Yol polisi avtobuslara qarşı reydə başladı – Ciddi qanun pozuntuları var - FOTO-VİDEO
DİN Baş Dövlət Yol Polisi İdarəsi, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və Yasamal rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları paytaxt və şəhərətrafı ərazilərdə qanunsuz sərnişin daşımalarına qarşı reydlərə başlayıb. Reydl bu gün səhər saatlarında "20 yanvar" metrostansiyasının qarşısında baş tutub və ətraf ərazilərdə davam etdirilib. Yol polisi əməkdaşları Sumqayıtdan Bakıya qanunsuz sərnişin daşıyan onlarla marşut avtobuslarını saxlayıb. Yoxlama zamanı məlum olub ki, həmin marşrut avtobusların əksəriyyəti standartlara uyğun olmadığı halda sərnişin daşıyır, sərnişinlərin həyatına təhlükə yaradır. Qanunsuz sərnişin daşıyan avtobuslarda əsasən əlavə oturacaqların quraşdırılması, artıq sərnişin götürülməsi, nəqliyyat vasitəsinin istismara yararsız vəziyyətdə olması, avtobuslara yararsız şinlərin vurulması və digər bu kimi faktlar aşkarlanıb. Həmin nəqliyyat vasitələri xətdən kənarlaşdırəlaraq cərimə meydançasına aparılıb.
Reyd zamanı yol polisinə sənəd təqdim etməyən, sənədləri qaydasında olmayan sürücülərə də rast gəlindi. Məlum oldu ki, mikroavtobus sürücüləri bəzi hallarda yük üçün nəzərdə tutulan “Ford”lara əlavə avadanlıqlar quraşdırmaqla sərnişin daşıyırlar. Təkərlərin protektorları yox səviyyəsində olan, ayrı-ayrı naxışlı təkərlər quraşdırılmış mikroavtobus sürücüləri isə “imkanım yoxdur” bəhansilə inzibati məsuliyyətdən yayınmağa çalışdılar. Araşdırma zamanı məlum oldu ki, həmin mikroavtobus sürücülərinin əksəriyyətinin cərimə balları 15-18 arasındadır. Bütün cərimələr də sərnişindaşıma qaydalarını pozmağa görə tətbiq edilib.
Təxminən iki saat ərzində 20-dən artıq mikroavtobus cərimə meydançasına aparıldığı üçün bəzi sürücülər “20 Yanvar” dairəsinə girməkdən yayınıb. Onların əksəriyyəti “Ford” markalı mikroavtobusu kənar yerlərdə saxlayaraq reyd keçirilən əraziyə gəliblər və DYP-nin keçirdiyi reydə etiraz ediblər. Sürücülər bildiriblər ki, həmin “Ford”ların bir çoxu texniki baxışdan keçib. Bəziləri isə pul ödəyərək keçmiş Nəqliyyat Nazirliyindən lisenziya və fərqlənmə nişanı alsalar da, sərnişin daşıya bilmirlər. Onlar etiraf ediblər ki, avtomobilləri dəfələrlə cərimə meydançasına salınıb. Lakin yenə də sərnişindaşıma ilə məşğul olurlar. Sürücülər onların aralarında yer sayından daha çox sərnişin daşıyan, texniki cəhətdən nasaz mikroavtobus sürənlərin olduğunu etiraf etsə də, belələrinə görə əziyyət çəkmək istəmədiklərini deyiblər.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev bildirib ki, bu sürücülər sərnişindaşıma fəaliyyəti ilə məşğul olmaq üçün texniki cəhətdən saz vəziyyətdə olan nəqliyyat vasitələrindən istifadə etməlidirlər. Ən əsası isə onlar 20 Yanvar dairəsinə yox, “Avtovağzal” metrosunun yanından sərnişinləri mindirib-düşürməlidirlər. DYP rəsmisinin bu təklifi ilə razılaşan sürücülər isə bildiriblər ki, Dövlət Avtomobil Nəqliyyat Xidmətinin əməkdaşları onlara “Avtovağzal”a daxil olmağa imkan vermir.
Kamran Əliyev bəzi sürücülərin sənədlərinin qaydasında olması hallarının araşdırılacağını deyərək belə şəxsləri DYP-yə dəvət edib və məsələnin müsbət həll ediləcəyini söyləyib. O qeyd edib ki, sərnişindaşıma fəaliyyətinə DYP tərəfindən nəzarət gücləndirilib və bu sahədə çatışmazlıqlar olduğu üzə çıxıb. Əsas problemlər mikroavtobuslarla bağlıdır ki, burada standartların pozulması, əlavə avadanlıqların quraşdırılması, texniki cəhətdən nasaz maşınlarla sərnişin daşınması halları daha çox narahatlıq doğururur.
Kamran Əliyev bildirib ki, DYP rəhbərliyi bu kimi problemlərin qısa zamanda həlli üçün müvafiq addımlar atır: "Son vaxtlar sərnişindaşıma sahəsində yol-nəqliyyat hadisələrinin sayı artdığından mikroavtobuslarla bağlı müvafiq tədbirlərin həyata keçirilməsinə dair qərar verilib. Tədbirlər xüsusilə Bakı-Sumqayıt marşrutu üzrə qanunsuz fəaliyyət göstərən texniki cəhətdən nasaz nəqliyyat vasitələri ilə sərnişin daşımalarına qarşı keçirilir. Şəhərlərarası yollarda sərnişin daşımaları yalnız avtovağzaldan avtovağzala olmalıdır. Amma buna əməl edilmir. Üstəlik, marşrutlara əlavə oturacaqlar qoyulur, avtomobillərin əksəriyyəti texniki cəhətdən nasazdır. Elə avtomobillər var ki, şinlərinin protektorları yoxdur. Halbuki, avtobuslarda bu, 2 mm-dən az olmamalıdır. Nasaz maşınla sərnişin daşınmasına yol verilməyəcək. Sərnişindaşıma ilə məşğul olmaq istəyən şəxs və ya şirkətlər nəqliyyat vasitələrinin texniki parametrlərini sərnişindaşıma sisteminə uyğun təşkil etməlidir. Səhər tezdən avtomobillərin texniki vəziyyətinə nəzarət olunmalıdır, sürücülər tibbi müayinədən keçməlidir”.
Kamran Əliyev fərqlənmə nişanının yalnız texniki cəhətdən saz vəziyyətdə olan, konstruksiyasında heç bir dəyişiklik edilməyən, avtovağzaldan avtovağzala işləyən avtomobillərə verildiyini deyib.
Qeyd edək ki, reyd gün ərzində davam edir.
Elməddin Muradlı