Yol polisi dayanacağı zəbt edən taksi sürücülərinə qarşı tədbirlər görür - VİDEO
Günün normal saatı, amma tıxac var. Səbəb isə avtobusların yolun hərəkət hissəsində dayanmasıdır. Bəs buna səbəb nədir? Niyə avtobus sürücüləri dayanacaqda saxlamır? Çünki dayanacaqlar taksi sürücüləri tərəfindən sözün əsl mənasında zəbt edilib.
Belə hallara qarşı Avtosfer.az saytı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ilə birlikdə paytaxtın Yasamal rayonu, Şərifzadə küçəsində maarifləndirici tədbir keçirib. Əsas məqsəd isə taksi sürücüləri ilə maaifləndirici söhbətlər aparmaq, onları qaydalardan xəbərdar etmək olub.
Müşahidə apardığımız zaman qarşılaşdığımız mənzərə heç də ürəkaçan deyildi. Çünki əksər sürücülər avtobus dayanacağına nəinki 15 metr məsafə qaydasını gözləyirdi, əksinə elə lap dayanacağın qarşısında saxlayıb müştəri axtarırdılar. Təbii ki, avtobuslar da məcbur olub ikinci cərgədə saxlayır, sərnişinlər yolun hərəkət hissəsinə çıxmağa məcbur olur, həmçinin, ərazidə tıxac yaranırdı.
Yol polisi xəbərdarlıq etdikdən sonra taksi sürücüləri ərazidən uzaqlaşır, lakin bir qədər irəlidə saxlayaraq polisin getməsini gözləyirdilər.
Bəzi avtomobil sahibləri isə dayanacaq ərazisini park yerinə çevirmişdilər. Hətta bir sürücü dayanacağın qarşısında, özü də ikinci sırada avtomobili köndələn saxlayaraq çıxıb getmişdi. Yol polisi əməkdaşları bu sürücülər barədə inzibati qaydada elektron protokollar tərtib etdi.
Söhbət zamanı taksi sürücüləri bildirdilər ki, onlar üçün ayrıca yer ayrılsa belə hallar baş verməz. Amma məsələ burasındadır ki, “İnşaatçılar” metrosunun üstündə yan-yana iki avtobus dayanacağı quraşdırılıb. Onlardan yalnız birində avtobuslar dayanır. Elə bu da vəziyyəti qəlizləşdirir.
Bakı şəhər Dövlət Yol Polisi idarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a açıqlamasında bildirdi ki, bu cür tədbirlər mütamadi olaraq davam etdirilir. "Təbii ki, əsas məqsəd heç də cərimə yazmaq deyil. Özünüz də müşahidə etdiniz ki, yol polisi əməkdaşları sürücüləri qanuna tabe olmağa dəvət edir. Amma bəzi hallarda inzibati cərimə tədbirləri də effektiv nəticələr verir. Çalışırıq ki, cərimədən çox bu istiqamətdə maarifləndirmə işləri aparaq”.
Polis polkovniki taksi sürücülərinə müraciət edərək bildirdi ki, bu cür qayda pozuntusu inzibati məsuliyyət yaradır. “Avtobus dayanacağında park etməyə görə cərimə məbləği 40 manatdır. Bir taksi sürücüsünün gündəlik qazancı ən yaxşı halda 40 manat ola bilər. Onu da qayda pozmaqla cərimə ödəsə bəs evə nə aparacaq? Odur ki, sürücüləri qanunlara riayət etməyə dəvət edirik. Bu, həm də digər vətəndaşların təhlükəsizliyi üçün əhəmiyyətlidir. Çünki dayanacağın tutulması sərnişinlərin məcburən yolun hərəkət hissəsinə çıxmasına səbəb olur. Bu isə həyati təhlükə yaradır.”
Qeyd edək ki, paytaxt ərazisində bu cür reydlər davamlı olaraq keçiriləcək.
Orxan Əli
DYP-dən qayda pozan avtobus sürücülərinə XƏBƏRDARLIQ
DYP-dən hava limanı yolu ilə bağlı sürücülərə MÜRACİƏT
Həftəsonu rayonlara getmək istəyənlərin NƏZƏRİNƏ! - VİDEO
Vilayət Eyvazov sıra baxışında 175 nəfəri seçdi; 14-ü Vətən müharibəsi iştirakçısıdır - FOTO - VİDEO
General-mayor Ramiz Zeynalovun yubileyidir - 75 yaşı tamam oldu
Polis valideynlərə çağırış etdi - VİDEO
Bu cür qayda pozuntuları ölümə aparır - DYP-dən bu sürücülərə XƏBƏRDARLIQ
Maşını texniki baxışdan keçirmək istəyənlərin nəzərinə - Şad xəbər - VİDEO
Yol polisi orta məktəblərdə uşaqların suallarını cavablandırdı - FOTOLAR
DYP maşını yol kənarlarına atıb gedən yük avtomobili sürücülərinə çağırış etdi - VİDEO
Yol polisi Sabunçuda uşaqlarla maraqlı görüş keçirdi - Patrul maşını ətrafında müzakirə - FOTOLAR








