Yol polisi 100 manatlıq qayda pozan sürücüləri saxladı; xəbərsiz olanlar da var – VİDEO
İyulun 30-da Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları avtobus zolaqları ilə bağlı sürücülər arasında maarifləndirici tədbir keçirib. Avtosfer.az xəbər verir ki, tədbir paytaxtın bir sıra küçələrində salınan avtobus zolağında digər nəqliyyat vasitələrinin hərəkətinin qarşısını almaq məqsədilə təşkil edilib.
Tədbir zamanı qaydaları pozan sürücülər saxlanılaraq onlarla profilaktik söhbət aparılıb.
DYP-nin Bölmə rəisi polis kapitanı Toğrul Nəsirli saxlanılan sürücülərə yaxınlaşaraq onlara avtobus zolağında hərəkət və dayanmağa görə qəbul edilən qərardan sonra artırılan yeni cərimələrlə bağlı məlumat verib.
Saxlanılanlar arasında yeni salınan zolaqdan xəbərsiz olan sürücülərlə bərabər, çatdırmalı olduğu sifarişə görə gedəcəyi ünvana tələsən motokuryerlər də oldu.
Toğrul Nəsirli qaydaları izah etdikdən sonra motokuryerin gətirdiyi bəhanə isə maraqlı oldu: “Qaydaları bilirəm. Amma sürdüyüm nəqliyyat vasitəsi balaca olduğu üçün avtobusların arasından rahat keçə bilirəm”.
“Mercedes” markalı avtomobilin sürücüsündən sənədlərini soruşduqda isə maşından heç bir sənəd tapılmadı. Daha sonra həmin sürücü telefonla kiməsə zəng etməyə çalışdı.
Kameraya üzünün düşməməsini istəyən sürücü isə yeni yaranan zolaqdan xəbərsiz olduğunu bildirib və belə profilaktik tədbirlərin başqa ərazilərdə də keçirilməsinin müsbət nəticələr verəcəyini qeyd edib.
Reydin sonunda açıqlama verən Toğrul Nəsirli bildirib ki, ümumi istifadədə olan nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təmini üçün Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən vaxtaşırı reydlər təşkil ediləcək: “Təəssüflə qeyd etməliyəm ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, digər nəqliyyat vasitələri avtobuslar üçün nəzərdə tutulan zolağa daxil olaraq onların hərəkətinə maneə yaradırlar və süni sıxlığın yaranmasına səbəb olurlar. Bu istiqamətdə paytaxtın müxtəlif yerləridə, hansı ki, avtobusların hərəkəti üçün nəzərdə tutulan zolaqlarda da nəzarət tədbirləri əməkdaşlarımız tərəfindən həyata keçirilir”.
Baş inspektor onu da vurğulayıb ki, İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən, avtobuslar üçün ayrılmış zolaqda digər nəqliyyat vasitələrinin hərəkəti 2 bal və 100 manat cərimə ilə nəticələnir.
Səfər Əlizadə