Reklam

Yol hərəkətinin ən müdafiəsiz iştirakçıları qaydalara əməl edirlər? - DƏHŞƏTLİ STATİSTİKA - FOTO

Yol polisi 14 Fevral 2024 10:09 Oxunub 814
Yol hərəkətinin ən müdafiəsiz iştirakçıları qaydalara əməl edirlər? - DƏHŞƏTLİ STATİSTİKA   - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycanın yollarında müxtəlif növ nəqliyyat vasitələrinə rast gəlinir. Nəzərə alsaq ki, ölkə ərazisində, xüsusilə paytaxt Bakı insanyönümlü şəhərə çevrilir, velosipedçilərdən danışmaq yerinə düşər. Paytaxtın bir sıra küçə və prospektlərində hətta velosiped zolaqları salınıb və istifadəyə verilib.

Bəs velosipedçilər “Yol hərəkəti haqqında” Qanunda velosipedlə yolun hərəkət hissəsində olarkən hansı qaydalara əməl etməli olduqlarını bilirlərmi? 

Məsələn, başında dəbilqə olmadan, qolluq və dirsəklik taxılmadan, eləcə də nasaz vəziyyətdə olan velosiped ilə yolun hərəkət istiqamətində gedən şəxslərə rast gəlinir. Halbuki, bu, “Yol hərəkəti haqqında” Qanunla ziddiyyət təşkil edir.

“Nəqliyyat vasitəsi” sözünü əbəs yerə işlətmədik. Velosiped əzələ enerjisi ilə hərəkətə gətirilən nəqliyyat vasitəsidir. 14 yaşına çatmamış uşaqlara velosipedlə yola çıxmaq qadağandır, amma valideynlər qanunla tənzimlənən bu qaydalara diqqət göstərirlərmi? Parklarda, yollarda velosiped idarə edən uşaq və yeniyetmələrin sayı az deyil.

Bir çox hallarda qaydalara əməl etməyən velosiped sürücüləri qəza şəraiti yarada bilirlər. Hətta bəzən velosipedçilərin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisələri də baş verir. Neçə velosipedçi yol-nəqliyyat hadisələrinin səbəbi və ya qurbanı olub?

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Mübariz Ağayev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, velosipedçilərin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biri bu tip nəqliyyat vasitələrindən istifadə zamanı təhlükəsizlik qaydalarına riayət edilməməsidir:

“2023-cü il ərzində baş verən yol-nəqliyyat hadisələrinin 1,9 faizi velosipedçilərin iştirakı ilə qeydə alınıb. Həmin yol-nəqliyyat hadisələrində 16 nəfərin həyatını itirməsi, 14 nəfərin yaralanması da bu növ qəzaların ağırlıq dərəcəsinin kifayət qədər yüksək olduğunu göstərir. Ölənlərdən iki nəfər, yaralananlardan isə beş nəfər uşaq və yeniyetmə olub. Velosipedçilər tərəfindən yol hərəkəti qadalarının pozulması nəticəsinə üç hadisə qeydə alınıb ki, orada iki nəfər ölüb, bir nəfər yaralanıb. Velosipeddən istifadənin ekoloji, iqtisadi, sağlamlıq baxımından əlverişli olduğunu bildiyimiz kimi, velosipedçinin də yol hərəkətinin ən müdafiəsiz iştirakçılarından biri olduğunu unutmamalıyıq. 

Qanunvericiliyin tələbinə əsasən, velosipedçilər xüsusi velosiped zolaqları ilə, bunlar olmadıqda isə yolun, küçənin hərəkət hissəsinin kənarı və ya yol çiyinləri ilə hərəkət etməli, idarə etməyə maneə olan yük və ya sərnişin daşımamalı, velosiped isə texniki cəhətdən saz və lazımınca təchiz edilmiş olmalıdır.

Bununla yanaşı, velosipedçilər təhlükəsizlik dəbilqələrindən istifadə etməli, yol hərəkəti qaydalarını bilməli və yerinə yetirməli, xüsusilə sutkanın qaranlıq vaxtı, yaxud məhdud görünmə şəraitində digər hərəkət iştirakçılarının onları aydın görə bilmələri üçün tədbirlər görməli, özlərinə və başqalarına təhlükə yaratmamalıdırlar”.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və İctimai işlər üzrə rəisi, polis kapitanı Toğrul Nəsirli açıqlamasında bildirib ki, qurum velosipedçilərə mütəmadi olaraq müraciətində diqqətli olmağı və qaydalara riayət etməyi tövsiyə edir:

“Təəssüflə qeyd etməliyik ki, bu tip nəqliyyat vasitələrini idarə edən bəzi sürücülər yol hərəkəti, eləcə də təhlükəsizlik qaydalarına səthi yanaşırlar ki, sonda xoşagəlməz hallar baş verir. Belə ki, ötən il ərzində paytaxt ərazisində velosipedçilərin vurulması ilə nəticələnən 4 yol-nəqliyyat hadisəsi qeydə alınıb və qəzalar zamanı 3 nəfər həyatını itirib, 1 nəfər isə yaralanıb.

Onu da bilməlidirlər ki, velosipedçilər tərəfindən yol hərəkəti qaydalarının pozulması İnzibati Xətalar Məcəlləsinin 338.4-cü maddəsinə əsasən inzibati məsuliyyət yaradır (Bu qayda pozuntusuna görə, yol hərəkəti iştirakçısı 40 AZN məbləğində cərimə olunur - red.) və ən çox da öz həyat və sağlamlıqlarının təhlükə altında qalmaması üçün yollarda, xüsusən də günün qaranlıq vaxtlarında daha diqqətli və məsuliyyətli olmalıdırlar”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh