Banner

Yol polisi avtomobilinizi hansı hallarda dayandıra bilər? - 10 səbəb var

Yol polisi 12 Mart 2015 17:06 Oxunub 13839
Yol polisi avtomobilinizi hansı hallarda dayandıra bilər? - 10 səbəb var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«Yol-patrul xidməti haqqında» Təlimatda avtomobilin dayandırıla biləcəyi 10 hal əksini tapır

Oxucular tez-tez soruşurlar ki, Dövlət Yol Polisinin (DYP) əməkdaşları hərəkətdə olan nəqliyyat vasitəsini hansı hallarda dayandıra bilərlər? Avtosfer.az bu məsələyə aydınlıq gətirir. Bildirək ki, bu sualın cavabı Daxili İşlər Nazirliyinin təsdiq etdiyi “Yol-patrul xidməti haqqında” Təlimatda əksini tapıb. Təlimatın 7.4-cü bəndində deyilir ki, nəqliyyat vasitələrinin dayandırılması üçün əsaslar aşağıdakılardır:

1) nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının və ya yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulduğu vizual şəkildə (yəni dayanma barədə göstəriş verən DYP əməkdaşı tərəfindən şəxsən) aşkar edildikdə, habelə nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən inzibati xətanın törədilməsi barədə radio-cihaz vasitəsilə digər DYP əməkdaşından məlumat daxil olduqda;

2) nəqliyyat vasitəsini idarə edən şəxs və ya onunla birlikdə olan sərnişin tərəfindən cinayətin törədilməsi və ya cinayətin törədilməsində şübhələnilməsi haqqında dəqiq məlumat olduqda;

3) analoji nəqliyyat vasitəsinin (rənginə, markasına və xüsusi əlamətlərinə görə) axtarışda olması;

4) nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya Daxili İşlər Nazirliyinin (DİN-in, o cümlədən DYP-nin müvafiq vəzifəli şəxsinin) qərarı olduqda;

5) sürücü və ya nəqliyyat vasitəsinin digər yol hərəkəti iştirakçıları və ya polis əməkdaşlarına yardım göstərilməsi üçün cəlb edilməsi zərurəti (belə zərurət fövqəladə hadisələr, qəzalar baş verdikdə və başqa bu kimi hallarda yarana bilər);

6) hərəkətin xarakteri sürücünün nəqliyyat vasitəsini idarə etmək qabiliyyətində olmasına şübhə doğurduqda (nəqliyyat vasitəsinin əsaslandırılmamış aşağı sürətlə idarə edilməsi, hərəkət zolağında düzgün yerləşdirilməməsi, o cümlədən, yolun çiyninə qismən çıxmaq, əsassız tormozlama və ya sürətləndirmə və digər hallar) və bu hal digər hərəkət iştirakçılarına təhlükə yaratmasını ehtimal etməyə əsas verdikdə;

7) nəqliyyat vasitəsinin texniki vəziyyətinin normalara uyğunsuzluğu müəyyən edildikdə, banının hissələrinin zədələri olduqda və daşınan yük dağıldıqda və ya hərəkət üçün təhlükə yaratdıqda;

8) nəqliyyat vasitəsinin alın şüşəsində müvafiq texniki baxış talonu olmadıqda;

9) xüsusi tədbirlər keçirildikdə (yaxalama, reyd və digər);

10) nəqliyyat vasitəsi və ya onun sahibi barədə mərkəzi informasiya sistemində olan məlumatların uyğunsuzluğu aşkar edildikdə.

Sadalananlardan başqa, «Yol hərəkəti haqqında» Qanunun 37-ci maddəsinin I hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş sənədlərin (yəni sürücülük vəsiqəsinin, avtomobilin qeydiyyat şəhadətnaməsinin, sığorta şəhadətnaməsinin, yük maşınlarındakı yükün sənədlərinin və s.) yoxlanılması məqsədilə yalnız Yol-patrul xidmətinin (YPX) stasionar postlarında nəqliyyat vasitələrini dayandırmaq olar.

Daha bir incəlik ondan ibarətdir ki, İnzibati xətalar Məcəlləsində sadalanan xeyli sayda qayda pozuntuları (məsələn, sürət rejimini pozma və s.) foto və ya video qeydiyyat funksiyasına malik xüsusi texniki vasitələrlə aşkar edildikdə DYP əməkdaşı həmin nəqliyyat vasitəsini belə qayda pozuntusunu sənədləşdirmək üçün dayandırmamalıdır.

Təlimatda göstərilir ki, piyada xidmət aparan YPX inspektoru nəqliyyat vasitəsinin dayandırılması barədə tələbi fit və jezllə işarə verməklə edir. Patrul avtomobilində, motosikletində hərəkətə nəzarət zamanı nəqliyyat vasitəsinin dayandırılması tələbi xüsusi işıq və səs siqnallarından, səsgücləndiricidən istifadə etməklə yerinə yetirilir. Bu tələb nəqliyyat vasitəsini idarə edən şəxsin aydın görə və ya eşidə biləcəyi şəkildə edilməlidir.

 

 

Ərşad Hüseynov,

hüquqşünas

ŞƏRH YAZ
Ad

E-mail

Şərh