərindəki qarşılıqlı inam, polisə ictimai dəstək hər zaman ümumi işə - cəmiyyətin təhlükəsizliyinə xidmət edir. Bu gün ölkəmizdə belə münasibətlər var və bu etimadı polis öz şərəfli xidməti ilə qazanıb. Daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı hər gün vətəndaşlardan Nazirliyə çoxsaylı təşəkkür məktubları daxil olur. DİN rəhbərliyinə ünvanlanan bu məktubların əsas mövzusunu çətin şəraitdə xidmət aparan, vətəndaşların qanuni mənafelərini cinayətkar qəsdlərdən qoruyan asayiş keşikçilərinin gərgin səyi və əzmkarlığı, qanunun aliliyi prinsipinin hər zaman uca tutulması, vətəndaşların lazım olan anda köməyi və qayğını məhz polisdə tapmaları təşkil edir.
Əlbəttə ki, polis öz vəzifəsini yerinə yetirir. Vətəndaşların polisin fəaliyyətinə verdiyi dəyər hər birimiz üçün önəmlidir. Elə bu məqsədlə də son günlər aldığımız məktublardan daha bir neçəsini oxucularımızın diqqətinə çatdırmaq istərdik:
- Bakı şəhər sakini Cavid Quliyev və Samir Nağıyev DİN rəhbərliyinə ünvanladıqları məktublarında aprelin 24-də Nizami rayonu E.Süleymanov küçəsindəki binalardan birində baş vermiş yanğın zamanı polisin göstərdiyi şücaəti və insanpərvərliyi heç zaman unutmayacaqlarıını, hadisə yerinə hamıdan tez çatan, əsl fədakarlıq göstərərək təhlükədə olan sakinləri xilas edən polis əməkdaşları ilə qürur duyduğunu yazır və buna görə dərin təşəkkürlərini bildirirlər.
Bakı şəhər sakini Sona Hüseynova göndərdiyi teleqramda bildirir ki, aprelin 16-da içərisində 1600 manat və pensiya kartı olan pulqabısını itirməsi barədə Xətai RPİ-nin 36-cı Polis Bölməsinə ərizə ilə müraciət edib. Heç bir gün keçməmiş onun pulqabısı polis leytenantı Pərvin Məmmədov tərəfindən tapılaraq vətəndaşa qaytarılıb. S.Hüseynova göstərilən belə çevik reaksiyadan, diqqət və qayğıdan çox razıdır.
Astara rayonunun Əsxənəkəran kənd sakini Gülnarə Qurbanova göndərdiyi elektron müraciətində yazır ki, RPŞ-yə etdiyi müraciəti daxili işlər orqanlarının səlahiyyətinə aid olmasa da, polis əməkdaşları tərəfindən qəbul edilərək dinlənilib və lazımi köməklik göstərilərək aidiyyəti dövlət qurumuna yönləndirilib. G.Qurbanova polisin vətəndaşlara göstərdiyi bu isti münasibətdən məmnun qaldığını qeyd edir.
Qobustan rayon sakini Məsim Səfərov DİN-ə ünvanladığı məktubunda yazır ki, övladı 2016-cı ildə DİN Daxili Qoşunlarının Naxçıvan Muxtar Respublikasındakı “N” saylı hərbi hissədə xidmətə başlayıb. Bir müddətdən sonra səhhətində yaranmış problemlə əlaqədar təcili olaraq Daxili Qoşunların hərbi hospitalına gətirilib. Həkimlərin gərgin səyi nəticəsində həyatı təhlükəsi sovuşub.
Məsim Səfərov övladının sağlamlığına qovuşmasında əməyi keçən, onun tam sağalması üçün bütün səy və bacarıqlarını səfərbər edən tibb personalına dərin təşəkkürünü bildirir və Daxili Qoşunlarda yaradılan yüksək şəraitdən, əsgərlərə, zabitlərə göstərilən diqqət və qayğıdan məmnunluğunu ifadə edir.
Bakı şəhər sakini Rəşad Cəbrayılov bir neçə gün öncə “Araz supermarket” MMC-yə və orada çalışan işçilərə qarşı cinayət törədən şəxs barəsində qanuni tədbir görülməsi üçün müraciət etdiyini, DİN rəhbərliyinin müraciətə çevik cavab verməsini, həmçinin cinayəti törətmiş şəxsin tutularaq istintaqa cəlb edilməsini Azərbaycan Polisinin vətəndaşlara diqqət və qayğısının bariz nümunəsi kimi təqdir edir.
Şirvan şəhər sakini Emil Nəzərov ona qarşı edilmiş dələduzluq faktının vaxtında araşdırılmasına və əsl həqiqətin üzə çıxarılmasına görə Nazirliyə göndərdiyi məktubda həmkarlarımıza minnətdarlığını ifadə edir.
Cəlilabad rayonundan Təyyar Zülfüqarov DİN-ə göndərdiyi məktubunda yazır ki, Lənkəran Regional Qeydiyyat, İmtahan və Texniki baxış şöbəsinə müraciət etdiyini, II qrup əlil kimi orada ona göstərilən diqqət və qayğıdan çox razı qalıb.
Şəhid həmkarımızın ailə üzvü Elmira Məmmədova məktubunda şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə təşəkkürünü bildirir.
Suraxanı rayon sakini Zemfira Süleymanova elektron müraciətində bir nəfərin onu aldadaraq dələduzluq yolu ilə pulunu ələ keçirdiyini, bununla əlaqədar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etdiyini, qısa müddətdə görülən tədbirlərlə həmin şəxsin saxlanılmasını və ona dəymiş ziyanın ödənildiyini qeyd edir, buna görə DİN rəhbərliyinə və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarına minnətdarlıq edir.
Daşkəsən rayon sakini, II qrup əlil Şəlalə Rzayeva məktubunda bir müddət öncə anasına qarşı törədilmiş cinayətin polis əməkdaşlarının peşəkarlığı nəticəsində açılmasından razılığını bildirir və həmkarlarımıza çətin və məsuliyyətli xidmətlərində uğurlar arzulayır.
Masallı rayon Qızılağac kəndinin bir qrup sakini ünvanladıqları məktubda ötən ay baş vermiş quldurluq hadisəsinin qısa müddət ərzində açılmasında göstərdikləri operativlikdən minnətdarlıqla bəhs edirlər.
Gəncə şəhərindən Heydər Əhmədov, Daşkəsəndən Elvin Verdiyev, Tural Əliyev bir müddət öncə Daşkəsən RPŞ-nin əməkdaşları tərəfindən yararsız ət və ət məhsullarının aşkar edilməsinə və insanların sağlamlıqlarının keşiyində durduqlarına görə təşəkkür edirlər.
Daşkəsən rayonunun Dəstəfur kənd sakini M.Bağırov məktubunda bir müddət əvvəl evindən 3000 min manat dəyərində qızıl-zinət əşyasını oğurlayan şəxslərin polis əməkdaşlarının peşəkarlığı nəticəsində tutulmasından, onların üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirdiklərindən söz açır.
Xəzər rayonundakı Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbinin rəhbərliyi şagirdlərin şəxsiyyət vəsiqələrinin alınmasında Xəzər Rayon Polis İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin əməkdaşlarının yaxından köməklik göstərdiklərini qeyd edirlər.
Şəki şəhər sakini Anar Məmmədov DİN rəhbərliyinə ünvanladığı ərizəsinə çevik reaksiya verilməsindən, Xəzər RPİ-nin əməkdaşları tərəfindən məsələnin dərhal araşdırılaraq problemin aradan qaldırılmasından və hüquqlarının təmin edilməsindən razıdır.
Bakı şəhər sakini Cabbar Ağayarov Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis baş leytenantı İlkin Cəbrayılovun vətəndaşlarla nümunəvi rəftarından məmnun qaldığını bildirir.
Gəncə şəhər sakini Sinifsiz Məmmədova isə qızının xarici pasportunu oğurlamış şəxsin dövlət sərhədini keçməyə cəhd edərkən saxlanılmasından məmnunluğunu ifadə edir.
Natiq Cavadov,
DİN Mətbuat Xidmətinin əməkdaşı,
polis baş leytenantı