Yol polisi ilə dava edib türk dilində danışan qadın azərbaycanlı çıxdı - VİDEO
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi Bakıda qadınla yol polisi əməkdaşları arasında yaranmış mübahisəyə aydınlıq gətirib. İdarənin bölmə rəisi, polkovnik Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, iyulun 17-də Yasamal rayonu Abdulla Şaiq küçəsi ilə Balababa Məcidov küçəsinin kəsişməsində "Hyundai iX35" markalı avtomobilin sürücüsü düzünə hərəkət olan yerdə sağa döndüyü üçün DYP əməkdaşları tərəfindən saxlanılıb. İnspektor sürücüdən sənədləri tələb edərkən onun yanında olan sərnişin, 1993-cü il təvəllüdlü Gülarə Məmmədova polisə qarşı nalayiq ifadələr işlədərək hay-küy salmağa başlayıb. Videoda görünən və türkcə danışan xanım elə həmin Gülarə Məmmədovadır. Sükan arxasında isə Türkiyə vətəndaşı Nisan Dilək Özbəy olub. Onlar avtomobili kirayə götürüblər. Yaranmış vəziyyətdən sonar hər iki xanım polis bölməsinə aparılır. Araşdırma zamanı məlum olub ki, avtomobili idarə edən Nisan Dilək sağa dönməyə icazə olmadığını desə də, rəfiqəsi Gülarə Məmmədova ona "dön" deyib. Bu səbəbdən də sürücü qayda pozub. Polis onları saxladıqda sürücüdən əvvəl sərnişin Gülarə Məmmədova maşından düşərək müqavimət göstərib: "Ətrafa yığılanlar da elə bilib ki, polis xanım sürücüyə zor tətbiq edir. Əslində isə yol polisləri təmkinli davranaraq naryad çağırıblar və hər iki xanım bölməyə gətirilib. Burada onlar hər şeyi səmimi şəkildə etiraf ediblər və peşman olduqlarını deyiblər".
Bununla yanaşı, Vaqif Əsədov bildirdi ki, bölmədə sürücü Nisan Dilək barəsində inzibati protokol tərtib edilərək nişanın tələbini pozduğu üçün 40 manat cərimələnib. Yol polislərinə qarşı nalayiq hərəkətlər edən Gülarə Məmmədova barəsində isə İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati protokol tərtib edilib. Həmin maddədə deyilir ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə 50 manatdan 100 manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, 15 günədək müddətə inzibati həbs tətbiq olunur. Lakin xətanə törədənin səmimi peşmançılığı və qadın olması nəzərə alınaraq ona həbs cəzası verilməyib və 100 manat cərimə olunub.
Qeyd edək ki, bu gün yayılan xəbərdə videodakı qadının sürücü olduğu və sərxoş halda sükan arxasına keçdiyi üçün polis tərəfindən saxlanıldığı bildirilirdi. Qeyd olunurdu ki, yol polisləri xanım sürücünü müayiniyə gedib müəyyən prosedurlardan keçməyə dəvət edib, avtomobili isə müvəqqəti dayanacağa aparmaq istəyiblər. Lakin sürücü yol polisləri ilə razılaşmayıb, hətta polisi rüşvət götürməkdə ittiham edib. O, ətrafda olanlara bildirib ki, bir müddət öncə oxşar hadisəyə görə 1000 manat DYP əməkdaşlarına rüşvət verərək cəzadan yayına bilib. Daha sonra o, bu dəfə də bağışlamasını istəyib.
Xanım qeyd edib ki, yol polisi onu saxladığı zaman hücum edib, qolu yaralanıb, buna görə də onlarla heç yerə getməyəcək: "Mən heç yerə getməyəcəm, mənim meyitimi götürərsiniz".
Hadisə zamanı xanım hətta intihara cəhd edib, özünü ərazidə hərəkət edən avtomobilin altına atmaq istəyib.
Hadisə yerinə çoxlu sayda DYP və PPX əməkdaşları cəlb olunub. Məsələni araşdırması üçün xanımı Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsi aparıblar.
Elməddin