Xocalıda şəhid olmuş polislərin xatirəsi yad edildi

Yol polisi 24 Fevral 2016 14:35 Oxunub 1644
Xocalıda şəhid olmuş polislərin xatirəsi yad edildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ramil Usubovun adından qəhrəman şəhərin müdafiəsində şəhid olmuş polis əməkdaşlarının ailə üzvlərinə başsağlığı veriilib

Bu gün Daxili İşlər Nazirliyində Xocalıda şəhid olmuş polis əməkdaşlarının ailə üzvləri ilə görüş keçirilib. Nazirliyin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, daxili işlər nazirinin müavini, polis  general-leytenantı Oruc Zalov tədbiri giriş sözü ilə açaraq xalqımızın son iki əsr ərzində erməni millətçiləri tərəfindən dəfələrlə soyqırıma məruz qaldığını, azərbaycanlıların növbəti belə faciə ilə 24 il əvvəl Xocalıda üzləşdiyini bildirib. Nazir müavini vurğulayıb ki, yalnız ulu öndər Heydər Əliyevin xalqın tələbilə ali hakimiyyətə tarixi qayıdışından sonra bu məsələyə prinsipial şəkildə yanaşılıb. Məhz ümummilli liderimizin qətiyyəti sayəsində soydaşlarımıza qarşı qəddarcasına törədilən dəhşətli qətliama obyektiv hüquqi-siyasi qiymət verilib, Milli Məclisin 24 fevral 1994-cü il tarixli qərarı ilə 26 fevral “Xocalı soyqırımı günü” elan olunub, 1997-ci il fevralın 25-də “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” sərəncam imzalanıb. 

Daha sonra nazir müavini qeyd edib ki, hələ ötən əsrin 80-ci illərirnin sonlarından erməni millətçiləri öz havadarlarının köməkliyi ilə Qarabağ bölgəsində strateji əhəmiyyətə malik məntəqə kimi Xocalını ələ keçirməyə can atır, lakin bu xain hücumların qarşısı hər dəfə şəhərin qəhrəman müdafiəçiləri tərəfindən qətiyyətlə alınırdı. Ancaq 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının ağır hərbi texnikasının və əsgərlərinin dəstəyi ilə erməni silahlı birləşmələri Xocalını yerlə-yekan etdilər. İşğalçılarla qeyri-bərabər döyüşlərdə 17 polis əməkdaşının da qəhrəmancasına həlak olduğunu xatırladan nazir müavininin təklifi ilə tədbir iştirakçıları soyqırıma məruz qalmış  xocalıların, eləcə də ölkəmizin ərazi  bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş bütün həmvətənlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Xocalı soyqırımının bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli faciələrdən biri olduğunu deyən polis general-leytenantı Oruc Zalov işğaldan sonra erməni qəsbkarları təfəfindən azərbaycanlılara məxsus bütün maddi-mədəniyyət abidələrinin vəhşicəsinə dağıdılmasnı ümumilikdə dünya sivilizasiyasına qarşı törədilmiş ağır cinayət kimi dəyərləndirirb. Bildirilib ki, faciədən artıq 24 il keçməsinə baxmayaraq, vəhşicəsinə, xüsusi amansızlıqla və qəddarlıqla qətlə yetirilmiş soydaşlarımızın, qəhrəman oğul və qızlarımızın əziz xatirəsi dünyanın hər bir tərəfində ehtiramla anılır.

Nazir müavini xüsusilə vurğulayıb ki, ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə bu faciənin bütün dünyada tanınması istiqamətində görülən işlər, eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 5 il öncə başladılan "Xocalıya ədalət!" kampaniyası çərçivəsində mütəmadi şəkildə həyata keçirilən tədbirlər, geniş təbliğat nəticəsində özlərini beynəlxalq ictimaiyyətə məzlum, türklər tərəfindən guya soyqırımına məruz qalmış əzabkeş xalq kimi göstərməyə çalışan erməni millətçilərinin, lobbisinin və havadarlarının bu istiqamətdəki səyləri puç olur, yalan və saxtakarlıq üzərində qurulmuş təbliğatları iflasa uğrayır. Məhz buna görə getdikcə daha çox dövlət, həmçinin, Amerika Birləşmiş Ştatlarının 20 ştatı, mötəbər beynəlxalq qurumlar Xatın, Sonqmi kimi bəşəri cinəyətlər sırasında yer alan Xocalı faciəsini soyqırım kimi tanımağa başlayır, onlar Azərbaycan xalqı ilə həmrəy olduqlarını bildirir, erməni millətçilərinin 24 il öncə törətdikləri dəhşətli qətliamı şiddətlə qınayır və qəti şəkildə pisləyirlər. 

Nazir müavini bu gün respublikamızın regionda lider dövlətə çevrildiyini, dünyada gedən iqtisadi böhrana baxmayaraq ölkəmizin siyasi və hərbi qüdrətiminin durmadan artdığını, ordumuzun hər an Ali Baş Komandanın əmrinə hazır olduğunu xatırladaraq Azərbaycanın öz ərazi bütövlüyünü istənilən yolla bərpa edəcəyi barədə möhtərəm dövlət başçımızın qətiyyətli mövqeyini bir daha tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Oruc Zalov respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun adından qəhrəman şəhərin müdafiəsində şəhid olmuş polis əməkdaşlarının ailə üzvlərinə bir daha başsağlığı verib, onların problemləri və qayğıları ilə maraqlanıb, qaldırılan məsələlərin tezliklə həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyini diqqətə çatdırıb.   

Şəhid ailələri adından danışan Vərziyar Əliyeva onlara göstərilən diqqət, qayğıya, həmçinin, əvvəlki görüşlərdə qaldırılan bir çox problemin həllinə görə ölkə və DİN rəhbərliyinə minnətdarlığını bildiriblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh